Müasir dünyada geosiyasi gərginliklərin artdığı, mədəni və dini fərqliliklərin bəzən qarşıdurma vasitəsinə çevrildiyi bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da artır. Belə bir dövrdə Azərbaycanın beynəlxalq dialoq platformasına çevrilməsi ölkəmizin nüfuzunun, ardıcıl siyasətinin və qlobal proseslərdə artan rolunun göstəricisidir.
2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin beynəlxalq əməkdaşlığa, sülhə və qarşılıqlı anlaşmaya əsaslanan siyasi mövqeyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər Azərbaycanın yalnız qlobal problemlərin müzakirəsində iştirak edən deyil, onların həlli istiqamətində təşəbbüslər irəli sürən dövlət olduğunu təsdiqlədi.
Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində qazandığı mövqe əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinə və dövlət siyasətinə əsaslanır. Ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşaması milli birliyimizin mühüm göstəricisidir. Bu təcrübə sübut edir ki, fərqliliklər cəmiyyətləri ayıran deyil, düzgün yanaşma olduqda onları zənginləşdirən amilə çevrilə bilər.
Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm ənənələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları ölkəmizin müxtəlif sivilizasiyalar arasında anlaşmanın möhkəmləndirilməsinə verdiyi töhfənin bariz nümunəsidir. Bakının dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirməsi Azərbaycanın etibarlı tərəfdaş və dialoq məkanı kimi mövqeyini gücləndirir.
Dövlətimizin başçısı çıxışında sülhün təmin olunması və beynəlxalq hüququn aliliyi məsələləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın keçdiyi tarixi yol göstərdi ki, beynəlxalq hüququn prinsiplərinin ardıcıl tətbiqi və dövlətlərin suverenliyinə hörmət davamlı sabitliyin əsas şərtləridir.
Uzun illər ərazilərinin işğalına məruz qalan Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə tarixi ədaləti təmin etdi. Bununla yanaşı, ölkəmiz regionda davamlı sülhün qurulması istiqamətində mövqeyini ortaya qoydu. Bu yanaşma bir daha təsdiqləyir ki, əsl sülh yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı etimad, beynəlxalq hüquqa hörmət və real öhdəliklərin yerinə yetirilməsi ilə mümkündür.
Beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılması da mühüm əhəmiyyət daşıyır. Hüquqi prinsiplərin bütün dövlətlərə eyni şəkildə tətbiq olunması beynəlxalq təşkilatlara etimadın qorunması və ədalətli dünya nizamının formalaşması üçün zəruridir.
Azərbaycanın beynəlxalq nüfuzunun artması ölkəmizin müstəqil siyasəti, iqtisadi potensialı və strateji tərəfdaşlıqları ilə sıx bağlıdır. Enerji təhlükəsizliyinə verilən töhfə, nəqliyyat-kommunikasiya imkanları və regional əməkdaşlıq təşəbbüsləri Azərbaycanın beynəlxalq münasibətlər sistemində əhəmiyyətini artırır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət milli maraqların qorunmasını beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə uzlaşdırır. Azərbaycanın təcrübəsi göstərir ki, güclü dövlətçilik, milli birlik və praqmatik diplomatiya ölkənin həm regional, həm də qlobal miqyasda mövqelərini möhkəmləndirən əsas amillərdir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha təsdiqlədi ki, Azərbaycan fərqli mədəniyyətlər arasında anlaşmanın möhkəmləndirilməsinə və qlobal problemlərin həllinə töhfə verməyə hazır olan dövlətdir. Prezident İlham Əliyevin çıxışında ifadə olunan əsas mesaj isə aydındır: gələcəyin təhlükəsiz və sabit dünyası qarşıdurma deyil, dialoq; ayrı-seçkilik deyil, bərabərlik; ikili standartlar deyil, beynəlxalq hüquq prinsipləri üzərində qurulmalıdır.
Azərbaycanın irəli sürdüyü bu yanaşma təkcə bugünkü çağırışlara cavab deyil, həm də gələcək nəsillər üçün daha ədalətli, təhlükəsiz və əməkdaşlığa açıq dünyanın formalaşmasına xidmət edən strateji baxışdır.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri