Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar qanunvericiliyə uyğun olaraq müəyyən işlər görür. Təşkilatın sədri Qüdrət Səmədov bildirib ki, yeni yaradılmış seçki qərargahının üzvləri arasında iş bölgüsü aparılıb, hər kəsin qarşısında konkret vəzifələr qoyulub.
Qərargah üzvlərinin hər biri seçki təcrübəsi olan partiya üzvüdür. Həmçinin bələdiyyə seçkilərinin keçirilməsinə dair YAP Qəbələ rayon təşkilatının fəaliyyət proqramı hazırlanıb. Q.Səmədovun sözlərinə görə, hazırda YAP fəalları yaşayış məntəqələrində rəy sorğuları keçirirlər, ictimaiyyətin fikri öyrənilir, yerli əhəmiyyətli sosial problemlər müəyyən edilir, indiki bələdiyyələrin 5 illik fəaliyyəti təhlil olunur. O, qeyd edib ki, yerli əhali tərəfindən dəstəklənən hazırkı bələdiyyə sədrlərinin və üzvlərinin namizədlikləri yenidən veriləcək, göstərilən etimadı doğrulda bilməyən bələdiyyələrə isə yeni namizədlər irəli sürüləcək.
Bundan əlavə, YAP rayon təşkilatı hazırda seçici siyahılarının dəqiqləşdirilməsi, bələdiyyə üzvlüyünə namizədliyi irəli sürüləcək partiya üzvlərinin müəyyən olunması, eləcə də namizədlərin təbliği ilə əlaqədar seçicilərlə iş aparacaq YAP fəallarının, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilərin müəyyənləşdirilməsi istiqamətində müəyyən işlər görür. Bələdiyyə seçkilərinə rəsmi start verildikdən sonra YAP rayon təşkilatı fəaliyyət proqramına uyğun olaraq lazımi təşviqat işinə başlayacaq.
Qüdrət Səmədov bildirib ki, Qəbələ rayonu üzrə 55 bələdiyyəyə keçiriləcək seçkilərdə ali təhsilli gənclərin və qadınların potensialından daha çox istifadə olunacaq.
Hazırda YAP Qəbələ rayon təşkilatı 4.351 üzvü öz ətrafında birləşdirir. Onlardan 1.605-i qadın, 1.674-ü gənclərdir.