Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəfərin, suverenliyin və milli qürurun rəmzi

Zəfərin, suverenliyin və milli qürurun rəmzi

17.09.2026 [16:59]

20 Sentyabr Azərbaycan xalqının yaddaşında dövlətçilik tariximizin ən mühüm və qürurverici səhifələrindən biri kimi xüsusi yer tutur. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib. Bu əlamətdar gün 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpa edilməsini təcəssüm etdirir.

Dövlət Suverenliyi Gününün tarixi mahiyyətini anlamaq üçün ilk növbədə 2020-ci ildə əldə edilmiş möhtəşəm Zəfərə nəzər salmaq lazımdır. Sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. Şanlı Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ başa çatdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpasını təmin etdi. Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi və dövlət idarəçiliyi bütün ərazilərimizdə bərqərar oldu.

20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi məhz bu tarixi Zəfərin məntiqi nəticəsidir. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağının ölkəmizin bütün ərazisində əzəmətlə dalğalanması xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və müstəqilliyimizin ən aydın ifadəsidir. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə Azərbaycan xalqının tarixi ədalət arzusu gerçəkləşib, dövlətimizin suveren hüquqları tam təmin olunub.

Dövlət Suverenliyi Gününün əhəmiyyətini daha da artıran mühüm hadisələrdən biri də Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsidir. Bu qərar təsadüfi xarakter daşımırdı. 2025-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümü qeyd olunurdu. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ilə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərimizdə təmin edilməsi bu tarixi hadisələrin mahiyyətini daha da zənginləşdirirdi.

“Konstitusiya və Suverenlik İli” Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələlərinin bir vəhdət təşkil etdiyini bir daha nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını qoydu. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası isə Konstitusiyanın müəyyən etdiyi dövlətçilik prinsiplərinin bütün ərazimizdə təmin olunmasına imkan yaratdı.

Bu gün Azərbaycan suveren dövlət kimi qarşısında duran strateji məqsədlərə inamla irəliləyir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, Böyük Qayıdış proqramının həyata keçirilməsi, şəhər və kəndlərin yenidən qurulması dövlət suverenliyinin real məzmununu nümayiş etdirir. Qarabağda və Şərqi Zəngəzurda yaradılan müasir infrastruktur, doğma torpaqlarına qayıdan insanların yeni həyata başlaması Zəfərimizin davamlı nəticələridir.

20 Sentyabr – Dövlət Suverenliyi Günü həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin və Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığına minnətdarlıq ifadəsidir. Bu gün dalğalanan üçrəngli bayrağımız onların fədakarlığının, xalqımızın birliyinin və dövlətimizin qüdrətinin rəmzidir. Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək böyük dövlətçilik irsidir.

20 Sentyabr bundan sonra da Azərbaycan xalqının yaddaşında Zəfərin, suverenliyin və milli qürurun rəmzi kimi yaşayacaq. Bu əlamətdar tarix bizə bir daha göstərir ki, müstəqilliyin və dövlət suverenliyinin qorunması xalqın milli iradəsi, güclü dövlət və qüdrətli ordu ilə mümkün olur. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş qalib dövlət kimi gələcəyə inamla addımlayır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 47 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30