Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Birlik və həmrəyliyə çağırışın ünvanı – Azərbaycan

Birlik və həmrəyliyə çağırışın ünvanı – Azərbaycan

17.09.2026 [12:30]

Mələk Rzayeva

YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər Azərbaycanın milli-mənəvi dəyərlərə, dini həmrəyliyə və sivilizasiyalararası dialoqa verdiyi önəmin növbəti ifadəsi oldu. Bakıda eyni vaxtda Türk dünyasının dini liderlərinin toplantısının və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi də xüsusi məna daşıyır.

Dövlət başçısının vurğuladığı kimi, bu tədbirlər müxtəlif ölkələrin və xalqların nümayəndələrini vahid mənəvi dəyərlər ətrafında bir araya gətirməklə yanaşı, Türk dünyası, Qafqaz və İslam aləmi arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın bu prosesdə xüsusi rol oynaması təsadüfi deyil. Azərbaycan həm Türk dünyasının ayrılmaz hissəsi, həm də Qafqazın mühüm ölkəsi kimi tarixən müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olub.

Prezident İlham Əliyevin çıxışında dini liderlərin üzərinə düşən məsuliyyətə də xüsusi diqqət yetirildi. Dövlət başçısı bildirdi ki, müsəlman dini liderlərin hər bir sözü milyonlarla insan üçün mühüm əhəmiyyət daşıyır. Bu sözlərin sülhə, əməkdaşlığa, əmin-amanlığa və barışığa xidmət etməsi bütövlükdə cəmiyyətlərdə sabitliyin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verə bilər. Məhz bu baxımdan dini liderlərin bir araya gəlməsi yalnız dini xarakterli tədbir deyil, həm də bəşəri həmrəyliyə xidmət edən mühüm platformadır.

Görüşdə Seyid Yəhya Bakuvi irsinə göstərilən diqqət də xüsusi əhəmiyyət daşıyır. XV əsrdə yaşamış böyük Azərbaycan mütəfəkkirinin elmi-fəlsəfi irsi əsrlər keçməsinə baxmayaraq, bu gün də öz aktuallığını qoruyur. Onun irsində mötədillik, mənəvi kamillik, insanları birliyə və həmrəyliyə səsləyən dəyərlər mühüm yer tutur. Müasir dövrdə dünyada qarşıdurmaların və parçalanmaların artdığı bir şəraitdə belə mənəvi irsin öyrənilməsi və təbliği xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərə də toxunaraq ölkəmizin müxtəlif beynəlxalq və regional platformalarda birləşdirici mövqe nümayiş etdirdiyini diqqətə çatdırdı. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, dini və mədəni forumlar ölkəmizin dialoq və qarşılıqlı anlaşma məkanı kimi mövqeyini daha da möhkəmləndirir.

Bu baxımdan Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, Türk dünyasında, İslam dünyasında və dünyada böyük hörmətə malik olan şəxsiyyətdir”. Onun uzun illər ərzində dini-mənəvi dəyərlərin qorunması, dinlərarası və məzhəblərarası dialoqun təşviqi, müxtəlif xalqların dini liderlərinin bir araya gətirilməsi istiqamətində fəaliyyəti geniş rəğbətlə qarşılanır. Şeyxülislamın təşəbbüsü və himayəsi ilə keçirilən tədbirlər Azərbaycanı dini həmrəyliyin və qarşılıqlı anlaşmanın mühüm ünvanlarından birinə çevirən amillər sırasında yer alır.

Görüş zamanı səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycan dini və milli-mənəvi dəyərləri müasir dünyanın çağırışları ilə uzlaşdıraraq sülh, həmrəylik və əməkdaşlıq ideyalarının təşviqinə böyük önəm verir. Türk dünyasının, Qafqazın və İslam aləminin nümayəndələrinin Bakıda bir araya gəlməsi də bu baxışın əyani göstəricisidir.

Bu gün dünyada sülhə, qarşılıqlı hörmətə və həmrəyliyə böyük ehtiyac duyulduğu bir vaxtda Azərbaycanın irəli sürdüyü birlik çağırışları xüsusi məna kəsb edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, müştərək səylər nəticəsində dini və mədəni müxtəliflik qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı zənginlik mənbəyinə çevrilə bilər. Bakıda keçirilən bu mühüm görüşlər isə həmin məqsədə gedən yolda Azərbaycanın fəal və ardıcıl mövqeyini nümayiş etdirir.

Paylaş:
Baxılıb: 49 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30