Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Bülbül prospekti 40 üzrə (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu) ərazi partiya təşkilatında görüş keçirilib. Görüş Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn tapşırıqların icrasına həsr olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İpoteka və Kredit Zəmanət Fondunun Maliyyə departamentinin direktoru Fariz Axundov çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğulayıb. O, dövlət başçısının qurultayda iqtisadi və maliyyə sabitliyi ilə bağlı səsləndirdiyi fikirlərə toxunub. Fariz Axundov xatırladıb ki, ölkəmizin valyuta ehtiyatları 90 milyard dollara çatıb, xarici borc isə ümumi daxili məhsulun cəmi 5,6 faizini təşkil edir. O bildirib ki, Partiya Sədrinin sözləri ilə desək, biz gələcək nəsillərə borc qoymayacağıq. Maliyyə sabitliyi isə əhaliyə sosial yönümlü maliyyə xidmətlərinin göstərilməsi üçün möhkəm zəmin yaradır.
Sonra çıxış üçün söz YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanova verilib. O, çıxışında VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu qeyd edib. O, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi prioritet istiqamətlərə toxunub. Azərbaycanın davamlı inkişafının təmin olunması, siyasi və iqtisadi potensialının gücləndirilməsi, milli maraqlarının qorunması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Azər Süleymanov vurğulayıb ki, dövlət başçısının uğurlu və məqsədyönlü siyasəti ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına və milli maraqların qətiyyətlə müdafiə olunmasına zəmin yaradır. Bu siyasət Azərbaycanın strateji hədəflərə doğru inamla irəliləməsini təmin edir.
Fondun baş meneceri Nicat Rzayev dövlət başçısının sosial siyasətlə bağlı fikirlərindən danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlətin məqsədi Azərbaycan xalqının rifahının ildən-ilə yaxşılaşmasıdır. Gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlər artırılacaq. Nicat Rzayev bildirib ki, vətəndaşların, xüsusilə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması da bu siyasətin mühüm istiqamətlərindəndir və Fond bu işə öz töhfəsini verir.
Kommunikasiya və informasiya təminatı xidmətinin rəisi Anar Cəbrayıllı Partiya Sədrinin ideoloji təhlükəsizliklə bağlı fikirlərinə diqqət çəkib. O bildirib ki, ideoloji iş formal yanaşmalardan uzaq, müasir formatda qurulmalı, Azərbaycan reallıqları hər bir vətəndaşa çatdırılmalıdır. Anar Cəbrayıllı sosial şəbəkələrdə yayılan yalan məlumatlara faktlarla cavab verməyin və dövlətin sosial proqramları barədə əhalini düzgün məlumatlandırmağın vacibliyini vurğulayıb.
İpoteka kreditləri departamentinin Anderraytinq və təminatların verilməsi şöbəsinin böyük mütəxəssisi Nuran İmranlı gənc əməkdaşlar adından çıxış edib. O, qalib Azərbaycanda yaşamağın və çalışmağın qürurundan danışıb. Nuran İmranlı gənclərin peşəkarlıqla və məsuliyyətlə çalışaraq dövlətin qarşıya qoyduğu hədəflərin reallaşmasına töhfə verməyə hazır olduğunu bildirib.
Görüşün sonunda iştirakçılar Prezident İlham Əliyevin VIII Qurultayda müəyyən etdiyi vəzifələrin icrasında fəal iştirak edəcəklərini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himni ilə yekunlaşıb.