Göygöldə “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş "Qalib gənclik" adlı intellektual oyun keçirilib

 

 

      YAP Göygöl rayon təşkilatının, Göygöl Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin Göygöl rayon sektorunun, Göygöl Gənclər evinin və Göygöl rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı orta ümumtəhsil məktəblərinin komandaları arasında “Qalib gənclik” adlı intellektual oyun keçirilib. Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

       Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə və Təhsil sektorunun əməkdaşı Afət Hacıyeva çıxış edərək  ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından, Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən və bu gün 6-cı ilini qeyd etdiyimiz Məhtəşəm Zəfərin əhəmiyyətindən danışıblar.

      Natiqlər keçirilən tədbirin əsasən Zəfər tarixinin anılması, gənclərin intellektual potensialının inkişafı, rayonda intellektual potensiallı gənclərin aşkara çıxarılması, gənclərdə sağlam rəqabətin formalaşdırılması məqsədini daşıdığını diqqətə çatdırıblar və iştirakçı komandalara uğurlar arzulayıblar.

      İntellektual oyunun nəticələrinə görə I yeri Göygöl şəhər 4 nömrəli tam orta məktəbin komandası, II yeri Üçtəpə kənd tam orta məktəbin komandası, III yeri isə Texniki Təbiət Fənləri Təmayüllü Liseyin komandası qazanıb.

     Qalib komandalara fəxri fərmanlar və diplomlar təqdim olunub.