Avropada Ermənistanın mina terroru ifşa edilir...  

Azərbaycan dünyada mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. 30 illik işğal dövründə Ermənistan xeyli sayda hərbi cinayətlər törədib ki, bunların sırasında mina terroru da əsas yerlərdən birini tutur. İşğal dövründə ərazilərimizin təxminən 13 faizi mina ilə çirkləndirilib. Hazırda hökumət tərəfindən azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi işləri davam etdirilir. 

“Minasız dünya” kampaniyası Milan şəhərində...

Ölkəmiz beynəlxalq ictimaiyyəti mütəmadi olaraq Ermənistanın mina terror barədə məlumatlandırır, müxtəlif platformalar çərçivəsində bu yöndə tədbirlər keçirir. Məqsəd beynəlxalq birliyin diqqətini problemin həllinə yönəltməkdir. Bütün bunları nəzərə alaraq, beynəlxalq ictimaiyyət  minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməli, Azərbaycanın davam edən minatəmizləmə səylərinə dəstək olmalıdır. Çünki sözügedən ərazilər minalarla həddən artıq çirkləndirilib. Müsbət haldır ki, ölkəmizin dostları bu istiqamətdə öz dəstəyini göstərir. Bütün bunlarla yanaşı, müvafiq beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdır.

Mina terroru ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında qeyri-hökumət təşkilatları da fəal iştirak edir. Oktyabrın 21-də Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində İtaliyanın Milan şəhərində növbəti sərginin təşkil olunması da buna misaldır. Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyindən verilən məlumata görə, ziyarətçilərə məlumat verilib ki, Ermənistan və Azərbaycan arasında münaqişə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükə davam edir və bu, davamlı sülhə ziyan vurur. Ermənistan Azərbaycan qarşısındakı öhdəliklərinə əməl etməli, dəqiq mina xəritələrini təhvil verməlidir.

Aksiya böyük maraqla qarşılanıb. Xatırladaq ki, kampaniya çərçivəsində bu il oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də İtaliyanın Roma şəhərlərində silsilə fotoekspozisiyalar keçirilib.

“Gilavar Foto Klubu” İctimai Birliyi Azərbaycanın QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

Rumıniyada mina təmizləyən qadınlar haqqında film nümayiş olunub

Rumıniyanın Sibiu şəhərində keçirilən beynəlxalq “Astra Film Festival” çərçivəsində azərbaycanlı rejissor Fəriz Əhmədovun Qarabağda mina təmizləmə işləri ilə məşğul olan qadınlardan bəhs edən “Səssiz addımlar” sənədli filmi nümayiş etdirilib. Rumıniyanın “Europa FM” radiostansiyasının rəsmi saytında dərc olunan məqalədə Azərbaycan və Polşanın 2026-cı il istehsalı olan birgə sənədli filmə xüsusi diqqət ayrılıb. Festivalın dördüncü günündə “Astra Film Cinema”da nümayiş etdirilən ekran əsəri müharibə nəticəsində minalarla çirklənmiş Qarabağ ərazilərində çalışan qadınların həyatından bəhs edir.

Filmdə tamaşaçılara qadınların həm təhlükəli mina təmizləmə əməliyyatları zamanı gördükləri iş, həm də ailə və gündəlik həyatları təqdim olunur. “Europa FM”in jurnalisti Mihnea Qolea festival haqqında hazırladığı məqalədə ekran əsərinin tamaşaçıları Qarabağda mina təmizləyən qadınların az tanınan dünyası ilə tanış etdiyini vurğulayıb. Məqalədə filmin qəhrəmanlarının təhlükəli peşələrinə baxmayaraq, qadınlıq xüsusiyyətlərini və ailə dəyərlərini qoruyub saxlamalarına diqqət çəkilir. Qəhrəmanlardan biri, hətta mina təmizləyərkən də səliqəli və zərif görünməyin vacibliyini bildirir. Digər qadın isə insanların onların mina təmizləməsinə təəccübləndiyini, lakin qadınlar üçün ən çətin və məsuliyyətli işlərdən birinin analıq olduğunu vurğulayır. Rumıniyalı jurnalist bu fikirləri filmin ən təsirli məqamları kimi qiymətləndirərək, sənədli ekran əsərinin tamaşaçıları gündəlik həyatda az qarşılaşdıqları reallıqlar haqqında düşünməyə vadar etdiyini yazıb.

İtkin ailələrinin üzvlərinin Avropa Parlamenti qarşısında aksiyası...

Qeyd edək ki, “Astra Film Festival” Rumıniyanın ən uzun tarixə malik sənədli film festivallarından biridir. Builki proqramda 70-dən çox sənədli film və 200-dən artıq kino tədbiri yer alıb. Festival çərçivəsində müxtəlif ölkələrdən olan rejissorların əsərləri nümayiş etdirilir, aktual sosial və mədəni mövzulara dair müzakirələr təşkil olunur.

Bundan əlavə, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri də Avropada Ermənistana qarşı etiraz aksiyalarına başlayıb. Həmin aksiyalarda da mina problemi gündəmə gətirilib. Oktyabrın 20-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında və oktyabrın 21-də isə “Schuman” meydanında bir qrup azərbaycanlı itkin ailəsi aksiyalar keçirib. Qeyd olunub ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır.

Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb

Xatırladaq ki, Vətən müharibəsindən sonra 443 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, mina qurbanlarının 58 nəfəri mülki şəxslərdir, onların arasında qadınlar və uşaqlar da var: “Azərbaycan mina qurbanlarının sayına görə Cənubi Qafqazda birincidir. Təəssüf ki, bu say artmaqda davam edir”. Təşkilat rəhbəri diqqətə çatdırıb ki, “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, eyni zamanda, Minatəmizləmə Agentliyinin tərəfdaşlığı ilə birgə elan olunan qrant müsabiqəsi çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması olub.

H.Səfixanovun sözlərinə görə, Kəlbəcər, Şuşa, Cəbrayıl, Xocavənd şəhərlərində, Laçın rayonunun Bəylik, Sus, Zabux kəndlərində, Xocavəndin Qırmızı Bazar qəsəbəsində və Xanoba kəndində, eləcə də Zəngilanın Ağalı kəndində keçirilən maarifləndirmə tədbirlərində geri qayıtmış keçmiş məcburi köçkünlər, müəllimlər, şagirdlər, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları, həmçinin mühəndis və fəhlələr iştirak ediblər.

Nardar BAYRAMLI