Böyük Britaniya hökuməti qanuni miqrantların ölkədə daimi yaşayış icazəsi alması üçün tələb olunan müddəti uzatmağı planlaşdırır.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, hökumətin müzakirə etdiyi yeni qaydalara əsasən, əksər miqrantlar üçün hazırda 5 il olan gözləmə müddətinin 10 ilədək uzadılması nəzərdə tutulur.
Sosial qayğı sektorunda çalışan əcnəbilər üçün isə bu müddətin 15 ilə qədər artırılması təklif edilir. Bununla belə, artıq Böyük Britaniyada fəaliyyət göstərən sosial qayğı işçilərinin yeni qaydalardan azad oluna biləcəyi bildirilir.
Ölkənin daxili işlər naziri Şabana Mahmudun noyabrın 2-də İcmalar Palatasında çıxış edərək qanuni miqrasiya qaydalarına dair yekun qərarı açıqlayacağı gözlənilir. Daxili İşlər Nazirliyindəki mənbə nazirin parlamentdə bəyanatla çıxış edəcəyini təsdiqləyib.
2025-ci ilin noyabrında irəli sürülən təkliflər hakim Leyboristlər Partiyasının bir sıra deputatlarının etirazına səbəb olub. Deputatlar dəyişikliklərin xüsusilə ölkədə yaşayan və işləyən miqrantlara münasibətdə ədalətsiz ola biləcəyini artıq bildiriblər. Təxminən bir il davam edən ictimai məsləhətləşmələr zamanı təkliflərlə bağlı 200 mindən çox rəy daxil olub.
Hökumət dəyişiklikləri əvvəlki Mühafizəkarlar Partiyası hökuməti dövründə, Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra xalis miqrasiyanın rekord səviyyəyə çatması və həmin dövrdə ölkəyə gələn çoxsaylı miqrantların daimi yaşayış icazəsi almaq hüququ qazanmağa yaxınlaşması ilə əsaslandırıb. Hazırda hökumətin yekun qərarı gözlənilir.