Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mərmi yağışı altında şəfa verənlər

Mərmi yağışı altında şəfa verənlər

25.09.2026 [15:01]

Ağ xalatlı qəhrəmanların salnaməsi

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə Qələbə, birlik və fədakarlıq salnaməsi kimi həkk olundu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uzun illər işğal altında qalmış torpaqlarımızı azad etdi. Vətənimizin taleyinin həll olunduğu həmin günlərdə xalqımız bir yumruq kimi birləşdi. Hər kəs öz bacarığı və imkanları daxilində Qələbəyə töhfə verməyə çalışdı. Bu ümumxalq birliyinin ön sıralarında isə döyüş meydanında yaralı hərbçilərin həyatını xilas etmək üçün çalışan ağ xalatlı qəhrəmanlarımız da var idi.

Müharibənin ilk günlərindən yüzlərlə həkim, feldşer və digər tibb işçisi könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət etdi. Onlar doğmalarından, ailələrindən ayrılaraq əsgər və zabitlərimizin yanında olmağı, ən çətin anlarda onların həyatını qorumağı özlərinə mənəvi borc bildilər. Döyüş meydanında silahla deyil, tibbi çantaları, bilik və bacarıqları ilə insan həyatı uğrunda mübarizə apardılar. Mərmi yağışı altında yaralılara ilk tibbi yardım göstərdilər, onları atəş zonasından çıxararaq hospitallara çatdırdılar.

Cəbhə xəttində və hərbi tibb müəssisələrində gecə-gündüz davam edən bu mübarizənin hər anı insan həyatı üçün qiymətli idi. Həkimlərimiz bəzən saatlarla əməliyyat masasından ayrılmadan çalışır, bir yaralının həyatını xilas etdikdən sonra digərinin köməyinə tələsirdilər. Yorğunluğa, yuxusuzluğa və təhlükəyə baxmayaraq, onlar neçə-neçə əsgər və zabitimizin həyatını xilas etmək üçün bütün bilik və bacarıqlarını səfərbər etdilər. Bu fədakarlıq yolunda yaralananlar, xidməti vəzifələrini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalanlar da oldu.

Bu fədakarlığın unudulmaz simalarından biri hərbi feldşer, çavuş Arəstə Baxışovadır. Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində yaralı hərbçilərimizə yardım göstərən Arəstə Baxışova xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. O, Vətən müharibəsinin yeganə qadın şəhidi kimi xalqımızın yaddaşında əbədi yaşayır.

Hərbi tibb xidmətinin polkovnik-leytenantı Rasim Abdullayev, leytenant Turqut Xəlilbəyli, eləcə də Azər Şəmilov, Adil Əfəndiyev, Mirlətif Ağayev, Anar Məmmədov və digər şəhid tibb işçilərimiz də öz peşə borclarını yerinə yetirərkən həyatlarını Vətən yolunda fəda ediblər. Onların fədakarlığı Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə əbədi həkk olunub.

Dövlətimizin başçısı cənab İlham Əliyev müharibə dövründə yaralı hərbçilərə tibbi yardımın vaxtında göstərilməsini diqqətdə saxlayıb. Prezident 2021-ci ildə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə müharibə zamanı yaralı hərbçilərin döyüş meydanından təxliyəsi və onların tibb müəssisələrinə çatdırılması məsələsinə toxunub. Dövlət başçısının diqqətində olan bu istiqamətdə hərbi tibb xidmətinin əməkdaşları ağır və məsuliyyətli vəzifəni şərəflə yerinə yetiriblər.

Müharibə başa çatdıqdan sonra da yaralı hərbçilərin və qazilərin sağlamlıqlarının bərpası istiqamətində işlər davam etdirilib. Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə yaradılan vahid əlaqələndirmə mərkəzləri müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və digər aidiyyəti şəxslərə tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və digər xidmətlərin göstərilməsinin əlaqələndirilməsinə xidmət edir.

Qazilərimizin müasir protezlərlə təmin olunması, onların sağlamlıqlarının bərpası və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də dövlət qayğısının mühüm tərkib hissəsidir.

Bu gün işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanarkən, həmin torpaqlar uğrunda döyüşən hərbçilərimizlə yanaşı, onların həyatını xilas etmək üçün öz canlarını təhlükəyə atan tibb işçilərimizin fədakarlığı da dərin ehtiramla xatırlanır. Onların əlləri döyüşün ən ağır anlarında yaraları sarıdı, neçə-neçə əsgərimizi ölümün pəncəsindən alaraq ailələrinə qovuşdurdu. Ağ xalatlı qəhrəmanlarımızın insan həyatına və Vətənə sədaqətlə yazdıqları bu salnamə xalqımızın yaddaşında daim yaşayacaq.

Aytən Qurbanova

YAP Yasamal rayon “H.B. Zərdabi pr. 61” (19 saylı Şəhər Poliklinikası)

ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi

Paylaş:
Baxılıb: 53 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30