Prezidentdən dünyaya qəti və birmənalı mesaj

 

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

Birmənalı şəkildə qeyd etməliyik ki, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın müstəqil dövlətçilik prinsiplərinə sadiqliyini və milli maraqların qorunması məsələsində qətiyyətli mövqeyini bir daha nümayiş etdirir.

Eyni zamanda, Prezident İlham Əliyevin Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı Azərbaycanın yalnız regional deyil, qlobal proseslərə dair mövqeyini ifadə edən mühüm mesajlarla diqqət çəkir. Ən əsası, bu mesajların əsasında milli kimliyin qorunması, dövlət suverenliyinə hörmət, sülhün təmin olunması və beynəlxalq münasibətlərdə ikili standartların yolverilməzliyi dayanır.

Forumun əsas üstünlüyü fərqli mövqelərə malik insanları ortaq müzakirə müstəvisində birləşdirməsi, problemlərin həlli üçün qarşılıqlı anlaşma imkanları yaratmasıdır. Forum çərçivəsində səsləndirilən fikirlər, irəli sürülən təkliflər və qurulan əməkdaşlıq əlaqələri zamanla konkret təşəbbüslərə çevrilir. Əsas məsələ müzakirələrin davamlı əməkdaşlığa, qarşılıqlı etimada və münaqişələrin qarşısının alınmasına xidmət etməsidir. Qloballaşma və rəqəmsallaşma dövründə gənclərin bu proseslərə cəlb olunması da xüsusi əhəmiyyət kəsb edir. Dezinformasiya və nifrət çağırışlarının geniş yayıldığı bir şəraitdə gənclərin dialoq mədəniyyətini mənimsəməsi, texnologiyalardan məsuliyyətlə istifadə etməsi daha sülhsevər dünyanın qurulmasına töhfədir.

Heç bir dövlətin digərinə necə yaşamaq, hansı siyasəti həyata keçirmək və ya hansı dəyərləri mənimsəmək barədə göstəriş vermək hüququ yoxdur. Xüsusilə də öz daxilində ciddi siyasi, sosial və ideoloji problemlərlə üzləşən ölkələrin başqa dövlətlərə demokratiya və insan hüquqları adı altında mühazirə oxumağa çalışması beynəlxalq münasibətlər sistemində ikili standartların bariz nümunəsidir.

Prezident İlham Əliyevin çıxışından irəli gələn əsas məntiq budur: milli suverenlik müzakirə mövzusu deyil, beynəlxalq münasibətlərin fundamental prinsipidir. Azərbaycanın mövqeyi isə aydındır: sülh istəyən tərəf ədalətə, dialoq tələb edən tərəf qarşılıqlı hörmətə, beynəlxalq hüququ müdafiə edən tərəf isə həmin hüququn hamıya eyni tətbiqinə sadiq olmalıdır. Dünya üçün həqiqi dialoq və dayanıqlı sülh məhz bu prinsiplərdən başlayır

Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi prinsipial mövqe xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz üçün ideoloji təhlükəsizlik dövlət təhlükəsizliyinin mühüm istiqamətlərindən biridir. Müasir dövrdə dövlətlərin suverenliyinə yönələn təhdidlər yalnız hərbi və siyasi vasitələrlə məhdudlaşmır. Xarici ideoloji təsirlər, informasiya manipulyasiyaları, milli və mənəvi dəyərlərə müdaxilə cəhdləri dövlətlərin daxili sabitliyinə və cəmiyyətlərin bütövlüyünə ciddi təsir göstərə bilər.

Azərbaycan özünün dünyəvi dövlətçilik modelini və cəmiyyətin inkişaf istiqamətlərini müstəqil şəkildə müəyyənləşdirir. Bu baxımdan, Azərbaycanın daxili işlərinə müdaxilə etmək, ona kənardan siyasi və ideoloji tələblər irəli sürmək cəhdləri yalnız suverenlik prinsipinə deyil, həm də dövlətlər arasında qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq anlayışına ziddir. Beynəlxalq münasibətlərdə sabitliyin və etimadın qorunması üçün dövlətlərin bir-birinin müstəqilliyinə, siyasi seçiminə və milli xüsusiyyətlərinə hörmətlə yanaşması vacibdir.

Digər mühüm məsələ isə dövlətlərin daxili işlərinə müdaxilə və ideoloji təhlükəsizlikdir. Azərbaycan üçün milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və dövlətçilik şüurunun qorunması fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir. Beynəlxalq dialoq qarşılıqlı hörmətə əsaslanmalıdır. Heç bir dövlət özünü başqalarına siyasi dərs vermək hüququna malik müstəsna tərəf hesab etməməli, özünə tələb etdiyi prinsipləri digər dövlətlərə münasibətdə də qəbul etməlidir. Azərbaycanın artan beynəlxalq nüfuzu, müxtəlif beynəlxalq platformalarda iştirakı və dialoq təşəbbüsləri ölkəmizin qlobal əməkdaşlıqda fəal rolunu göstərir. Lakin dialoqun həqiqi nəticəsi yalnız bəyanatlarla deyil, ədalətli münasibət, qarşılıqlı məsuliyyət və konkret addımlarla ölçülür.

Azərbaycanın artan beynəlxalq nüfuzu ölkəmizin ev sahibliyi etdiyi və qarşıdakı illərdə qəbul edəcəyi mötəbər tədbirlərdə də öz əksini tapır. 2027-ci ildə müsəlman dünyasının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin yüksəksəviyyəli nümayəndələrinin Azərbaycanda bir araya gəlməsi Bakının fərqli siyasi və mədəni məkanlar arasında dialoq platforması kimi əhəmiyyətini nümayiş etdirir. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaş və mühüm siyasi aktor kimi qəbul edilməsinin göstəricilərindən biridir.

Bu cür beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin müxtəlif dövlətlər və siyasi birliklər arasında dialoqun inkişafına verdiyi töhfəni göstərir. Azərbaycanın beynəlxalq əməkdaşlığa açıq olması, fərqli baxışların və mədəniyyətlərin təmsilçilərini bir araya gətirməsi ölkəmizin qlobal proseslərdə fəal iştirakının mühüm istiqamətlərindəndir. Bununla yanaşı, əməkdaşlığın davamlı və səmərəli olması üçün tərəflərin bir-birinin suverenliyinə və milli maraqlarına hörmət etməsi əsas şərtdir.

Azərbaycanın bu istiqamətdə formalaşdırdığı beynəlxalq platforma göstərir ki, dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır. Bakı Forumuna qatılan nümayəndələr də bu fikri bölüşür ki, mədəniyyətlər və sivilizasiyalararası dialoq hər zamankından daha çox lazımdır. Sivilizasiyaların öz daxilində də dialoqa ehtiyac var. Bu baxımdan, növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq.

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında səsləndirdiyi mesajlar Azərbaycanın beynəlxalq münasibətlərə yanaşmasının fundamental prinsiplərini bir daha ortaya qoyur. Azərbaycan beynəlxalq əməkdaşlığa və dialoqa açıqdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmət, suveren bərabərlik və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulmalıdır. Milli maraqların qorunması, müstəqil siyasətin davam etdirilməsi və ideoloji təhlükəsizliyin təmin olunması ölkəmizin gələcək inkişafının əsas şərtləri olaraq qalır.