Bərdə terrorundan 6 il ötür
Hazırda torpaqlarımızın erməni işğlaından azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin altıncı ildönümünü yaşayırıq. Rəşadətli ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğal olunmuş torpaqlarımızı azad etdi. Bu müqəddəs mübarizəmiz qansız, itkisiz olmadı. Tariximizə qızıl hərflərlə yazılmış Qarabağ Zəfərinin əldə olunması üçün çox ağrılı, acılı proseslərdən keçmişik. Ermənilərin xain terror hücumları nəticəsində nə qədər evlər dağılıb, uşaqlar, qocalar, qadınlar həyatını itirib, uşaqlar valideynsiz qalıblar. Şanlı Zəfərimizi qeyd etdiyimiz kimi, erməni cinayətlərini, erməni terrorunu da qeyd edirik, bu qanlı terror hadisələrini unutmamalıyıq və unutmuruq.
Ordumuzun qarşısında aciz qalan düşmənin hədəfi...
Vətən müharibəsində Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan təcavüzkar Ermənistan hərbi cinayətlər törədərək yaşayış məntəqələrini atəşə tutur, mülki şəxsləri hədəfə alırdı. Ermənilərin hədəflərindən biri də döyüş bölgəsindən xeyli uzaqda olan yaşayış məntəqələri idi. Buna nümunə kimi, Bərdəyə, Gəncəyə, Tərtərə və digər bölgələrə raket hücumlarını göstərmək olar.
Bu gün Ermənistan hərbi birləşmələrinin Bərdə rayonuna növbəti hücumundan 6 il ötür. Belə ki, işğalçı hərbi birləşmələr döyüş zonasından xeyli uzaqda yerləşən Bərdə şəhəri və onun Qarayusifli kəndi hədəfə alınıb, ilk hücumlar nəticəsində mülki şəxslər həlak olub və yaralanıb. Xüsusilə 2020-ci il oktyabrın 27-də Qarayusifli kəndinə edilən raket hücumu azyaşlı Aysu İsgəndərova da olmaqla 5 nəfərin ölümünə səbəb olub. Oktyabrın 28-də isə Bərdənin mərkəzində kasetli bombalardan istifadə edilməklə törədilən ən qanlı terror aktı nəticəsində 21 dinc sakin şəhid olub, 70-dən çox insan ağır yaralanıb və mülki infrastruktura külli miqdarda ziyan dəyib.
Ermənistanın Bərdə rayonunda kasetli sursatlardan istifadə etməsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən yerində araşdırılaraq təsdiqlənib. Hətta Azərbaycana qarşı həmişə qərəzli yanaşma ortaya qoyan “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatlar da erməni cinayətlərini etiraf etməyə məcbur oldular. Belə ki, “Amnesty International” rəsmi bəyanatında Bərdədə Rusiya istehsalı olan “9M55 Smerç” raketlərindən atılmış qadağan olunmuş “9N235” tipli kasetli sursatların fraqmentlərini vizual olaraq sənədləşdirib. Qurum bu hücumu “qəddar və məsuliyyətsiz” addım kimi qiymətləndirərək mülki zonaların bu cür silahlarla vurulmasını pisləyib. “Human Rights Watch” isə hadisə yerindən çəkilən çoxsaylı foto və videoları peyk görüntüləri ilə qarşılaşdıraraq araşdırma aparıb. Təşkilat araşdırmasında Ermənistanın Bərdədə dinc sakinlərin sıx yaşadığı məntəqələri kasetli bombalarla vurduğunu və bunun genişmiqyaslı mülki tələfata yol açdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
5 hücum, 28 şəhid və 106 yaralı...
Bundan əlavə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən “Ombudsman Fact-Finding Mission Report” adında xüsusi hesabat hazırlanaraq beynəlxalq qurumlara göndərilib.
Ümumilikdə, 44 günlük müharibə dövründə Bərdə rayonu müxtəlif tarixlərdə (5, 8, 27, 28 oktyabr və 7 noyabr) 5 dəfə raket hücumuna məruz qalıb, nəticədə 28 nəfər həlak olub, 108 nəfər isə yaralanıb.
Bütövlükdə, Ermənistan silahlı qüvvələrinin ağır müharibə cinayətlərinin miqyası çox böyükdür. Verilən rəsmi məlumatlara görə, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib. Bununla da Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərləri, humanizm prinsiplərini ayaqlar altına atıb, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozub.
Hücum əmrini Ermənistanın siyasi-hərbi rəhbərliyi verib
Məlumdur ki, vaxtilə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham olunan erməni separatçılarının başçıları olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, eləcə də Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri ədalət mühakiməsinə çıxarılaraq cəzalarını çəkirlər. Onların məhkəmə iclaslarında 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı yaşayış məntəqələrinin raketlərlə vurulmasına dair sənədlər elan edilmişdi. Sənədlərdən bir daha aydın olur ki, Ermənistan silahlı qüvvələri mülki insanlara və obyektlərə raket zərbələrini atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq endirib. Hərbi hədəf olmayan mülki obyektlər, həmçinin mülki əhaliyə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipli raketlərlə zərbələr endiriblər. Bu tip raketlər keçmiş SSRİ-nin, habelə MDB dövlətlərinin silahlı qüvvələri üçün strateji vasitə olan əməliyyat-taktiki silah sistemlərinə aid olduğundan, tətbiq hüququ müvafiq dövlətin başçısına, habelə onun razılığı ilə müdafiə nazirinə məxsusdur. Beləliklə, Bərdənin, Gəncənin və digər yaşayış məntəqələrinin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verildiyi məhkəmədə növbəti dəfə təsdiqini tapıb.
Nardar BAYRAMLI