Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən partiyanın VIII Qurultayından irəli gələn vəzifələrlə bağlı ərazi partiya təşkilatlarında partiya fəalları ilə görüşlər və müşavirələr davam etdirilir.
Növbəti tədbirlər Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon sektoru ərazi partiya təşkilatının tabeliyində olan 55,69,99,122,98 və 8 nömrəli tam orta ümumtəhsil məktəblərində keçirilib.
Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin partiyanın VIII Qurultayında etdiyi proqram xarakterli çıxışından irəli gələn məsələlər geniş müzakirə olunur.
Tədbirlərdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, sədr müavini Qənaət Əsgərov, məsləhətçilər Elçin Salahov və Anar Əhmədov, eləcə də ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi proqram xarakterli müddəalardan irəli gələn vəzifələr, ideoloji işin gücləndirilməsi, gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ruhunda tərbiyəsi, partiyanın keçdiyi şərəfli tarixi yol və Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Eyni zamanda, Azərbaycanın tarixi Zəfəri, Müzəffər Ordumuzun qəhrəmanlığı, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, eləcə də Böyük Qayıdış Proqramının uğurla icrası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlərdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin təbliği, partiyanın ideoloji fəaliyyətinin gücləndirilməsi, xüsusilə gənclər arasında milli-mənəvi dəyərlərin və vətənpərvərlik ideyalarının təşviqi YAP fəallarının qarşısında duran mühüm vəzifələrdəndir.
YAP Kəlbəcər rayon təşkilatında bu istiqamətdə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.