Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Nüfuzlu siyasi liderə ehtiyac duyulurdu

Nüfuzlu siyasi liderə ehtiyac duyulurdu

10.06.2026 [23:50]

 “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”

  Ümummilli  Lider Heydər Əliyev

  Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

  Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi yadda qalmış, dövlətçiliyimizin yenidən bərpa olunduğu, xalqımızın taleyinə sahib çıxdığı, milli həmrəyliyin və siyasi sabitliyin əsasının qoyulduğu gündür. Milli Qurtuluş Günü həm tarixi əhəmiyyət daşıyır, həm də gələcək nəsillər üçün milli şüurun və vətənpərvərliyin simvoluna çevrilmişdir.

  1988-ci ildən başlayan milli-azadlıq hərəkatı Azərbaycan xalqının sovet rejiminə qarşı azadlıq arzusunun nəticəsi olaraq formalaşmağa başlamışdı. Lakin müstəqilliyin bərpasından sonra ilk illərdə ölkədə yaranmış idarəetmə boşluğu, təcrübəsiz siyasi qüvvələrin hakimiyyətdə olması vəziyyəti daha da ağırlaşdırmış, iqtisadi tənəzzül, sosial gərginlik, ordu quruculuğundakı çatışmazlıqlar və vətəndaş qarşıdurmaları dövlətin varlığını təhlükə altına almışdı. Məhz belə bir çətin dönəmdə Azərbaycan ziyalıları, ictimai xadimlər və ölkənin ağrılı taleyinə biganə qalmayan vətənpərvər insanlar ölkəni xilas edə biləcək güclü liderin ətrafında birləşmək qərarına gəldilər.

  Azərbaycanın tanınmış ziyalıları 1992-ci ildə blokada şəraitində olan Naxçıvanda yaşayan, böyük siyasi təcrübəyə malik və dövlət idarəetməsində uğurlu fəaliyyəti ilə seçilən Heydər Əliyevə müraciət etdilər. Onun yenidən siyasi arenaya qayıtmasını xahiş edən 91 nəfərin imzası ilə Naxçıvana göndərilən məktubda, Heydər Əliyevin rəhbərliyi ilə yeni bir siyasi qüvvənin formalaşdırılması istənilirdi.
Həmin müraciəti qəbul edən Heydər Əliyevin Bakıya gəlməsinə o zamankı iqtidar imkan vermirdi. Buna baxmayaraq, siyasi təşəbbüs qrupu – 550 nəfərdən ibarət nümayəndə heyəti Naxçıvana gedərək 1992-ci il noyabrın 21-də yeni bir partiyanın – Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirdi və Heydər Əliyev yekdilliklə partiyanın rəhbəri seçildi.

  1993-cü ilin yayında Azərbaycan tam iflas həddinə çatmışdı. Hakimiyyətin idarəolunmaz durumu, Gəncədə baş verən qiyam, torpaqların işğalı və vətəndaş müharibəsi təhlükəsi ölkənin parçalanması riskini artırmışdı. Xalq isə yeganə çıxış yolunu Heydər Əliyevin yenidən siyasi rəhbərliyə gəlməsində görürdü.
1993-cü il iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Məhz bu tarixdən etibarən Azərbaycan yenidən öz dövlətçilik sütunları üzərində qurulmağa başlandı. Bu səbəbdən 15 iyun ölkənin siyasi, ictimai və tarixi həyatında dönüş nöqtəsi kimi qeyd olunur.

Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu, xaosa və qarşıdurmalara son qoyuldu. Dövlət institutları yenidən quruldu, silahlı qüvvələrin formalaşdırılmasına başlanıldı, milli maraqlara əsaslanan xarici siyasət prioritetə çevrildi. Qısa müddətdə ölkədə ictimai-siyasi mühitdə möhkəmlik, iqtisadi islahatlarda sistemlilik, dövlət idarəçiliyində peşəkarlıq bərqərar oldu.

 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.
Son 33 ildə qazandığımız uğurlar əminliklə söyləməyə əsas verir ki, biz dövlət müstəqilliyimizi bir daha əldən verməyəcək, müstəqilliyimiz əbədi olacaqdır.

  Milli Qurtuluş Günü yalnız bir siyasi hadisənin ildönümü deyil, həm də xalqın öz gələcəyinə sahib çıxmasının rəmzidir. Əgər 1993-cü ilin o çətin günlərində Heydər Əliyev xalqın çağırışına cavab verməsəydi, bu gün Azərbaycan adlı bir dövlətin varlığı sual altında olardı.

  Hazırda Prezident İlham Əliyev ümummilli liderin siyasi kursunu müasir çağırışlara uyğun şəkildə davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib. İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm Qələbə, işğaldan azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri və Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu bu siyasi kursun uğurlu nəticəsidir.

  Bütün bu nailiyyətlərin təməlində 15 İyun – Milli Qurtuluş Günündə verilən tarixi qərarlar və xalqın müdrik seçimi dayanır. Qədirbilən xalqımız bu günün əhəmiyyətini dərindən dərk edir və 15 iyun – Milli Qurtuluş Gününü bayram kimi qeyd edir.

Əhməd Panayev

Azərbaycan Rəssamlıq Akademiyası Mülki müdafiə qərargah rəisi, YAP Nərimanov rayon təşkilatının ƏPT sədri

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30