Kövrək sülhün möhkəmləndirilməsi üçün...

Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənir

Azərbaycanın postmüharibə dövründə nümayiş etdirdiyi siyasi davranış modeli beynəlxalq münasibətlər sistemində nadir və diqqətəlayiq nümunələrdən biri kimi qiymətləndirilir. Tarixən müharibələrdən qalib çıxan dövlətlərin məğlub tərəfi siyasi və iqtisadi təzyiqlər altında saxlamağa çalışması tez-tez rast gəlinən praktika olub - Azərbaycan isə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra tamamilə fərqli bir yol seçdi. Bakı regionun əbədi sabitliyi və inkişafı naminə sülh, əməkdaşlıq və inteqrasiya xəttini prioritet elan etdi.

Müharibədən dərhal sonra irəli sürülən sülh təşəbbüsləri, sülh konsepsiyası, kommunikasiyaların açılması, regional iqtisadi əməkdaşlıq ideyaları Azərbaycanın strateji baxışının göstəricisidir. Bu yanaşma Cənubi Qafqazın illərlə üzərində formalaşmış “konfrontasiya bölgəsi” imicinin dəyişdirilməsini hədəfləyir. Bakı açıq şəkildə bəyan edir ki, region əməkdaşlıq və qarşılıqlı fayda məkanına çevriləcək.

Məhz Azərbaycanın təşəbbüskarlığı və prinsipial mövqeyi nəticəsində bu gün Cənubi Qafqaz qlobal güc mərkəzlərinin diqqətindədir. Şərqlə Qərb arasında yeni uzlaşma coğrafiyası, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsi kimi regionun geosiyasi əhəmiyyəti sürətlə artır. Bu kontekstdə sülhün yalnız regional deyil, qlobal təhlükəsizlik üçün də vacib amil olduğu aydın görünür. Ötən ilin avqustunda Vaşinqtonda keçirilən üçtərəfli görüş isə Azərbaycanın memarı olduğu sülh gündəliyinin beynəlxalq platformada real siyasi məzmun qazandığını təsdiqləyən mühüm hadisə kimi tarixə düşdü.

Ermənistanla sülhü dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik

Qeyd edək ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və 30 il işğal faktının həyata keçirilməsi açıq-aşkar hərbi təcavüz, beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasını tələb etsə də, bu sənədlər kağız üzərində qaldı. Münaqişənin həllində vasitəçi kimi yaradılmış ATƏT isə fəaliyyətsizliyi, daha çox isə işğalçıya haqq qazandırmaq im?tasiyaları ilə yadda qaldı. Bu siyahıya Avropa Parlamenti, AŞPA kimi təşkilatları da əlavə etmək olar. Ən böyük ədalətsizlik isə ondan ibarət idi ki, bu gün başqa regionlarda baş verən münaqişələrə dərhal reaksiya verən, sanksiyalar tətbiq edən, hərbi və iqtisadi təzyiq mexanizmlərini işə salan dövlətlər Azərbaycan məsələsində eyni prinsipiallığı nümayiş etdirmirdilər. Bu yanaşma isə beynəlxalq hüququn universallığı prinsipini sual altına qoydu. Əgər hüquq yalnız güclü dövlətlərin maraqlarına uyğun hallarda işləyirsə, bu artıq hüquq deyil, siyasi alətdir. Azərbaycan bu riyakarlığı açıq şəkildə gördü və nəticədə anladı ki, ədalət yalnız sözlə deyil, güclü dövlət iradəsi ilə təmin olunur. Vətən müharibəsində qazanılan Qələbə də məhz bu ədalətsizliyə verilən tarixi cavab oldu. Beləliklə, ölkəmizin qarşısında dayanan 1 nömrəli vəzifə həyata keçirildi - torpaqlarımız işğaldan azad edildi.

Yeni sülh modeli isə təkcə region üçün deyil, qlobal miqyasda da müsbət presedent kimi qiymətləndirilir. Bunun nəticəsidir ki, ötən ilin avqustunda Vaşinqtonda baş tutan Sülh Zirvəsi prosesin yeni mərhələyə qədəm qoymasını şərtləndirib. Bu görüş Bakının təşəbbüsü ilə ortaya çıxan sülh gündəliyinin qlobal təsdiqi, Azərbaycanın siyasi iradəsinin dəstəklənməsi idi. Qeyd olunduğu kimi, sülh sazişi layihəsinin paraflanması tərəflərin prinsipial məsələlərdə yaxınlaşdığını göstərdi. Hazırkı situasiya hətta Ermənistan üçün də yeni imkanlar vəd edir. Regional inteqrasiya, nəqliyyat xətlərinin açılması, Zəngəzur dəhlizinin (TRİPP) reallaşması və iqtisadi əməkdaşlıq platformalarının genişlənməsi Ermənistan iqtisadiyyatında ciddi canlanma yarada bilər. Azərbaycanla ticarət əlaqələrinin qurulması, enerji və neft məhsullarının ixracı reallığı da bu yeni mərhələnin nəticələri kimi qiymətləndirilə bilər. Beləliklə, Vaşinqton Zirvəsi və sonrakı diplomatik addımlar göstərir ki, Bakının əsasını qoyduğu sülh prosesi artıq yeni mərhələyə daxil olub. Bu mərhələnin əsas xüsusiyyəti qarşıdurmadan əməkdaşlığa keçiddir və bu keçidin əsas təşəbbüskarı da məhz Azərbaycandır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib ki, bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi. İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası: “2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik”.

Emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı...

Sülh şəraitində yaşamaq asan deyil - xüsusilə uzun illər müharibə psixologiyası ilə yaşayan cəmiyyətlər üçün. Azərbaycan bu mərhələni məsuliyyətlə və uzaqgörənliklə keçir. Hələ kövrək olan sülhün möhkəmləndirilməsi üçün Bakı səylərini ortaya qoyur. Bəli, qarşıda uzun və perspektivli bir yol var, lakin bu yolun gətirəcəyi dividendlər böyükdür. Sülh regionu qarşıdurma məkanından əməkdaşlıq platformasına çevirə bilər. Azərbaycanın təqdim etdiyi sülh gündəliyi revanşizmə deyil, gələcəyə hesablanıb. Bu yanaşma Cənubi Qafqazın sabit, təhlükəsiz və inkişaf edən bir regiona çevrilməsi üçün real əsas yaradır. Əgər biz revanşizmə meyllənsəydik. Bu İrəvan üçün daha ağır nəticələrə yol aça bilərdi. Dövlət başçısı YAP-ın VIII Qurultayında bildirib ki, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub: “Təkbaşına düşməni məğlubiyyətə uğratmaq, düşmənə öz şərtlərini diktə etmək, onu kapitulyasiya aktına imza atmağa məcbur etmək, baxmayaraq ki, sənə 30 il əzablar verib, ondan sonra lazımi vaxtda dayanmaq, sülhə nail olmaq ki, daha qan tökülməsin. Çünki bizə əbədi müharibə lazım deyil, bu bizim seçimimiz olmayıb. İkinci Qarabağ müharibəsində biz lazımi vaxtda dayandıq və 2023-cü ildə sentyabr ayında da lazımi vaxtda dayandıq. Halbuki müxtəlif variantlar var idi. Amma uzaqgörənlik, strateji düşüncə və xalqımızın əsas maraqlarının nəzərə alınması amilləri bax, bu siyasəti diktə edir. Siyasətdə emosiyalara yer yoxdur. Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı”.

Konstitusiyada dəyişiklik...

Vurğulandığı kimi, qalib dövlət olan Azərbaycan həm regionun, həm də ümumilikdə Avrasiyanın geostrateji imkanlarını genişləndirir. Bakı revanşist ritorikadan çıxış etməyərək Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret strateji yol xəritəsi təqdim etdi və bu da nəticə etibarı ilə, bölgədə davamlı sabitlik üçün ilkin meyara çevrildi. Bölgənin inkişafının sülhdən asılı olduğu qədər, sülhün də bir çox təsirlərdən qorunmasına ehtiyac var. İlk növbədə, bölgədə davamlı sabit vəziyyət yaratmaq üçün Ermənistan rəsmi şəkildə Azərbaycan torpaqlarına əsassız iddiadan imtina etməlidir. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı iddiaların aradan qaldırılması kimi bir addım zəruri xarakter daşıyır. Başqa sözlə, daimi sülh üçün həm də hüquqi baza möhkəm olmalıdır. Konstitusiya dəyişiklikləri, normativ sənədlərin uyğunlaşdırılması və cəmiyyətin sülhə hazırlanması bu prosesin ayrılmaz hissəsidir. Əks halda, imzalanacaq sənəd uzunömürlü olmaya bilər. Bu baxımdan sülh müqaviləsi regionun gələcəyi üçün həlledici sənəd olmalıdır.

 Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi əsasında yazılan konstitusiya 1995-ci il iyulun 5-də qəbul edilib. Problem isə ondan qaynaqlanır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərardan bəhs olunur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur.

Ziddiyyət Ermənistan üçün müsbət nəticə vəd etmir

Qeyd olunmalıdır ki, Ermənistanın siyasi hakimiyyəti, hətta baş nazir Nikol Paşinyan son çıxışlarında bu məsələyə toxunub. Hökumət başçısı bildirib ki, Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir. Hətta Ermənistan hakimiyyəti yeni Konstitusiya üzərində işlənildiyini də bildirir. Amma prosesi operativ şəkildə nəticələndirmək daha çox İrəvanın maraqlarına uyğundur.

Bəzi hallarda Ermənistanın siyasi rəhbərliyi sülhə dəstək nümayiş etdirdiyini bildirsə də, beynəlxalq platformalarda səslənən çıxışlarda bu mövqeyə ciddi kölgə salınır. Xüsusilə Avropanın bəzi strukturlarının təsiri ilə edilən çıxışlar yeni situasiyaya uyğun olmayan, köhnə ritorikanı xatırladan yanaşma kimi qiymətləndirilir. Bu tip çıxışlar Ermənistanın sülh prosesində səmimiyyətinə dair suallar yaradır. Bir tərəfdən sülhdən danışmaq, digər tərəfdən beynəlxalq tribunalarda qarşı tərəfi hədəf alan bəyanatlar vermək konstruktiv xətt deyil. Bu, həm də Ermənistanın öz mövqeyini zəiflədən amildir.

P.İSMAYILOV