Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib

Azərbaycan ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib

20.07.2023 [15:07]

Ümummilli Liderin Azərbaycan dövlətçiliyini qoruması və əbədiliyini təmin etməsi müasir ordu quruculuğu əsasında mümkün olub

Ölkəmizdə ordu quruculuğu prosesi müstəqil Azərbaycan dövlətinin banisi olan Ulu Öndər Heydər Əliyevin müstəsna fəaliyyəti əsasında uğurla nəticələnib. Eyni zamanda, dahi şəxsiyyətin rəhbərliyi altında dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurlarının etibarlı təməli olub. Sözsüz ki, Ümummilli Liderin Azərbaycan dövlətçiliyini qoruması və əbədiliyini təmin etməsi müasir ordu quruculuğu əsasında mümkün olub. Müdrik şəxsiyyət Heydər Əliyev Azərbaycanın müasir qüdrətli ordusu üçün əsaslı işlər görüb, ordu quruculuğuna, ölkənin hərbi kadr potensialının gücləndirilməsinə xüsusi diqqət yetirib.

Bundan əvvəl, 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi gündən Ulu Öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsini önə çəkərək xalqına, dövlətinə sadiq hərbi kadrların yetişməsinə şərait yaradıb. Onun təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda xüsusiləşdirilmiş hərbi təmayüllü orta internat məktəb - Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Bu gün ordumuzun zabit heyətinin, demək olar ki, əsasını məhz həmin məktəbin məzunları təşkil edir.

Məlum olduğu kimi, güclü dövlətin qüdrətini müəyyən edən əsas amillərdən biri də onun müasir və peşəkar orduya sahib olmasıdır. Bu prinsipi əsas götürən Ulu Öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən, habelə 1994-cü ildə atəşkəs elan edildikdən sonra ordu quruculuğu sahəsində mühüm işlər görüb. Azərbaycan Ordusunun yenilməzliyinin bərqərar olması məhz Prezident İlham Əliyevin müstəsna xidmətləri əsasında mümkün olub.

Ölkə başçımız uzun illər Ermənistanın işğalına son qoymaq üçün münaqişənin beynəlxalq hüquq normalarına əsasən sülh yolu ilə, diplomatik danışıqlarla sonlanmasına səy göstərsə də, hər zaman məsələnin hərb yolu ilə həllini də istisna etmirdi. Çünki BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, ATƏT və digər beynəlxalq təşkilatların müvafiq qərarları kağız üzərində qalmışdı. Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində torpaqlarımızın bir qismini geri alaraq düşmənə öz gücünü nümayiş etdirdi. Buna baxmayaraq, Ermənistan tərəfi illər boyu beynəlxalq hüququn əsas prinsiplərini pozmuş və qəbul edilən qətnamələrin tələblərinə məhəl qoymadan, çirkin əməllərindən əl çəkməyərək ərazilərimizi daim atəşə məruz qoydu.

Bununla kifayətlənməyən mənfur düşmən 2020-ci ilin iyulundan başlayaraq dövlət sərhədi və təmas xətti boyu təxribatlar törədərək, mülki əhalinin ölümünə səbəb oldu. Azərbaycan xalqı düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsi üçün döyüşə hazır olduğunu bildirərək vahid bir yumruq kimi birləşdi. Bu, əsl xalq-iqtidar birliyinin nümayişi idi. Məlumdur ki, işğalçı tərəf 2020-ci il sentyabrın 27-də “yeni ərazilər uğrunda yeni müharibələr” şüarı altında hücuma keçdi. Azərbaycan dövlətinin səbr kasası artıq çoxdan daşmışdı, Ordumuz Ali Baş Komandanın əmri ilə düşmən üzərinə hücuma keçməyi gözləyirdi. Gözlənilən o an gədi və Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycanın qüdrətli ordusu əks-hücum əməliyyatı keçirərək sürətlə irəliləyərək işğal altında olan ərazilərimizi düşmən əsarətindən azad etdi. 44 gün davam edən Vətən müharibəsində şanlı ordumuz Qələbə qazandı, Ermənistanı 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa və işğal altında qalmış digər ərazilərimizdən qoşunlarını çıxarmağa məcbur etdi.

Qeyd etməliyik ki, Azərbaycan Ordusu 44 günlük müharibədən sonra gücünü daha da artırmışdır. Atılan addımlardan biri də, yeni Komando hərbi hissələrinin yaradılmasıdır. İlkin mərhələdə Komando hərbi hissələrinin baza və ixtisas kursları Türkiyədə aparılırdısa, indi Azərbaycanda həyata keçirilir. Hər bir hərbi hissənin də özünə aid olan maddi-texniki bazası bütün tədris prosesini müvafiq poliqonlarında icra etməyə şərait yaradır. Komando hərbi hissələrinin sayının daha da artırılması üçün tədbirlər görülür, yeni hərbi hissələr inşa edilir. Bütün bu işlər Azərbaycan Ordusunun döyüş imkanlarını daha da artırmaq məqsədilə həyata keçirilir. İyunun 23-də Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin biri artıq fəaliyyətə başlayıb. Döyüş Bayrağını təqdimetmə mərasimində Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərdiyini vurğulayaraq deyib: “Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir”.

Bu gün qürurla deyə bilərik ki, Azərbaycan ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.  Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Heç kimə sirr deyil ki, artıq dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn işləməməsi, hüquq dairələrinin ikili standartlar sərgiləməsi və ədalətin bərpası prosesindəki ləngimələr və ya ümumiyyətlə nəticəsiz qalan məsələlər bunu deməyə əsas verir. Məhz yeni dünya nizamında əsas şərtlər, güclü ordunun, diplomatiyanın və iqtisadiyyatın olmasıdır. Azərbaycan bu gün sadalanan bütün komponentləri özündə cəmləyən yeganə ölkələrdəndir. Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan öz qüdrəti ilə tam müstəqil daxili və xarici siyasət aparır, bu xüsusda olduqca önəmli nailiyyətlər əldə edir.

Zamir HÜSEYNOV,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31