YAP Füzuli rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultaydan irəli gələn vəzifələrə həsr olunmuş müşavirələr davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Füzuli rayon təşkilatının ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin və qarşıda duran prioritet istiqamətlərin müzakirəsinə həsr olunmuş silsilə müşavirələr davam etdirilir.

Növbəti müşavirə YAP Füzuli rayon təşkilatının “Təhsil şöbəsi” ərazi partiya təşkilatında keçirilib.

Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirədə çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib. O, Prezident İlham Əliyevin Qurultaydakı proqram xarakterli nitqində səsləndirilən fikirlərin, müəyyənləşdirilən strateji hədəflərin və qarşıya qoyulan vəzifələrin partiyanın gələcək fəaliyyəti baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Nazimə Şamıyeva dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsindən, dövlət suverenliyinin tam bərpasından və milli maraqlarımızın qorunması istiqamətində həyata keçirilən ardıcıl siyasətdən bəhs edib. Bildirib ki, qarşıya qoyulan hədəflərin reallaşdırılmasında partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması, ideoloji işin gücləndirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha səmərəli qurulması mühüm əhəmiyyət kəsb edir.

Müşavirədə çıxış edən “Təhsil şöbəsi” ərazi partiya təşkilatının sədri Ramella Məmmədova VIII Qurultayda müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində təhsil işçilərinin üzərinə düşən məsuliyyətdən danışıb. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin və dövlətçilik ənənələrinin təbliğinin vacibliyini vurğulayıb. Həmçinin ərazi partiya təşkilatında üzvlərin fəallığının artırılması, maarifləndirmə işinin genişləndirilməsi və təşkilati fəaliyyətin təkmilləşdirilməsinin əsas vəzifələrdən olduğunu qeyd edib.

Müşavirədə çıxış edən digər iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərin dərindən öyrənilməsinin, müəyyən edilmiş prioritetlərin gündəlik fəaliyyətdə rəhbər tutulmasının və partiya üzvlərinin ictimai-siyasi proseslərdə daha fəal iştirakının vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda, həmçinin Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi, milli birlik və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolunun daha da gücləndirilməsi məsələlərinə toxunulub.

Sonda VIII Qurultaydan irəli gələn vəzifələrin ardıcıl icrası, ərazi partiya təşkilatının fəaliyyətinin təkmilləşdirilməsi, partiya üzvlərinin təşəbbüskarlığının və ictimai-siyasi fəallığının artırılması istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.