Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Birlik, həmrəylik, sülh!

Birlik, həmrəylik, sülh!

17.09.2026 [12:10]

Elşən Alıyev

​​​​​YAP Daşkəsən rayon təşkilatının sədr müavini

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın İslam həmrəyliyi, Türk dünyasının birliyi, dinlərarası dialoq və regional sülhlə bağlı mövqeyinin mühüm istiqamətlərini nümayiş etdirir.

Azərbaycanın zəngin tarixi-mədəni irsi İslam və Türk dünyası ilə əlaqələrin mühüm əsasını təşkil edir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin irsi yalnız milli mədəniyyətimizin deyil, bütövlükdə Şərq sivilizasiyasının dəyərli hissəsidir. Bu irsin müasir dövrdə təbliği Azərbaycanın beynəlxalq mədəni və mənəvi əlaqələrinin genişləndirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin çıxışında əsas mesajlardan biri İslam həmrəyliyinin əməli addımlarla gücləndirilməsi olub. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ICESCO çərçivəsində irəli sürdüyü təşəbbüslər, müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, o cümlədən Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bu istiqamətdə həyata keçirilən siyasətin nümunələridir. Bu tədbirlər müsəlman ölkələri arasında əlaqələrin genişləndirilməsi ilə yanaşı, xalqların qarşılıqlı tanınmasına, mədəni və humanitar əməkdaşlığın dərinləşməsinə də şərait yaradır. Gələn il Bakıda keçirilməsi nəzərdə tutulan İƏT Zirvə Görüşü isə müsəlman dövlətləri arasında siyasi dialoqun, qarşılıqlı əməkdaşlığın və həmrəylik ruhunun daha da gücləndirilməsi baxımından yeni imkanlar yaradır. Azərbaycanın belə platformalara ev sahibliyi etməsi ölkənin İslam dünyasında ortaq maraqların müzakirəsi və birgə təşəbbüslərin təşviqi üçün yaratdığı imkanların davamlı xarakter daşıdığını nümayiş etdirir.

Müasir dövrdə İslam dünyasının qarşılaşdığı əsas çağırışlardan biri fikir ayrılıqlarının siyasi qarşıdurmaya çevrilməsinin qarşısını almaqdır. Bu baxımdan dini liderlərin rolu xüsusilə əhəmiyyətlidir. Onların sülh, əməkdaşlıq, qarşılıqlı hörmət və əmin-amanlığa çağırışları cəmiyyətlər arasında anlaşmanın möhkəmlənməsinə mühüm təsir göstərə bilər. Azərbaycanın yanaşması İslam həmrəyliyini digər din və sivilizasiyalara qarşı qarşıdurma kimi deyil, dialoq və əməkdaşlıq platforması kimi təqdim edir.

Görüşün mühüm istiqamətlərindən biri də Qarabağ məsələsi olub. Dini liderlərin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri onlara həm işğalın nəticələrini, həm də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini yerində görmək imkanı verir. Xüsusilə məscidlərin bərpası Azərbaycanın milli-mənəvi irsə münasibətinin göstəricisidir. Ağdam məscidinin bərpasının ilk layihələrdən biri olması, azad edilmiş ərazilərdə dini və tarixi abidələrin yenidən qurulması bu siyasətin ardıcıl xarakter daşıdığını nümayiş etdirir.

Qarabağın dirçəldilməsi ilə paralel olaraq Böyük Qayıdış Proqramının həyata keçirilməsi regionda yeni həyatın qurulmasını təmin edir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması Azərbaycanın postmüharibə mərhələsində qarşıya qoyduğu əsas vəzifələrdəndir. Bununla yanaşı, Azərbaycan Ermənistanla münasibətlərdə sülh gündəliyini ön plana çıxarır. Tarixi yaddaş qorunmaqla yanaşı, gələcəyə baxış da sülh və sabitlik üzərində qurulmalıdır. Dövlət başçısının qeyd etdiyi kimi, Qarabağa səfəriniz, yenə də deyirəm, çox maraqlı olacaq: “Çünki siz dirçələn Qarabağı da görəcəksiniz. Bu gün Qarabağda və Şərqi Zəngəzurda artıq 48 şəhər və kənddə insanlar yaşayır. Yəni keçmiş köçkünlər qayıdıb, orada işləyənlər, təhsil alanlar məskunlaşıb. “Böyük Qayıdış” Proqramı uğurla icra edilir. Bax, dediyim bu şəhər və kəndlərdə artıq 90 mindən çox insan yaşayır”.

Azərbaycanın yanaşmasında mühüm məqamlardan biri Türk dünyasının və İslam aləminin birliyinin bir-birini tamamlayan proseslər kimi nəzərdən keçirilməsidir. Ölkənin əlverişli coğrafi mövqeyi və zəngin tarixi əlaqələri Azərbaycanı Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında əməkdaşlığın inkişaf etdiyi mühüm platformalardan birinə çevirir. Bu baxımdan, Azərbaycanın həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də İslam dünyasını birləşdirən müxtəlif beynəlxalq və regional təşəbbüslərdə fəal iştirakı qarşılıqlı anlaşmanın və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Bakıda müxtəlif ölkələrin dini liderlərinin, alimlərin və ictimai xadimlərin bir araya gəlməsi isə bu yanaşmanın praktik təzahürlərindən biridir. Belə görüşlər yalnız dini məsələlərin müzakirəsi ilə məhdudlaşmır, eyni zamanda xalqlar arasında qarşılıqlı hörmətin, mənəvi yaxınlığın və mədəni dialoqun gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Azərbaycan bu platformalarda ortaq dəyərlərin qorunması, dini tolerantlığın təşviqi, islamofobiya və ayrı-seçkiliyə qarşı birgə mübarizə, eləcə də tarixi-mədəni irsin gələcək nəsillərə çatdırılması istiqamətində əməkdaşlığın vacibliyini önə çəkir. Bu yanaşma Türk və İslam dünyası arasında mövcud tarixi-mənəvi bağların müasir dövrün çağırışları əsasında daha da möhkəmləndirilməsinə imkan yaradır.

Beləliklə, Prezident İlham Əliyevin görüşdə vurğuladığı fikirlər Azərbaycanın birlik, həmrəylik və sülh siyasətinin əsas konturlarını ortaya qoyur. Bu yanaşmanın mahiyyətində müxtəlif siyasi və dini mövqeləri qarşı-qarşıya qoymaq deyil, ortaq dəyərlər və maraqlar ətrafında əməkdaşlığı gücləndirmək dayanır. Qarşıdakı İƏT Zirvə Görüşü də bu baxımdan Azərbaycanın İslam dünyasında dialoq və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində təşəbbüslərini daha da genişləndirməsi üçün mühüm platforma ola bilər.

Paylaş:
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30