Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Yeni texnologiyalar / Artan qiymət - yerində addımlayan keyfiyyət

Artan qiymət - yerində addımlayan keyfiyyət

12.08.2022 [10:18]

İnternet seçimində yeni məhdudiyyətlər...

Nicat DİLQƏMLİ

İnternetsiz həyatı təsəvvür etmək onsuz yaşamaqdan daha çətindir. Əgər bir neçə il bundan öncə fəaliyyətini internet sistemi olmadan təşkil edən qurumlar, müəssisələr (dövlət və ya özəl) var idisə, hazırda bu göstərici barmaqla sayıla biləcək qədər azalıb. Səhiyyə, təhsil, bankçılıq - ümumilikdə bütün xidmət sahələri əhaliyə göstərilən xidmətlərin səviyyəsini daha da yaxşılaşdırmaq üçün demək olar ki, hər gün İKT imkanlarını maksimum dərəcədə genişləndirmək məqsədilə təkmilləşdirmə işləri aparır, müasir texnoloji avadanlıqlardan, alətlərdən istifadə edirlər. Ən son texnoloji cihazların istifadəsi üçün isə həmin qurğuların sürətli, fasiləsiz internetlə təmin edilməsi mütləqdir, zəruridir. Təbii ki, bu, həm də həmin xidmətlərdən yararlanacaq vətəndaşlara aiddir. Xüsusilə sərt karantin rejiminin tətbiq edildiyi dövrdə hər birimiz fasiləsiz, sürətli internetin vacibliyini daha yaxşı anladıq.

Müxtəlif vaxtlarda əhali arasında keçirilən sorğuların nəticələri də göstərir ki, internet istifadəçilərinin böyük əksəriyyəti provayderlərin təqdim etdikləri internetin sürətindən, keyfiyyətindən narazıdırlar. Problemlərin aradan qaldırılması üçün əlaqədar qurumlar tərəfindən bir sıra addımlar atılsa da, əfsuslar olsun ki, bu sahədə hələlik heç bir tərəqqiyə nail olunmayıb. Təəssüfedici digər bir məqam isə ondan ibarətdir ki, müvafiq şirkətlər bir çox hallarda keyfiyyətdən daha çox qiymətin artırılmasında maraqlı görünürlər. Bu isə internet istifadəçiləri tərəfindən birmənalı qarşılanmır. Belə xəbərlərdən biri də iki gün öncə “Baktelecom”un internet tariflərindəki qiymət dəyişikliyi ilə bağlı yaydığı məlumat oldu. Açıqlamada bildirilir ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Bakı Telefon Rabitəsi” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edir: “Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülür. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunur ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmətlərdən və platformalardan yararlanmağa imkan verir”.

“Baktelecom”un müraciətində xidmət istifadəçilərinin 3-4 qat sürət tariflərinə keçirildiyi və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (60%-dək daha az) ödəniş etdikləri də diqqətə çatdırılır: “Belə ki, əvvəl 4 mbit/s internet tarifinin aylıq abunə haqqı 10 AZN təşkil edirdisə, dəyişiklikdən sonra 15 mbit/s internet tarifinin aylıq ödənişi 15 AZN-dir. Digər 10 mbit/s internet tarifinin də aylıq abunə haqqı 12,5 AZN təşkil edirdisə, sözügedən tarif dəyişikliyi ilə 30 mbit/s internet paketinin aylıq abunə haqqı 18 AZN-dir”.

“Qeyd edək ki, genişzolaqlı GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.

Abunəçilərin diqqətinə bir daha çatdırırıq ki, 06.07.2022-ci il tarixində www.baktelecom.az saytı və qurumun sosial şəbəkələrdəki hesabları üzərindən sözügedən tarif dəyişikliyi ilə bağlı məlumat təqdim olunub”, - müraciətdə deyilir.

Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Azərbaycan İnternet Forumunun prezidenti, İKT mütəxəssisi Osman Gündüz bunun doğru yanaşma olmadığını bildirib: “Adıçəkilən dövlət operatorlarının şəbəkəni modernləşdirməsi, fiber infrastrukturun yenilənməsi, infrastruktura yeni investisiyalar yatırması və nəticə olaraq yüksək sürətlər təqdim etməsi çox təqdirəlayiqdir. Məlumdur ki, RİNN 2 il müddətinə bütün ölkə üzrə keyfiyyətli və hər yerdə əlçatan internet infrastruktur qurmağı hədəfləyib və bu istiqamətdə sistemli olaraq işlər aparır.

Bütün bunlar çox təqdirəlayiqdir. Amma birdən-birə hamı üçün yüksək sürətlər təklif etmək və buna uyğun da əvvəlki aşağı sürətə uyğun qiymətdən xeyli yüksək ödəniş tələb etmək, düşünürəm ki, doğru yanaşma deyil”.

İT mütəxəssisinin sözlərinə görə, heç bir investisiya yatırımı, böyük sürətlərə ehtiyacı olmayan məhdud bir təbəqəni yüksək ödənişlə yüksək sürət əldə etməyə məcbur edə bilməz: “Bu, doğru olmazdı. Xüsusən də bazarda hökmran mövqe tutan, dövlətə məxsus operatorlar üçün bu, yolverilməzdir. Düşünürəm ki, indiki şəraitdə, internetə əlçatanlığın insanların əsas fundamental hüquqlarından biri hesab olunduğu bir vaxtda yüksək sürətə ehtiyacı olmayanlar üçün, əvvəlki ödəniş səviyyəsində, təxminən 10-12 manat civarında bəlli bir internet sürəti təklif oluna bilərdi. Əminəm ki, xeyli sayda GPON istifadəçiləri daha böyük sürət seçiminə üstünlük verəcəklər. Bir daha vurğulamaq istərdim ki, adı çəkilən dövlət operatorlarının son zamanlar infrastrukturun yenilənməsi istiqamətində həyata keçirdikləri müsbət addımlara rəğmən məhdud seçim imkanı verən qiymət siyasəti doğru yanaşma deyil”.

“Maraqlıdır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hələlik bu məsələyə müdaxilə etməyib. Qiyməti operatorlar qaldırıb. Düşünürəm ki, bunun özü də doğru bir yanaşma deyil” - deyə fikirlərinə davam edən O.Gündüz məsələnin müzakirəyə çıxarılması təklifi ilə çıxış edib: “Nazirlik hazırda həm də tənzimləyici orqandır. Düşünürəm ki, nazirlik tabeliyindəki dövlət operatorlarının qiymət siyasətinə müdaxilə etməlidir. Qısa bir araşdırma ilə görmək olar ki, dövlət operatorlarının təklif etdiyi yüksək sürət üçün olan qiymətlər, hətta bəzi özəl provayderdən də bahadır. Hansı ki, normalda bu, tərsinə olmalıdır. Düşünürəm ki, məsələni nazirlik və operatorlarla birlikdə İctimai Şurada da müzakirə etmək faydalı olar”.

Paylaş:
Baxılıb: 764 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31