25 Oktyabr – Qubadlı Şəhəri Günü: Tarixi Zəfərdən Böyük Qayıdışa Doğru

 

 

Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən 25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın milli qürurunu, dövlətimizin gücünü və ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan mübarizənin əhəmiyyətini özündə əks etdirir. Bu əlamətdar gün Qubadlı şəhərinin işğaldan azad olunmasının ildönümü kimi qeyd edilir və Azərbaycanın tarixi Zəfərinin mühüm mərhələlərindən biri olaraq yaddaşlarda yaşayır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin azad olunmasının tarixi əhəmiyyətini vurğulayaraq demişdir: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri işğaldan azad edildi. Bu hadisə Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu, xalqımızın qələbə əzmini daha da gücləndirdi. Qubadlının azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, tarixi ədalətin bərqərar olmasının da təcəssümü idi.

2020-ci ildə əldə edilən tarixi Zəfər bu həsrətin sona çatması və doğma torpaqlarda yeni həyatın başlanması üçün şərait yaratdı. Qubadlının azad olunması yalnız hərbi uğur deyil, həm də yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıdışı ilə bağlı ümidlərin gerçəkləşməsi demək idi.

Qubadlının azad edilməsində iştirak edən hərbi qulluqçuların qəhrəmanlığının və fədakarlığının əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Bu medal Vətən uğrunda döyüşən, torpaqlarımızın azadlığı naminə böyük şücaət göstərən hərbçilərin xidmətlərinə verilən qiymətin ifadəsidir. Qubadlı uğrunda döyüşlərdə göstərilən igidlik Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin mühüm səhifələrindən biri kimi daim xatırlanacaqdır.

Qubadlının azad edilməsindən sonra qarşıda duran əsas vəzifələrdən biri bölgənin yenidən qurulması, infrastrukturun bərpası və sakinlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsidir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

2021-ci il oktyabrın 25-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlıya səfəri rayonun bərpa və inkişaf tarixində əlamətdar hadisə oldu. Səfər çərçivəsində Xanlıq–Qubadlı yolunun təməlqoyma mərasimi keçirildi. Bu yolun inşası bölgənin nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, yaşayış məntəqələri arasında hərəkətin asanlaşdırılması və iqtisadi fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Həmin səfər zamanı “Qubadlı” yarımstansiyasının açılışı da baş tutdu. Elektrik enerjisi infrastrukturunun yenilənməsi bölgədə həyata keçirilən bərpa-quruculuq işlərinin vacib istiqamətlərindən biridir. Eyni zamanda, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı Azərbaycanın dövlət sərhədlərinin etibarlı qorunmasına, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə verilən önəmin göstəricisi oldu.

Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin salınması isə doğma yurda qayıdışın real məzmun kəsb etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir yaşayış məhəllələrinin yaradılması insanların rahat və təhlükəsiz şəraitdə yaşaması, sosial xidmətlərdən istifadə etməsi və şəhər həyatının yenidən canlanması üçün zəmin yaradır. Şəhərin bərpası yalnız binaların inşası ilə məhdudlaşmır; burada sosial həyatın, iqtisadi fəaliyyətin və milli-mənəvi dəyərlərin də yenidən dirçəldilməsi nəzərdə tutulur.

25 Oktyabr – Qubadlı Şəhəri Günü həm də Vətən müharibəsində qazanılan Zəfərin qədrini bilmək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək və qazilərimizin fədakarlığını unutmamaq günüdür. Qubadlı uğrunda döyüşlərdə canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Onların göstərdiyi igidlik gələcək nəsillər üçün vətənpərvərlik, cəsarət və fədakarlıq nümunəsidir.

Bu gün Qubadlıda həyata keçirilən bərpa və quruculuq tədbirləri doğma torpaqların əvvəlki həyatına qovuşması istiqamətində atılan mühüm addımlardır. Qarşıda duran əsas məqsəd şəhərin müasir tələblərə uyğun inkişafını təmin etmək, sakinlərin rahat yaşayışı üçün zəruri şərait yaratmaq və Qubadlının iqtisadi, sosial və mədəni həyatını yenidən canlandırmaqdır.

Bu ilin sonuna kimi Qubadlının Mahruzlu və Zilanlı kəndlərinə ilk köçün olması keçmiş məcburi köçkünlərin doğma diyarlarına olan sonsuz məhəbbətinin təcəssümü kimi qiymətləndirilir.Artıq bu kəndlərin sakinləri gələcək həyatlarını yaşayıb yaratmaq arsuzunu öz doğma yurdlarında keçirəcəklər və şəhidlərimizə, qazilərimizə, ordumuza və cənab Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlıq hisslərini bildirirlər.

25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın birliyinin, əzminin və doğma torpaqlara bağlılığının rəmzidir. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsinin, dövlətimizin gücünün və xalqımızın sarsılmaz iradəsinin təcəssümüdür. Qubadlı şəhərinin azadlığı ilə başlanan yeni mərhələ bu gün bərpa, quruculuq və Böyük Qayıdış istiqamətində davam edir. Doğma Qubadlının yenidən abadlaşması, sakinlərinin öz yurdlarına qayıtması və şəhərin gələcək nəsillər üçün inkişaf edən yaşayış məkanına çevrilməsi bu tarixi Zəfərin ən mühüm davamıdır.

 

Təhmasib Rüstəmov

YAP Qubadlı rayon təşklatının sədri