Prezidentlərin görüşü baş tutacaqmı?
Rusiya-Ukrayna müharibəsinin yekunlaşması ilə bağlı proses yeni mərhələyə qədəm qoyub. Bir neçə gün öncə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoffun Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşünün ardından diplomatik təmaslar davam etdirilib. Nəticə etibarı ilə, Rusiya dövlət başçısı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu deyib.
Ukrayna Prezidenti Moskvaya dəvət olunur
Belə ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Vesti” xəbər agentliyinə müsahibəsində bildirib ki, Vladimir Putin Zelenski ilə birbaşa təmasa hazırdır: “Əgər Vladimir Zelenski həqiqətən birbaşa danışıqlarda maraqlıdırsa, Rusiya Prezidenti Moskvada onunla görüşməyə hazır olduğunu bir daha təsdiqlədi. Belə bir halda, Ukrayna liderinə təhlükəsizlik də daxil olmaqla, lazımi şərtlər təmin ediləcək. Dövlət başçımız bir daha təkrarladı ki, əgər Zelenski həqiqətən birbaşa danışıqlar aparmaq istəyirsə, Moskvaya gəlməlidir və orada ona təhlükəsizlik də daxil olmaqla, bütün zəruri şərtlər təmin ediləcək”.
Kreml sözçüsünün sözlərinə görə, görüşün mümkünlüyünü Finlandiya Prezidenti Aleksandr Stubb və Norveç Baş naziri Yonas Qar Störe oktyabrın 27-də Putinlə telefon danışığı zamanı qaldırıblar. Avropa liderləri Rusiya Prezidentinə Zelenskinin birbaşa danışıqlar aparmaq istəyi barədə məlumat veriblər.
Moskva hesab edir ki, keçiriləcək görüş danışıqlar prosesinin başlanğıc nöqtəsi deyil, son mərhələsi olmalıdır - nümayəndə heyətləri münaqişənin uzunmüddətli həlli ilə bağlı sənədləri razılaşdırmalıdırlar.
Vaşinqton razıdır - üçtərəfli format da davam edə bilər
Qeyd edək ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yaxın gələcəkdə baş tuta biləcəyini bildirmişdi. Amerika lideri Moskva və Kiyevin razılığa gəlməkdə maraqlı olduğuna əminliyini qeyd etmişdi. “Onların görüşü kifayət qədər tezliklə keçiriləcək və düşünürəm ki, hər iki tərəf razılığa gəlmək istəyir”, - deyə Tramp Ağ Evdə jurnalistlərə demişdi. Lakin ABŞ prezidenti görüşün konkret tarixini və ya yerini göstərməyib. Xatırladaq ki, Moskva və Kiyev nümayəndələri Vaşinqtonun vasitəçiliyi ilə keçirilən nizamlama müzakirələrinə qayıtmağa hazır olduqlarını təsdiqləyiblər. Danışıq qruplarının görüşü noyabr ayına planlaşdırılıb. Əbu-Dabi mümkün məkanlardan biri kimi qeyd olunur. Rusiya Prezidenti Vladimir Putin də əvvəllər üçtərəfli məsləhətləşmələrin bərpasına prinsipcə razılıq verib. Vladimir Zelenski də bu formatı dəstəkləyib və Ukrayna nümayəndə heyətinin görüşə hazır olduğunu bildirib.
Zelenski Moskvaya gələcəkmi?
Görüşlə bağlı Kiyev tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Siyasi ekspertlər Zelenskinin Moskvaya gəlmə ehtimalını aşağı səviyyədə qiymətləndirirlər. Səbəb kimi isə, bunun Ukrayna üçün “kapitulyasiya” kimi izah ediləcəyini vurğulayırlar. Xatırladaq ki, sentyabr ayında BMT Baş Assambleyası zamanı Zelenski Rusiya paytaxtına “raketlə” səyahət edəcəyini demişdi. Həmin vaxt Prezident Donald Tramp da Zelenskinin münaqişənin bitməsini istəmədiyini bildirmişdi. ABŞ prezidenti həmçinin Zelenskiyə Ukrayna adından danışıqlar aparmaq üçün başqasını təyin etməsini təklif etmişdi. Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel bildirib ki, Ukrayna prezidenti sülh razılaşmasına nail olmaq və Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Rusiyadakı əvvəlki əlaqələrindən istifadə etməlidir. O hesab edir ki, Zelenskinin maksimalist tələblərindən imtina etməsi və güzəştə getməyə hazır olması lazımdır.
Görüş yerini dəyişmək olar? - oxlar Finlandiyanı göstərir
O ki qaldı danışıqların motivinə, burada da hər hansı bir dəyişikliyin olacağı inandırıcı görünmür. Beynəlxalq ekspertlər Rusiyanın irəli sürdüyü tələblərdən geri çəkilmək fikrində olmadığı qənaətindədirlər. Hətta bu istiqamətdə Ukrayna ilə danışıqlar aparılsa da, bunun nəticə verəcəyinə inanmırlar. Bir müddət öncə, “The New York Times” qəzeti Vaşinqtonun Zelenskini Rusiya ilə razılaşma naminə ərazi güzəştlərinə razı salmaq niyyəti barədə məlumat vermişdi. Qəzetin məlumatına görə, Tramp razılaşmanı həyata keçirmək əzmindədir və onun köməkçiləri hazırkı anı “dönüş nöqtəsi” hesab edirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 20-də bildirib ki, Moskva Amerika danışıqlarının iştirakçılarının iqtisadi cəhətdən sərfəli təkliflərini nəzərdən keçirəcək, lakin onlar üçün siyasi güzəştlərə getməyəcək. Nazir deyib: “Görəcəyik nə təklif edəcəklər. Əgər onlar bizim üçün iqtisadi və maliyyə baxımından faydalı olan bir şey təklif edirlərsə, niyə də olmasın?”
Zelenskinin Moskvaya səfər etmək perspektivinin də az olması məhz bu məqama əsaslanır. Düzdür, rəsmi Kiyev hələ ki, susqunluq nümayiş etdirir və hər hansı bir açıqlama verilməyib. Amma görüşün baştutma ehtimalı Rusiya ərazilərindən kənarda daha məqbul sayılır. Yeri gəlmişkən, Qərb mətbuatı görüşün daha çox Finlandiya və ya İsveç ərazisində keçirilməsi perspektivi haqda yazır. Bildirilir ki, Finlandiya görüşlə bağlı danışıqlar üçün ideal məkandır.
P.İSMAYILOV