Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Moldovanın hava məkanı 100 dəfədən çox pozulub, dronlar və mərmi qəlpələri ölkə ərazisinə düşüb. Buna görə də Moldova dronlara qarşı mübarizədə Ukraynanın təcrübəsini mənimsəmək istəyir.
AZƏRTAC xəbər verir ki, bunu Moldovanın Baş naziri Vasile Tofan Kiyevdə Ukrayna Baş naziri Sergey Koretski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ukrayna özünü Rusiyadan müdafiə etməklə bütün Avropanın sülhünə və təhlükəsizliyinə töhfə verir.
Vasile Tofan Ukraynanın dronlara qarşı müdafiə sahəsində, bəlkə də dünyanın ən qabaqcıl təcrübəsinə malik olduğunu vurğulayıb. O, bunun qismən səmərəli və əlverişli texnoloji həllər sayəsində mümkün olduğunu bildirib. “Biz bu təcrübədən dərs çıxarmaq və hava məkanımızı qorumaq üçün həll yolu tapmaq istəyirik”, - deyə V.Tofan əlavə edib.
Onun sözlərinə görə, Moldova sülhpərvər və neytral dövlət olaraq qalır, lakin neytrallıq müdafiənin olmaması demək deyil. “Bizim vəzifəmiz vətəndaşlarımızın əmin-amanlığını və təhlükəsizliyini qorumaqdır”, – deyə Baş nazir vurğulayıb.