Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəfərdən doğan yeni tarix: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə

Zəfərdən doğan yeni tarix: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə

17.09.2026 [19:30]

 

Azərbaycanın qədim və zəngin tarixində Qarabağ xüsusi yer tutur. Bu torpaq əsrlər boyu xalqımızın milli-mədəni irsinin mühüm beşiklərindən biri olub. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər isə Qarabağın taleyində yeni səhifə açdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bu torpaqlarda yeni həyatın, yeni quruculuq mərhələsinin əsası qoyuldu.

Bu baxımdan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü xüsusi məna daşıyır. Artıq ikinci ildir qeyd olunan bu əlamətdar gün Zəfər tariximizin, Qarabağın dirçəlişinin və azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlərin bir daha xatırlanmasına imkan yaradır.

Bu şəhərlərin hər biri Azərbaycanın tarixində özünəməxsus yerə malikdir. Onların azadlığı təkcə coğrafi ərazilərin dəyişməsi deyil, həm də milli yaddaşın, dövlətçilik ənənələrinin və tarixi ədalətin bərpası ilə bağlı mühüm hadisədir.

15 oktyabr 2023-cü il Azərbaycanın müasir tarixinin əlamətdar günlərindən biri kimi yadda qaldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlət başçısının Xankəndiyə səfəri çərçivəsində şəhərin Kərkicahan qəsəbəsinə də baxış keçirildi.

Xankəndidə üçrəngli bayrağımızın dalğalanması Azərbaycanın dövlət suverenliyinin şəhərdə bərpasının rəmzi oldu. Bu hadisə Qarabağda Zəfərdən sonrakı yeni mərhələnin mühüm simvollarından birinə çevrildi.

8 noyabr 2023-cü ildə Xankəndidə Vətən müharibəsində əldə edilmiş Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi də şəhərin yeni tarixində mühüm hadisə oldu. Xankəndi həmin gün Azərbaycanın Zəfər salnaməsinin mühüm ünvanlarından biri kimi bütün dünyanın diqqətində idi.

21 dekabr 2023-cü ildə şəhərdə “Qarabağ” – MOİK futbol oyununun keçirilməsi isə Xankəndinin ictimai və idman həyatında yeni səhifənin başlanğıcını göstərdi. Həmin gün 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüş keçirildi.

7 fevral 2024-cü ildə İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Xankəndidə səs verməsi şəhərin həyatında daha bir mühüm hadisə oldu. Beləliklə, Xankəndi dövlət bayrağının ucaldığı, dövlət tədbirlərinin və ictimai həyatın bərpa olunduğu bir şəhərə çevrildi.

Xocavənd rayonunun azad edilmiş ərazilərinə Prezident İlham Əliyevin səfərləri Zəfərdən sonra bölgənin inkişafına göstərilən diqqətin mühüm göstəricilərindəndir.

14 yanvar 2021-ci ildə Böyük Tağlar kəndi ilə tanışlıqdan başlayan səfərlər 15 mart 2021-ci ildə daha geniş miqyas aldı. Həmin gün Edilli və Düdükçü kəndlərinə, Hadrut qəsəbəsinə baxış keçirildi. Hadrut qəsəbəsində Dövlət Bayrağının ucaldılması, Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun təməlqoyma mərasiminin keçirilməsi azad edilmiş ərazilərdə quruculuq prosesinin başlanmasının mühüm göstəriciləri idi.

Xocavəndin tarixi-mədəni irsi də dövlət başçısının səfərlərində xüsusi diqqət mərkəzində olub. Hünərli kəndində qədim Alban məbədinə, Tuğ kəndində qədim Alban məbədinə və dağıdılmış məktəb binasına baxış keçirilib. Tuğ kəndinin mərkəzi ilə tanışlıqdan sonra Azıx kəndində yerləşən məşhur Azıx mağarasına baxış keçirilib.

Bu məkanlar Xocavəndin yalnız coğrafi ərazi deyil, həm də Azərbaycanın zəngin tarixi-mədəni irsinin mühüm hissəsi olduğunu göstərir.

14 iyun 2021-ci ildə Zəfər yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində inşa olunacaq 86 metr uzunluğunda tunelin təməlqoyma mərasiminin keçirilməsi də regionda nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu.

Xocalı Azərbaycan xalqının yaddaşında dərin iz buraxmış bir şəhərdir. Xocalının adı həm ağır faciənin, həm də xalqımızın yaddaşında yaşatdığı tarixi həqiqətin rəmzlərindən biridir.

20 iyul 2023-cü ildə Prezident İlham Əliyevin Xocalı rayonunun Çanaqçı və Sığnaq kəndlərinə səfəri azad edilmiş ərazilərdə yeni mərhələnin daha bir göstəricisi oldu.

15 oktyabr 2023-cü ildə Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması isə şəhərin yeni tarixində mühüm hadisəyə çevrildi. Həmin gün Əsgəran qəsəbəsində də Dövlət Bayrağı ucaldıldı və Əsgəran qalasına baxış keçirildi.

20–22 dekabr 2023-cü ildə Şuşakənd, Dağdağan, Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərinin ərazilərinə baxış keçirilməsi Xocalı rayonunun müxtəlif yaşayış məntəqələrinin gələcək inkişafına diqqətin göstəricisi idi.

26 fevral 2024-cü ildə Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasiminin keçirilməsi isə xüsusi tarixi məna daşıdı. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Xocalıda memorialın yaradılması tarixi yaddaşın qorunması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qarabağın mühüm bölgələrindən biri olan Ağdərə də Zəfərdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub.

15 oktyabr 2023-cü ildə Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması şəhərin yeni tarixinin mühüm hadisələrindən biri oldu. Azərbaycan bayrağının Ağdərədə dalğalanması burada dövlət suverenliyinin bərpasının rəmzi kimi tarixə düşdü.

Ağdərə rayonunun yaradılması isə azad edilmiş ərazilərin inzibati idarəçiliyinin təkmilləşdirilməsi və bölgənin sosial-iqtisadi inkişafının daha sistemli şəkildə həyata keçirilməsi baxımından mühüm addımlardan biridir. Yeni inzibati ərazi quruluşu Ağdərənin gələcək inkişafı, bərpası və əhalinin dayanıqlı məskunlaşması üçün yeni imkanlar yaradır.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin tarixində müxtəlif hadisələr, müxtəlif ağrılar və müxtəlif talelər olsa da, bu şəhərləri birləşdirən ümumi məqam Azərbaycanın Zəfərindən sonra onların qarşısında açılan yeni inkişaf yoludur.

Xankəndidə Dövlət Bayrağının ucaldılması və hərbi paradın keçirilməsi, Xocavənddə tarixi-mədəni irsin öyrənilməsi və nəqliyyat layihələrinin həyata keçirilməsi, Xocalıda dövlət bayrağının ucaldılması və Soyqırımı Memorialının təməlinin qoyulması, Ağdərədə isə dövlət rəmzimizin ucaldılması Qarabağda yeni tarixi mərhələnin müxtəlif səhifələridir.

Bu gün həmin şəhərlərdə həyata keçirilən proses yalnız keçmişin izlərini bərpa etməkdən ibarət deyil. Qarşıda duran əsas məqsədlərdən biri də bu ərazilərdə həyatın yenidən canlandırılması, insanların öz doğma yurdlarına qayıtması, müasir infrastrukturun yaradılması və Qarabağın dayanıqlı inkişafının təmin edilməsidir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü bu mənada sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün Azərbaycanın Zəfərdən sonra qarşısına qoyduğu quruculuq və inkişaf məqsədlərinin, milli yaddaşın və dövlətçilik iradəsinin ifadəsidir.

Bu şəhərlərdə dalğalanan Azərbaycan bayrağı keçmişdən gələcəyə uzanan bir yolun rəmzidir. O bayraq Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycanın dövlət suverenliyini, xalqımızın tarixi yaddaşını və Qarabağın gələcəyə doğru inkişafını təcəssüm etdirir.

Zəfərlə başlayan yeni tarix indi quruculuqla davam edir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə isə bu yeni tarixin mühüm səhifələrini yazır.

Sevinc Mustafayeva

YAP Culfa rayon təşkilatının fəalı

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30