Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tədbirdə çıxış edərək ölkəmizin tarixi multikulturalizm ənənələrinə, müxtəlif xalqların və dini icmaların birgəyaşayış təcrübəsinə, milli həmrəyliyin dövlətin sabit inkişafındakı roluna və mədəniyyətlərarası dialoqun müasir dünyada artan əhəmiyyətinə toxunub. Ölkə Prezidentinin çıxışı Azərbaycanın mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfənin, milli-mənəvi dəyərlərə sadiqliyinin və beynəlxalq münasibətlərdə dialoqa əsaslanan yanaşmasının ifadəsi kimi diqqət çəkir. Müasir dünyada münaqişələrin, dini və etnik ayrı-seçkiliyin, qarşılıqlı etimadsızlığın artdığı bir şəraitdə fərqli mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsi və ortaq problemlərin müzakirəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın bu istiqamətdəki mövqeyi təsadüfi deyil. Ölkəmizin Avropa ilə Asiyanın qovşağında yerləşməsi tarixən müxtəlif sivilizasiyalar arasında əlaqələrin formalaşmasına şərait yaradıb. Əsrlər boyu Azərbaycan müxtəlif mədəniyyətlərin, dini inancların və ənənələrin qarşılaşdığı, qarşılıqlı təsir göstərdiyi məkan olub. Bu tarixi təcrübə xalqımızın dünyagörüşündə dözümlülük, qarşılıqlı hörmət və birgəyaşayış prinsiplərinin möhkəmlənməsinə zəmin yaradıb.Prezident İlham Əliyevin vurğuladığı kimi, multikulturalizm, dini və etnik dözümlülük Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı dəyərlərdəndir. Bu yanaşmanın mahiyyəti yalnız müxtəlifliyə hörmətlə yanaşmaqdan ibarət deyil. Əsas məsələ fərqli mənşəyə, dilə, mədəniyyətə və dini inanca malik insanların özlərini cəmiyyətin bərabərhüquqlu üzvləri kimi hiss etməsi, ümumi vətən qarşısında məsuliyyət daşıması və vahid ictimai mühitdə sərbəst yaşamasıdır. Azərbaycan cəmiyyətinin üstün cəhətlərindən biri də müxtəlifliyin milli birliyə maneə kimi deyil, ictimai həyatın təbii zənginliyi kimi qəbul edilməsidir. Ölkəmizdə müxtəlif etnik qrupların və dini icmaların nümayəndələrinin birgəyaşayış təcrübəsi qarşılıqlı anlaşmanın və sosial həmrəyliyin əhəmiyyətini nümayiş etdirir. Konstitusiya ilə təsbit olunmuş bərabərlik prinsipi də bu münasibətlərin hüquqi əsasını təşkil edir. Dövlətçilik, vətənpərvərlik və ümummilli maraqlar ətrafında birləşmək cəmiyyətin bütövlüyünü möhkəmləndirən başlıca amillərdəndir. Dövlət başçısının çıxışında azərbaycançılıq ideyasına xüsusi diqqət yetirilməsi də bu baxımdan mühüm məna daşıyır. Azərbaycançılıq ölkədə yaşayan bütün xalqları və etnik qrupları vahid dövlətçilik məfkurəsi ətrafında birləşdirən ideoloji əsasdır. Bu ideya milli kimliyin qorunmasını, ümumi vətənə bağlılığı və cəmiyyətin bütün təbəqələrinin ölkənin gələcəyi naminə birgə fəaliyyətini təşviq edir. Məhz belə bir yanaşma müxtəlifliyin parçalanma deyil, birlik mənbəyinə çevrilməsinə imkan yaradır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqillik tarixinin mürəkkəb mərhələlərində milli birliyin nümayiş etdirilməsinə də toxunub. Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı dövründə, xüsusilə 2020-ci il Vətən müharibəsi zamanı müxtəlif etnik və dini mənsubiyyətə malik Azərbaycan vətəndaşlarının vahid məqsəd uğrunda birləşməsi milli həmrəyliyin bariz nümunəsi kimi təqdim olunub.