VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal sülh və ədalətli nizam modelini nümayiş etdirmişdir

 

Oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusundakı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yalnız növbəti beynəlxalq sammit kimi deyil, planetin ziddiyyətli geostrateji mənzərəsində yeni nizam ideyalarının səsləndiyi müstəqil düşüncə platforması kimi tarixdə qaldı. 100-dən  çox dövləti və qlobal təsisatları təmsil edən nümayəndə heyətlərinin iştirakı göstərdi ki, Azərbaycan uzun illər boyu formalaşdırdığı mədəni diplomatiya imkanlarını artıq qlobal qərarların qəbuluna təsir edən mühüm siyasi mexanizmə çevirmişdir.

Açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev müasir beynəlxalq arxitekturanın qarşılaşdığı sistem böhranını dərin təhlil edərək, təkcə regional reallıqların deyil, ümumən dünya nizamının yenidən qiymətləndirilməsi vacibliyini irəli sürdü. Prezident İlham Əliyev ikili standartlar yanaşmasının yararsızlığını faktlarla əsaslandırdı və Cənubi Qafqazda bərqərar olan yeni sülh şəraitini bütün dünya üçün nümunəvi model kimi diqqətə çatdırdı.

Prezidenti İlham Əliyev çıxışında tədbir çərçivəsində yaranmış yüksək etimad mühitinə toxunaraq “həmrəyliyi, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik” fikrini ifadə etmişdir. Dövlət başçısının qeyd etdiyi bu mühüm məqam Forumun müxtəlif sivilizasiya nümayəndələri üçün təkcə rəsmi nitqlərin dinlənildiyi məkan deyil, məhz həqiqi qarşılıqlı etibarın və konstruktiv dialoq mühitinin bərqərar olduğu qlobal platforma olduğunu növbəti dəfə nümayiş etdirmişdir.

Strateji baxımdan böyük əhəmiyyət daşıyan bu fikirlər müasir beynəlxalq sistemdə yaşanan dərin ziddiyyətlər fonunda müstəsna dəyər kəsb edir. Ölkə başçısı öz nitqində aydın şəkildə bəyan etdi ki, dünyadakı qütbləşməyə və beynəlxalq hüququn aşınmasına qarşı ən kəsərli cavab məhz Azərbaycanın irəli sürdüyü dinc birgəyaşayış modelidir. Ölkəmizin zəngin multikultural kökləri və Cənubi Qafqazda formalaşdırdığı yeni sülh şəraiti ədalətli beynəlxalq nizamın mümkünlüyünü sınaqdan çıxarmışdır.

Prezident İlham Əliyev forumdakı nitqində xüsusi olaraq diqqətə çatdırdı ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş lokal antiterror əməliyyatı otuz illik işğala birdəfəlik son qoyaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Dövlət başçısı vurğuladı ki, beynəlxalq hüququn aliliyini təkbaşına təmin edən Azərbaycan bu tarixi zəfərlərlə Cənubi Qafqazda yeni geostrateji reallıqlar yaratmış və regionda dayanıqlı sülhün bərqərar olunması üçün fundamental zəmin formalaşdırmışdır.

Prezident İlham Əliyev nitqində xüsusi olaraq vurğuladı ki, Azərbaycan cəmiyyəti beynəlxalq münasibətlərdə təzahür edən ikili standartları qətiyyətlə rədd edir. Dövlət başçısı diqqətə çatdırdı ki, uzun illər ərzində ədalətsizliklə və hüququn tətbiqindəki seçki yanaşmalarla üz-üzə qalan xalqımız üçün milli həmrəylik, suverenlik və beynəlxalq hüququn aliliyi dəyişməz prinsipdir. Bu kəsərli mövqe Azərbaycanın qlobal müstəvidə ədalətli nizamın tərəfdarı kimi çıxış etdiyini bir daha nümayiş etdirir.

Dövlət başçısı Azərbaycanın artan qlobal nüfuzunu və beynəlxalq etimadın göstəricisini xüsusi vurğulayaraq bəyan etdi ki, ölkəmiz 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəkdir. Bu qərar Azərbaycanın yalnız regional diplomatik mərkəz kimi deyil, həm də Avropanın təhlükəsizlik, əməkdaşlıq və siyasi dialoq arxitekturasında həlledici rol oynayan strateji tərəfdaş kimi qəbul edildiyini əyani şəkildə sübut edir.

Yekun olaraq qeyd etmək lazımdır ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq arxitekturada sadəcə ev sahibi kimi deyil, qlobal sülh, dialoq və ədalət ideyalarının əsas təşəbbüskarı kimi çıxış etdiyini növbəti dəfə təsbit etdi. Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi strateji tezislər, ölkəmizin hərbi-siyasi zəfərlərindən doğan yeni reallıqları qlobal təhlükəsizlik modelinə inteqrasiya edərək, Bakını sivilizasiyalararası etimadın və yeni dünya nizamının ideoloji mərkəzinə çevirdi.

YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov