Son vaxtlarda Azərbaycanofob qüvvələrin fəallaşdığı müşahidə edilir. Aydın şəkildə görünür ki, belə qüvvələr respublikamızın regional və qlobal miqyasda artan nüfuzunu sinirə bilmirlər və buna görə də müxtəlif məkrli planlarını işə salıblar. Təəssüf doğuran haldır ki, ölkəmizin dövlət maraqlarına, ümummilli məqsədlərimizə xələl vurmağa hesablanan bu proseslərdə qardaş Türkiyədəki bəzi dairələr də yer alırlar ki, bu da qardaş ölkənin özündə də təpki ilə qarşılanır. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Zəfər Partiyası sədrinin müşaviri Hakkı Şafak Ses arasındakı görüşdə qonaq son zamanlar Türkiyənin bəzi siyasi dairələri tərəfindən Azərbaycana qarşı kampaniyanın aparılmasının Zəfər Partiyası tərəfindən ciddi narazılıq və narahatlıqla qarşılandığını diqqətə çatdırıb.
Azərbaycan öz qərarlarını verməkdə tam sərbəstdir
Qısa zaman kəsiyində ardıcıllıqla aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq özünün iqtisadi gücünü artırması və bu əsasda siyasi müstəqilliyini tam təmin etməsi Azərbaycanın böyük uğurudur. Bu gün dünyada elə bir güc yoxdur ki, ölkəmizlə diktat dili ilə danışa bilsin. Azərbaycanın qərarları hansısa uzaq paytaxtlarda deyil, məhz Bakıda, Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilir. Burada ölkəmizin suverenliyi, xalqımızın milli maraqları qırmızı xətdir. Biz bütün tərəfdaş dövlətlərlə münasibətlərimizi milli maraqlarımızı qoruyaraq və qarşı tərəfin də mənafeyini nəzərə almaqla qururuq. Bu prinsip həmçinin qardaş Türkiyəyə də aiddir. Azərbaycan Türkiyə dostluğu əbədidir və dünyada xalqlarımızın qardaşlığına xələl vura biləcək hansısa bir qüvvə yoxdur. Bu dostluq tarixə söykənir və yüz illiklər boyunca sınaqlardan çıxaraq daha da bərkiyib. Çünki biz eyni bir ağacın budaqlarıyıq. Tarix boyunca iki xalq bir-birinə güvənib, kədərini və sevincini birlikdə yaşayıb. Bu, gələcəkdə də belə olacaq.
Ancaq Türkiyədəki bəzi dairələrin son günlərdə artan manipulyativ davranışları qəbuledilməzdir. Artıq neçə gündür ki, Türkiyənin hakim elitasında, siyasi dairələrində, ictimaiyyət arasında və mediada Azərbaycana qarşı əsası olmayan, şər-böhtan kampaniyası səngimək bilmir.
Məsələn, Türkiyə Prezidentinin artıq istefaya göndərilən sabiq baş müşaviri Oktay Saral X platformasındakı paylaşımında qeyd edib ki, Azərbaycanda hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılması qəbuledilməzdir.
“Müxalif” CHP lideri Kılıçdaroğlu da açıq şəkildə daxili işlərimizə müdaxilə cəhdlərində bulunub. “Qadınları azad buraxın, qoyun istədiyi paltarı geyinsin”, - deyə o, absurd çağırış edir.
Eləcə də Türkiyənin qeyri-hökumət təşkilatlarından Gənclər Hərəkatı, Dəvət və Qardaşlıq Fondu, Yeddi Aypara, Bingöl İslam Qardaşlığı və Həmrəylik Platforması, Türkiyə İmam Hatip Məktəbləri Fondu (TİMAV) və Milli Türk Tələbə Birliyi (MTTB) Azərbaycandakı məktəbli forması tətbiqini yanlış yöndə qiymətləndirərək inanc azadlığının qorunmasının vacibliyini vurğulayan bəyanatlar yayıblar.
Göründüyü kimi, Türkiyədə ölkəmizə qarşı başlayan haqsız və çirkin kampaniyada iştirak edənlərin siyahısı kifayət qədər genişdir. Yaxşı haldır ki, Türkiyənin özündə də dostluğumuza, qardaşlığımıza xələl vurmaq istəyən bədxahlara qarşı müqavimət artır. Azərbaycanın haqlı iradları nəzərə alınmaqla Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın istefaya göndərilməsi bunun təsdiqidir. Bu günlərdə Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısına telefon zəngi edib. Telefon söhbəti zamanı liderlər Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra daha yüksək səviyyəyə qalxacağına əminliklərini bildiriblər. Həmçinin cəmiyyətlərimiz də iki qardaş dövlət arasında gərginlik yaratmaq, nifaq toxumu səpmək istəyənlərə qarşıdırlar. YAP Mərkəzi Aparatında baş tutan görüşdə bu, bir daha diqqətə çatdırılıb. Zəfər Partiyasının rəsmisi Azərbaycanın müstəqilliyinə və suverenliyinə dərin hörmətini ifadə edib. Müşavir vurğulayıb ki, partiyanın sədri Ümit Özdağ ilk gündən öz mövqeyini ortaya qoyaraq bu məsələlərə kəskin etirazını bildirmiş, heç bir qüvvənin Azərbaycanın daxili işlərinə qarışmasına haqqının çatmadığını bütün ictimai çıxışlarında birmənalı şəkildə vurğulamışdır: “Azərbaycan müstəqil və dünyəvi dövlət kimi öz qərarlarını verməkdə sərbəstdir və onun daxili işlərinə müdaxilə cəhdləri qətiyyən yolverilməzdir”.
Hakkı Şafak Ses Azərbaycan tərəfindən “arzuolunmaz şəxs” elan edilərək ölkəyə giriş qadağası tətbiq edilən 31 nəfər şəxsin qeyri-obyektiv yanaşmasının Türkiyə xalqının mövqeyini əks etdirmədiyini bildirib. “Son hadisələr bir daha təsdiqlədi ki, Türkiyə xalqı Azərbaycanın müstəqil, prinsipial, milli maraqlara, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan siyasətinə hörmətlə yanaşır. Türkiyə-Azərbaycan birliyinə zərər verən bütün neqativ halların qarşısı birmənalı şəkildə alınmalıdır. Zəfər Partiyasının mövqeyi bundan ibarətdir ki, Türkiyədə Azərbaycana qarşı mənfi təbliğat aparan şəxslər barəsində hüquq müstəvisində konkret tədbirlər görülməlidir”, - deyə müşavir əlavə edib.
YAP-ın haqlı mövqeyi Türkiyə cəmiyyəti tərəfindən dəstəklənir
Hakkı Şafak Ses bəhs olunan məsələ ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlamasına toxunaraq YAP-ın haqlı mövqeyinin Türkiyə cəmiyyəti tərəfindən dəstəkləndiyini vurğulayıb.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası iqtidarda olduğu dönəmdə ölkəmiz daxili və xarici siyasətdə böyük uğurlara imza atıb, zirvələrdən-zirvələrə yüksəlib. Prezident, YAP Sədri İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmiz son 200 illik tarixinin ən böyük zəfərlərini qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Təbii ki,YAP ölkəmizin aparıcı siyasi qüvvəsi kimi, Türkiyənin müəyyən çevrələrinin müstəqilliyimizə, dövlət maraqlarımıza xələl vurmağa hesablanan davranışlarına və iddialarına biganə qala bilməzdi və qalmadı da. Yeni Azərbaycan Partiyası Türkiyə Prezidentinin sabiq baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatların Azərbaycanla bağlı açıqlamalarına obyektiv münasibət bildirib.
YAP-ın Mətbuat Xidmətinin yaydığı bəyanatda son dövrlərdə Türkiyənin bir sıra media orqanlarında və sosial şəbəkələrdə Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayıldığı qeyd olunub. Bildirilib ki, YAP indiyədək AKP ilə tərəfdaşlıq münasibətlərini, eləcə də Azərbaycan və Türkiyə xalqları arasındakı tarixi qardaşlıq bağlarını nəzərə alaraq bu cür hallara təmkinlə yanaşıb. Lakin Azərbaycana qarşı informasiya kampaniyasının daha aqressiv və sistemli xarakter alması, yüksək vəzifəli şəxslərin də bu prosesə qoşulması açıq münasibət bildirilməsini zəruri edib.
Bəyanatda Azərbaycan-İsrail münasibətlərinin məqsədli şəkildə təhrif olunması və bu əlaqələr əsasında Azərbaycan əleyhinə siyasi ittihamlar irəli sürülməsi cəhdləri qətiyyətlə rədd edilib. Qeyd olunub ki, Azərbaycan Fələstin xalqının qanuni hüquqlarını daim dəstəkləyib, Fələstinə maliyyə və humanitar yardımlar göstərib. Prezident İlham Əliyev dəfələrlə Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərtilə iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini bəyan edib.
YAP Azərbaycanın İslam dünyası ilə münasibətlərinin qarşılıqlı hörmət, bərabərlik və həmrəylik prinsiplərinə əsaslandığını vurğulayıb. Bəyanatda heç bir dövlətin digər müsəlman xalqlarına öz iradəsini diktə etmək və ya onların daxili işlərinə müdaxilə etmək hüququnun olmadığı bildirilib. Sənəddə hicab və məktəbli geyimi ətrafında müzakirələrə də toxunulub. Qeyd edilib ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur, təhsil sahəsində tətbiq edilən qaydalar isə bərabərlik, dünyəvilik, qanunun aliliyi və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır. YAP-ın birmənalı mövqeyinə görə, baş örtüyü kimi həssas məsələlərdən siyasi manipulyasiya və bölücülük vasitəsi kimi istifadə edilməsi nə Türkiyə xalqının birliyinə, nə də müsəlman dünyasının həmrəyliyinə xidmət edir.
Görüşdə Türkiyənin müəyyən siyasi dairələri, o cümlədən yüksək dövlət vəzifəsi daşıyan və hakim partiyanı təmsil edən şəxslər tərəfindən Azərbaycana qarşı aparılan iftira və böhtan xarakterli təbliğatın ciddi təəssüf doğurduğunu vurğulayan YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizin haqlı mövqeyinə birmənalı dəstəyinə görə Zəfər Partiyasına və onun sədrinə minnətdarlığını ifadə edib.
YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğu bir vaxtda gözlənilmədən ölkəmizə qarşı qərəzli kampaniyanın təşkili ciddi tarixi səhvdir. Mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın Türk dünyasında həmrəylik və əməkdaşlığa, eləcə də Türk Dövlətləri Təşkilatının müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə mühüm töhfələr verdiyini xatırladan Tahir Budaqov yaranmış vəziyyətin bu prosesə də zərər verən faktor kimi yolverilməz olduğunu vurğulayıb: “İndiyədək müxtəlif dönəmlərdə müəyyən çətinliklərlə üzləşən Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın iradəsi sayəsində sınaqlardan şərəflə çıxaraq daha da güclənib. Bu gün ölkəmizin dünyəvilik prinsipinə əsaslanan müstəqil siyasətinə təzyiq göstərmək cəhdi yolverilməzdir və Azərbaycanı öz yolundan döndərmək mümkün deyil”.
Mübariz ABDULLAYEV