Qubadlıdan başlayan zəfər yolu

Qubadlı Azərbaycanın qəhrəmanlıq salnaməsində özünəməxsus yeri olan, milli iradənin, vətənə bağlılığın və azadlıq əzminin təcəssümünə çevrilmiş qədim yurd yerlərimizdən biridir. Bu torpaq əsrlər boyu formalaşan tarixi-mədəni irsi, zəngin təbiəti və mərd insanları ilə xalqımızın milli yaddaşında mühüm yer tutub. Qubadlının adı çəkiləndə yaddaşımızda həm doğma yurd həsrəti, həm də Vətən uğrunda mübarizənin qürurlu səhifələri canlanır. 1993-cü ilin avqustunda Qubadlının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayon sakinlərinin həyatında ağır sınaqların başlanğıcı oldu. Minlərlə insan doğma evini, torpağını tərk etməyə məcbur qaldı. İllərlə davam edən məcburi köçkünlük həyatı, yurd həsrəti və doğma torpağa qayıtmaq arzusu Qubadlı sakinlərinin qəlbində silinməz izlər buraxdı. Lakin bütün çətinliklərə baxmayaraq, onlar öz torpaqlarına qayıdacaqlarına, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına inamlarını qoruyub saxladılar. Bu inam 2020-ci ilin payızında real tarixi zəfərə çevrildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq nümayiş etdirərək oktyabrın 25-də Qubadlı şəhərini işğaldan azad etdi. Bu hadisə hərbi-strateji əhəmiyyəti ilə yanaşı, xalqımızın tarixi ədalətin bərpasına olan inamının təntənəsi kimi yadda qaldı. Qubadlının azad edilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm mərhələlərdən biri oldu.
Qələbəmizin arxasında Azərbaycan xalqının birliyi, dövlətimizin qətiyyətli siyasəti, ordumuzun gücü və şəhidlərimizin müqəddəs fədakarlığı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın hərbi qüdrətini artırmaqla yanaşı, milli həmrəyliyi də möhkəmləndirdi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər sübut etdi ki, xalqın iradəsi, dövlətin gücü və ordunun qəhrəmanlığı bir amal ətrafında birləşəndə ən mürəkkəb vəzifələr belə uğurla həyata keçirilə bilər. Bu gün azad Qubadlıda aparılan bərpa və quruculuq işləri Azərbaycanın postmünaqişə dövründə müəyyənləşdirdiyi strateji hədəflərin mühüm tərkib hissəsidir. İşğal dövründə dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması, yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, sosial obyektlərin yaradılması və müasir şəhər mühitinin formalaşdırılması Böyük Qayıdış prosesinə yeni məzmun verir. Dövlətimizin həyata keçirdiyi layihələr doğma torpaqlarından didərgin düşmüş insanların təhlükəsiz, layiqli və davamlı şəkildə öz yurdlarına qayıtması üçün möhkəm zəmin yaradır.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa tədbirləri Azərbaycanın quruculuq əzmini nümayiş etdirir. Bu ərazilərdə yeni yolların çəkilməsi, mühəndis-kommunikasiya sistemlərinin yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və iqtisadi imkanların genişləndirilməsi gələcək inkişafın əsasını təşkil edir. Qubadlı da bu böyük dirçəliş prosesinin mühüm ünvanlarından biridir. Burada həyata keçirilən hər bir layihə yalnız infrastrukturun yenilənməsinə deyil, həm də tarixi yaddaşın qorunmasına və milli həyatın bərpasına xidmət edir.
Böyük Qayıdış dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri olmaqla yanaşı, xalqımızın uzun illər bəslədiyi arzunun gerçəkləşməsidir. Doğma torpaqlara qayıdış insanların öz evlərinə dönməsi ilə məhdudlaşmır. Bu, ailə ənənələrinin yenidən canlanması, milli-mənəvi dəyərlərin yaşadılması, tarixi məkanlarla əlaqələrin bərpası və gələcək nəsillərin doğma yurdda yetişməsi deməkdir. Qubadlının dirçəlişi də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
25 oktyabr – Qubadlı şəhəri günü xalqımızın yaddaşında azadlığın, milli qürurun və tarixi ədalətin bərpasının rəmzi kimi yaşayır. Bu əlamətdar gün münasibətilə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin fədakarlığını minnətdarlıqla xatırlayırıq. Onların qəhrəmanlığı sayəsində bu gün Azərbaycan bayrağı Qubadlıda vüqarla dalğalanır və gələcəyə inamla baxan yeni həyat qurulur. Əminliklə demək olar ki, Qubadlı Azərbaycanın Zəfər tarixinin parlaq səhifələrindən biri kimi daim yaşayacaq. Bu torpaqda aparılan quruculuq işləri, bərpa olunan həyat və doğma yurda qayıdış əzmi dövlətimizin gücünü, xalqımızın birliyini və milli iradəmizin sarsılmazlığını nümayiş etdirir. Qubadlı azadlığın qədrini bilən, tarixin sınaqlarından alnıaçıq çıxan və gələcəyə böyük ümidlərlə addımlayan Azərbaycanın qürur ünvanıdır.

Səfa Ağayev
YAP İmişli rayon təşkilatının sədri