Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Əmək kitabçası ləğv edilir...

Əmək kitabçası ləğv edilir...

18.01.2023 [11:16]

Hansı hallarda lazım olacaq?

Nicat Dilqəmli

Müasir texnoloji avadanlıqlardan istifadənin genişlənməsi bütün sahələrdə innovativ üsulların tətbiqini qaçılmaz edir. İstər özəl, istərsə də dövlət müəssisələrində demək olar ki, bütün əməliyyatlar artıq elektron formada həyata keçirilir. Beləliklə də hər iki tərəf-işəgötürən və işçi - vaxtına qənaət etmiş olur, üstəlik əlavə xərclərdən də azad olur. Şübhəsiz ki, elektronlaşdırılmış sistem, həm də şəffaflığın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu günlərdə Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli də əmək kitabçalarının ləğv edilməsi barədə danışıb. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vacib hüquqi islahatlar hazırlamaqdadır: “Yaxın gələcəkdə bu paketin hökumətə təqdim olunacağı gözlənilir, onun qəbulundan sonra isə biz nəinki fiziki əmək kitabçalarını dövriyyədən çıxaracağıq, həm də bütün sənəd dövriyyəsi rəqəmsal mühitdə aparılacaq”.

M.Abbasbəyli ilk əmək kitabçalarını 2014-cü ildən sonra alan vətəndaşların gələcəkdə işəgötürənə təcrübəsini təsdiqləyən kağız daşıyıcı təqdim etməli olmayacaqlarını da vurğulayıb.

“İlk əmək kitabçalarını 2014-cü ilədək almış vətəndaşlar onu saxlamalıdır, belə ki, bu, onlara əmək münasibətlərinin tənzimlənməsi prosesində və pensiya yaşına çatdıqda lazım ola bilər”.

Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov artıq əmək kitabçalarının bütün funksiyalarını itirdiyini qeyd edib. S.Məmmədov 2006-cı ildən başlayaraq hər bir işləyən şəxsin elektron informasiya sistemində hesabının olduğunu və əmək pensiyasının da orada yığılan məbləğə uyğun olaraq hesablandığını xatırladıb: “Əmək kitabçası Sovet dönəmində olan bütün funksiyalarını itirib. Onun yeganə rolu əmək stajını göstərməkdir, yəni CV rolunu oynayır. Hazırda pensiyalar sığorta stajına əsasən hesablanır. Bu baxımdan əmək kitabçaları ənənəvi mahiyyətini itirib. 2006-cı ildən başlayaraq hər kəs üçün fərdi sosial sığorta hesabları mövcuddur və bir daha demək istəyirəm ki, əmək pensiyasının bütün növləri, müavinətlər və digərləri təyin olunarkən hər bir şəxsin həmin hesabda toplanan vəsaitə uyğun hesablanır”.

2006-cı ilə qədər olan müddət ərzində pensiyaya çıxan şəxslərdə yaranan suallara cavab olaraq S.Məmmədov bildirib ki, belə olan halda isə həmin şəxsi dəvət edib onun əmək kitabçasına baxıb araşdıra bilərlər. Onun sözlərinə görə, çoxsaylı saxta əmək kitabçalarının da hazırda dövriyyədə olması halları da nəzərə alınmalıdır. Liqa sədri bu kimi səbəblərdən də əmək kitabçalarının ləğvinin olduqca önəmli olduğunu diqqətə çatdırıb.

S.Məmmədov 2006-cı ilə qədər işləyən və hələ əmək pensiyasına çıxmayanlar üçün müxtəlif təkliflərin müzakirə olunduğu barədə də məlumat verib: “Onlardan biri də əmək kitabçalarının surətinin notarial qaydada təsdiq edilərək elektron informasiya sistemində yerləşdirilməsindən ibarətdir. Buna lüzum görmürəm. Hesab edirəm ki, 2006-cı ilə qədər əmək pensiyasına çıxacaq şəxslər dəvət oluna bilərlər, onların əmək kitabçası yoxlanıldıqdan sonra onun əsasında məsələ həllini tapa bilər. 2014-cü ildən isə hər kəsin elektron əmək kitabçası informasiya sistemində yerləşdirilib. Yəni bundan sonra işə qəbul olunanlar özləri də sistemə daxil olub öz əmək kitabçalarını çap edib zəruri tələb olunan yerə təqdim etmək asan olacaq. Tələb olunan yerlərin də sayı kifayət qədər məhduddur. Məsələn, bəzi iş yerləri var ki, orada əmək stajı tələb olunur. Yaxud da şəxsin əvvəlki işinə uyğun CV təqdim etdikdə ola bilər ki, bu, uyğunsuz olsun, ondan əmək kitabçası istənilsin. Bu zaman əmək kitabçasının elektron versiyasını çap edib, həmin yerə təqdim etmək olar”.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri hesab edir ki, bu ili keçməmək şərti ilə əmək kitabçaları dövriyyədən çıxarıla bilər və çıxarılması həm biznesə, həm dövlətə xeyli mənfəət verəcək: “Məsələn, hesablamalara görə, Rusiyada biznes əmək kitabçalarının dövriyyədə olmasından 50 milyard rubl itirirdi. Dövlət üçün isə bu məbləğ 12 milyard rubl həcmində idi. İndi onlar bunu elektronlaşdırıblar və proses çox sürətlə davam edir. Əmək kitabçaları ilə məşğul olan şöbələr var, onların saxlanılması üçün xüsusi yerlər ayrılır. Artıq əmək kitabçalarının ləğv edilməsi ilə biznes bu kimi əlavə xərclərdən azad olacaq. Həmin işçilər isə başqa yerə keçiriləcəklər”.

“Əmək kitabçası ciddi hesabat sənədi statusunu saxlayacaq. Necə ki, hər kəs hərbi biletini evində, üzərində saxlayır əmək kitabçasını da saxlaya bilər. O vaxta qədər ki, 2006-cı ilə qədər işləmiş olan nəsil üçün məsələlər bitmiş olsun. 2006-cı ildən sonra işləyənlərə heç bu sənəd lazım deyil, ümumiyyətlə əmək kitabçası saxlamaya bilərlər, lakin özləri istəsələr, saxlaya bilərlər ki, əgər tələb olunsa, təqdim etsinlər”, - deyə S.Məmmədov fikirlərinə yekun vurub.

Əlavə məlumat üçün onu da bildirək ki, bu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 746 min 309 vahid olub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib. Paylaşımda oxuyuruq: “Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 344 min 394 vahid artıb. O cümlədən qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 291 min 435 vahid artaraq 831 min 357 olub”.

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30