Cənubi Qafqazın nümunəvi ölkələri

Cənubi Qafqazın nümunəvi ölkələri

Azərbaycan və Gürcüstan arasında tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib

Qədim tarixi köklərə malik Azərbaycan və Gürcüstan arasında münasibətlər uğurlu inkişaf yolu keçərək ən yüksək səviyyəyə - strateji tərəfdaşlıq zirvəsinə çatıb. Hər iki dövlət ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verərək əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirib, ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə ciddi naliyyətlərə gətirib çıxarıb. Dövlətlər arasında indiyədək 120-dən çox sənəd imzalanıb ki, bu da çoxtərəfli siyasi-iqtisasi proqramların icrası üçün dərin zəmin yaradıb.

Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, XİN-lər?rası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu mühüm rol oynamaqdadır.

İqtisadi əməkdaşlıq strateji tərəfdaşlığın əsas sütunlarındandır

Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlər iki ölkənin strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri kimi daim diqqətdə saxlanılır. Birgə icra olunan layihələr həm bu ölkənin regional mövqeyinin artmasına, həm də iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə və inkişafına töhfə verməkdədir. Enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır.

Oktyabrın 30-da Siqnaxi şəhərində keçirilən Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasında çıxış edən Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, regionda baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi, dinc yaşayış və dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Regionda sülh təşəbbüslərinin davam etdirilməsi iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Bu, bölgədə strateji nəqliyyat və kommunikasiya bağlantılarının, Şərq və Qərb arasında etibarlı körpüyə çevrilən Orta Dəhlizin Azərbaycan və Gürcüstan üçün əhəmiyyətini daha da artırır, iqtisadi münasibətləri möhkəmləndirir.

Ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb

Baş nazir Əli Əsədov bildirib ki, Gürcüstanla birgə həyata keçirilən meqa enerji layihələri - Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi bu gün regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır. Eləcə də elektroenergetika sahəsində əməkdaşlıq uğurla inkişaf edir. Gürcüstanda yaşayan kritik enerji böhranları dövründə Azərbaycan davamlı operativ dəstək göstərir və  elektrik enerjisi sistemləri arasında güc mübadiləsi əhəmiyyətli dərəcədə artırılıb. “Yaşıl enerji” sahəsində birgə nəzərdə tutulan layihə hər iki ölkənin yeni ixrac körpüsü olmaqla, “Avropa Yaşıl Enerji Dəhlizi”ni formalaşdırmaqdadır.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın ən vacib istiqamətlərindən biri kimi Orta Dəhlizin vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu tam modernləşdirilib və tam potensialı ilə istismara verilməsi sayəsində yükaşırma qabiliyyəti 5 milyon tonadək artırılıb.

Tərəflər arasında iqtisadi-ticari-investisiya əlaqələrinin möhkəmlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyətinin müstəsna rolunu dəyərləndirən Baş nazir Əli Əsədov bildirib ki, yüksəksəviyyəli görüşlər və komissiyanın iclasında xüsusi önəm verilən məsələlər, daim inkişaf etdirilən dialoqlar tərəflər arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verir. Əldə olunmuş razılaşmalar münasibətlərin strateji mahiyyətini bir daha təsdiqləyir və bütün sahələrdə müsbət dinamika müşahidə olunur. Bu, ticarət-iqtisadi sahələrdə də özünü bariz şəkildə əks etdirir. Bu gün Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, cari ilin 9 ayı ərzində ticarət dövriyyəsi 42 faiz artaraq ötən ilin ümumi göstəricisini üstələyib və 1 milyard dollara yaxınlaşıb. İnvestisiya sahəsində əməkdaşlıqda yüksək dinamika nümayiş etdirilir.

Gürcüstanın ən güclü investisiya partnyoru

İnvestisiya sahəsində əməkdaşlığın yaxşı dinamikasının nəticəsidir ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. Gürcüstanda çox müsbət sərmayə iqliminin mövcud olması Azərbaycan investorlarının davamlı sərmayə təşəbbüskarlığını artırır. Əli Əsədovun sözlərinə görə, ölkəmiz indiyə qədər Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb ki, bu, dost ölkənin iqtisadi inkişafına öz mühüm töhfələrini verib. Hər iki ölkə yeni investisiya layihələri haqqında fikir mübadiləsi apararaq investisiya proqramını şaxələndirmək və üçüncü ölkələrə də birgə sərmayə qoyuluşunu icra etməyi nəzərdə tutur.

Yeri gəlmişkən, SOCAR bu ölkədə ən iri investor kimi fəal mövqeyini gücləndirməkdədir. Şirkət korporativ investisiya proqramı ilə Gürcüstandakı “Kulevi” terminalına sahib olub, 2008-ci ildə təsis olunmuş “SOCAR Energy Georgia” şirkəti Gürcüstanda  ilk yanacaqdoldurma stansiyasını açaraq bu şəbəkəni genişləndirib. Hazırda Gürcüstan ərazisində “SOCAR” brendi altında 50-dən çox stansiya fəaliyyət göstərir. Gürcüstanda pərakəndə neft məhsulları satışı bazarının 75 faizi Azərbaycanın nəzarətindədir. Son illərdə bu ölkənin nəqliyyat, infrastruktur, enerji sektorlarının əsaslı şəkildə yenidən qurulmasında da ölkəmiz əsas maliyyə təchizatçısı kimi çıxış edir.

E.CƏFƏRLİ