Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı BƏYANAT
Cəmiyyətin informasiya hüququ necə qorunmalıdır?
Azad informasiya, təhlükəsiz jurnalist fəaliyyəti və obyektiv xəbər mühiti demokratik cəmiyyətin əsas dayaqlarındandır. Ancaq jurnalistə qarşı zorakılıq yalnız bir media nümayəndəsinin hüquqlarının pozulması deyil, həm də minlərlə insanın həqiqəti öyrənmək imkanına yaradılan maneədir. İnformasiya əsrində yaşadığımız üçün bir hadisə baş verən kimi cəmiyyət onun təfərrüatlarını bilmək, nələrin yaşandığını anlamaq, rəsmi mövqelərlə yanaşı, hadisənin real mənzərəsini görmək istəyir. Məhz bu məqamda medianın üzərinə düşən məsuliyyət daha da artır.
Lakin bir həqiqət var: informasiya hüququ yalnız xəbərin yayımlanması ilə təmin olunmur. Bunun üçün jurnalist hadisə yerinə sərbəst gedə bilməli, çəkiliş aparmalı, sual verməli, faktları araşdırmalı və əldə etdiyi məlumatı ictimaiyyətə çatdırarkən təhlükəsizliyinə əmin olmalıdır.
Qeyd edək ki, jurnalistlərin peşə fəaliyyəti zamanı fiziki təzyiqlərlə üzləşməsi bir çox ölkədə baş verən haldır. Son günlər ölkəmizdə qeydə alınan iki hadisə də bu məsələyə yenidən diqqət çəkib. Əvvəlcə 225 nömrəli məktəbdə baş verən hadisəni işıqlandırmağa çalışan televiziya əməkdaşlarının hücuma məruz qalması, daha sonra APA əməkdaşının yanğın hadisəsini çəkərkən döyülməsi medianın hadisə yerlərində təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Məlumdur ki, hər iki halda jurnalistlər ictimai maraq doğuran hadisələri işıqlandırmaq üçün peşə vəzifələrini yerinə yetirirdilər. Ancaq qarşılaşdıqları münasibət sual doğurur: cəmiyyətin məlumat almaq hüququnu təmin etməyə çalışan media nümayəndələri nə üçün özləri müdafiəyə ehtiyac duyulan tərəfə çevrilirlər?
Mühüm bəyanat...
Media və Yayım Şurası jurnalistlərə edilən hücumlarla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, son zamanlar media nümayəndələrinin hadisə yerlərində çəkiliş apararkən hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi və peşə fəaliyyətlərinə maneələrin yaradılması ciddi narahatlıq doğurur: “Jurnalistlərin təhlükəsizliyini təhdid edən bu cür hərəkətlər eyni zamanda cəmiyyətin ictimai əhəmiyyətli hadisələr barədə məlumat almaq hüququna müdaxilədir”.
Bəyanatda həmçinin qeyd edilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, onlara təzyiq göstərilməsi və təqib olunması yolverilməzdir:
“Azərbaycan Respublikası Media və Yayım Şurası jurnalistlərə qarşı zorakılıq və onların qanuni peşə fəaliyyətinə maneə yaradılması hallarını qətiyyətlə qınayır, baş vermiş hadisələrin operativ, hərtərəfli və obyektiv araşdırılacağına əminliyini ifadə edir, hər kəsi media nümayəndələrinin qanuni fəaliyyətinə hörmətlə yanaşmağa və onların peşə vəzifələrini təhlükəsiz, sərbəst və maneəsiz yerinə yetirmək hüququna riayət etməyə çağırır”.
Jurnalistə hücum cəmiyyətin informasiya hüququna hücumdur...
Əslində, məsələnin mahiyyəti çox sadədir. Jurnalist hadisə yerinə kiminsə şəxsi marağına xidmət etmək üçün deyil, cəmiyyətin məlumat almaq hüququnu təmin etmək üçün gedir. Bu hüquq yalnız xoş xəbərlərə, rəsmi tədbirlərə və problemsiz hadisələrə aid deyil. Əksinə, faciələrin, qəzaların, yanğınların, ictimai narazılıq doğuran olayların işıqlandırılması medianın ən mühüm funksiyalarından biridir.
225 nömrəli məktəbdə baş verən faciə də, Nizami rayonundakı yanğın da ictimaiyyətin məlumat almaq istədiyi hadisələr idi. Hər iki halda jurnalistlərin işi məlumat toplamaq və onu cəmiyyətə çatdırmaq olub. Media və Yayım Şurasının bəyanatı bu baxımdan mühüm institusional mövqedir. Amma indi əsas gözlənti bəyanatda səslənən prinsiplərin praktik nəticələrə çevrilməsidir.
Yeganə BAYRAMOVA