Şənbə üçün nəzm

Doğulan kimi

Başının altına yastıq qoydular.

Oturan kimi

Böyrünə-başına yastıq qoydular.

Yeridi - düzdülər keçdiyi yola.

Sonra noğul yastığı,

Sonra nağıl yastığı.

Başı üşüyəndə papağı yastıq,

Əli üşüyəndə bayrağı yastıq,

Qəbri üşüyəndə torpağı yastıq.

Ağrıyan dişinə yastıq qoydular

Ləngiyən işinə yastıq qoydular

Axırda yastığa öyrəncəlilər

Çarxın gərdişinə yastıq qoydular.

Çarxın gərdişinə yastıq qoydular

Yuxulatdı bu adamı,

Günün günorta çağında

Yuxu tutdu bu adamı.

... Yatıb yuxuda gördü ki,

ipək yastığı daşlaşıb,

ayağına dolaşıb.

Addımını ha atır, ata bilmir,

Ayağını ha dartır, darta bilmir.

Yastıq çəkir onu quyutək.

Ayağı balacalaşır,

Boyu balacalaşır.

... Diksinib ayıldı yuxudan.

Başı yastıqdan düşmüşdü.

Çəkdi yastığı başının altına...

 

***

 

Yüz yol yıxılardım, dəyib daşlara,

əllərim, qollarım yaralanardı.

Gah dizim, dirsəyim paralanardı.

Süzülüb axardı tər dabanımdan.

İndi unutmuşam,

O günüm, o çağım yadımdan çıxıb.

Son dəfə

Futbol oynadığım yadımdan çıxıb.

 

O gündən bəriyə nəyim qalıb ki?

Bu qollar, ayaqlar mənimki deyil.

Qovulan o toplar mənimki deyil,

Dirəklər, dayaqlar mənimki deyil.

Vurulan topların, dəyən daşların

Daha sızıldamır yeri canımda.

 

Daha yüyürmürəm yıxılanacan,

On il, on beş ilin

təri canımda.

On il, on beş ildi topsız-filansız,

Yenə də yıxılan, əzilən mənəm.

Amma yıxılanda dizim qanamır,

Amma yıxılanda qolum əzilmir.

Çünki yıxılıram ürəyi üstə,

Futbol oynamağı yadırğayandan.

 

***

 

Adamı göyə qaldırıb

Sonra ki, yerə vururlar.

Elə bir sıfır artırıb

Sonra sıfıra vururlar.

 

Gedir, qalmır izi, tozu,

Hər gələn bir yerə yozur,

Adını lap başdan pozub

Lap, lap axıra vururlar.

 

Kündə kimi ovxalayıb,

Əzib, büküb, buxovlayıb,

Qışda buz üstə tullayıb,

Yay vaxtı qıra vururlar.

 

***

 

Səndən qıraqda həyat yox,

Desələr də vardı - döndüm.

Qaçdı ağzımın ləzzəti,

Damağımın dadı, döndüm.

 

Nə cadular, nə ovsunlar,

Gücləri yox, saxlasınlar.

Məni ən gözəl oyunlar,

Əyləncələr yordu, döndüm.

Bir nəfəs qalmadı canda,

Dörd bölündüm darıxanda -

Qol bir yanda, baş bir anda

Mənəm - məğlub ordu, döndüm.

 

***

 

Hər adamın sığınmağa

Bir qalası olsun gərək.

Bu qaynaşan pis gözlərdən

Bir xilası olsun gərək.

 

Nicat yoxdu bolca vardan -

Hündür divar, dik hasardan!

Adamı daş adamlardan

Qala - Adam alsın gərək!

 

Bu gələn gözəl, əladı

Yeriyən, gəzən qaladı.

Bəlkə də təzə bəladı

Dinsin görək, gəlsin görək!!!

   

***

 

Elə möcüzələr yaratmısan ki,

Elə dəqiqələr yaşatmısan ki,

Olmayıb heç onun yüzdə biri də

Nə mənim dünyamda,

nə bu dünyada.

 

Sən elə telləri qırıb getmisən,

Sən elə yaralar vurub getmisən,

Təpəri yoxdu ki, dözüb dayansın,

Nə mənim dünyamın,

nə bu dünyanın.

 

Qəfil gəlişinlə suç eləmisən

Sənsiz keçən ömrü puç eləmisən

Vurmayıb heç zaman belə qar-yağış

nə mənim dünyamı,

nə bu dünyanı.

 

Bilmədim iblissən, ya mələk, Qadın,

Ətri, gözəlliyi çiyələk Qadın.

Bir də gəlməyəcək sənintək Qadın

Nə mənim dünyama,

nə bu dünyaya.

  

***

 

Baxma ki, sakit dayanıb,

Qəfildən götürər səni!

Qoparıb dostdan, tanışdan

Evindən itirər səni.

 

Qaldırıb göyün qatına,

Mindirər şahlıq atına.

Dad gətirib həyatına,

Cənnətə yetirər səni.

 

Əlində yarağın qalmaz,

Dəftərin, varağın qalmaz,

Heç nəyə marağın qalmaz,

İşini bitirər sənin.

 

Quruyarsan bulaq kimi,

Bezər, doyar uşaq kimi,

Bir qırıq oyuncaq kimi

Qaytarıb gətirər səni!

 

***

Nəyə lazım artıq zəhmət, əziyyət? -

Orda onu, burda məni tovla gəl.

Adımızı eyni yerdə qeyd elə,

İkimizə eyni mesaj yolla gəl.

... Fikir vermə, zarafatdı sözlərim,

Yenə gülsün, işıq saçsın gözlərin!

Qayıt yenə əvvəlkitək şipşirin,

Dillərində bir şan təmiz balla gəl.

 

Olan oldu, keçən keçdi, qəzaydı,

Tanrı gərək elə belə yazaydı.

İndi daha beyin açıq, göz aydın,

Geri boylan, vallah qayıt, vallah, gəl.

 

***

 

Gedirsənsə, nə fərqi var, ya səssiz,

ya sözümü, baxışımı yozub get.

Nə fərqi var, azad burax, çox inan,

ya da yoxla, addımımı pusub get.

 

Bu sevginin nənnisində biz uşaq,

bitibdisə ha sarmaşaq, qovuşaq.

Fərqi yoxdu, ya candərdi barışaq,

ya da inci, ya da çığır, küsüb get.

Nə iblisim, nə mələyim deyilsən,

ümid dolu gələcəyim deyilsən.

İndən sonra ta gərəyim deyilsən,

fərqi yoxdu, ağlayıb get, susub get.

 

***

 

Özümü hamıdan güclü sanmağım,

Durduğum yerdəcə qanadlanmağım,

Mənim sevinməyim, ya şadlanmağım

Hamısı, hamısı sənə görədir.

 

İndi ucadadır yeri taxtımın,

Qızıl dövranıdır indi vaxtımın

Sınıq taleyimin, bağlı baxtımın

Açılan qapısı sənə görədir.

 

Qalmayıb qəlbimin daha gileyi,

Qəmli çəmənimin açıb çiçəyi

Payızın ortası yazın gəlməyi -

Bu bahar havası sənə görədir.

 

Ancaq uçulur dam - sən olmayanda

Dərdə dözmür adam sən olmayanda

Hamını sancıram sən olmayanda

Ruhumun davası sənə görədir.

 

Rəşad Məcid