Baş Qərvənd kəndi sakinlərin qayıdışına hazırlanır

Ağdam rayonunda sakinlərinin doğma yurda qayıdacağı yaşayış məntəqələrinin sırasına Baş Qərvənd kəndi də qoşulacaq. Kənddə fərdi evlərin inşası ilə yanaşı, sakinlərin rahat yaşayışı üçün zəruri infrastrukturun yaradılması istiqamətində də işlər görülür.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Baş Qərvənd kəndinin yenidən qurulması layihəsinə 2023-cü il dekabrın 24-də başlanılıb. Ümumilikdə 476 hektardan çox ərazini əhatə edən layihə çərçivəsində 1245 fərdi yaşayış evinin inşası nəzərdə tutulub.

Onun sözlərinə görə, Baş Qərvənd kəndinə birinci mərhələdə 202 hektar ərazidə 851 fərdi evin inşası həyata keçirilib. Bu evlərin ölçüləri 2 otaqlıdan 5 otaqlıya qədər dəyişir. Kənddə yaşayış evləri ilə yanaşı, sosial infrastruktur da yaradılır. Burada inzibati bina, tibb məntəqəsi, 840 şagird yerlik ikimərtəbəli məktəb, 120 və 100 yerlik iki uşaq bağçası istifadəyə veriləcək.

Təranə Quliyeva qeyd edib ki, kəndin daxili yollarının ümumi uzunluğu 56 kilometrdən çox olacaq. Bunun 35,3 kilometrinin birinci mərhələ çərçivəsində çəkilməsi nəzərdə tutulur. Bundan əlavə, kənddə mühəndis-kommunikasiya şəbəkələri, səkilər və geniş yaşıllıq zonaları da yaradılacaq.