Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bülbül Şuşada nəyə kədərlənmişdi?

Bülbül Şuşada nəyə kədərlənmişdi?

21.06.2024 [23:55]

O, ölümündən bir il əvvəl doğma şəhərini sarsılaraq tərk etmişdi...

1982 və 2021-ci illərdə ruhu şadlandı

Bu gün Azərbaycan incəsənətinin əvəzolunmaz ismi, böyük sənətkar Bülbülün anadan olmasından 127 il ötür... Hər insanın dünyaya gəliş missiyası olur, Bülbülün missiyası da Azərbaycan musiqi tarixində yeni səhifə açmasıydı. Murtuza Məmmədov təkcə ifaçı deyildi, musiqi folklorunun tədqiqatçısı kimi də tariximizdə özünə yer qazanıb. 

Ondan qalan mədəni irs siyahısında Bülbülün ev muzeyi-doğulduğu, uşaqlığını keçirdiyi, ilk dəfə musiqi ilə tanış olduğu ev də var. Divardakı yazıya əsasən ev 1788-ci ildə tikilib. İki otaq və bir eyvandan ibarət olan ev Şuşa memarlığının bir hissəsi olduğunu ilk baxışdan göstərir. Həmdövrlərinin xatirələrindən öyrəndiyimizə görə, hələ Bülbül uşaqkən öz evlərində məşhur xanəndələri dinləmiş, musiqi alətləri ilə tanış olmuşdu. 

 1909-cu ildən Gəncədə, 1911-ci ildən Tiflisdə, ardınca Bakıda səsiylə ürəkləri fəth edən Bülbül davamlı səhnə və pedaqoji fəaliyyətinə görə Şuşadakı evə tez-tez baş çəkə bilmirdi.  

 İnsan dünyanın harasında olur-olsun, uşaqlığının keçdiyi yerlər daim onu çəkir. Bu qüvvəyə qarşı qoymaq olmur-illərlə o yol gedilməsə də... İnsanın daxilində qaynayır uşaqlığın cazibəsi. Çox vaxt elə bilirik ki, həmin yerlərə qayıtsaq, uşaqlığımızı elə orada-qoyub gəldiyimiz yerlərdə tapacağıq...

Bülbülü də Şuşadakı iki otaqlı ev elə çəkirdi... Deyilənə görə, bu dünya ilə vidalaşmağından bir il əvvəl böyük sənətkar oğlu Polad ilə birgə Şuşaya-doğulduğu evə gedir. Uşaqlığının keçdiyi həyətdə bostan əkildiyini, əkinə yararlı olmayan guşələrin isə gözdən-nəzərdən düşdüyünü görür. Mənəvi dəyərlərə bağlı olan Bülbül bu mənzərədən-baxımsızlıqdan və bir xalqın mədəniyyət tarixinə bir qat daha zənginlik qatan ömrün pardaqlandığı məkanın mahiyyətinin unudulmasından sarsılır. 

 Hüznü ruhuna sığmır, qəhər dolu səslə deyir: 

 - Başqa millət olsaydı, bu evi muzey edərdi, bu həyətdə heykəlimi qoyardı... 

Ömrünü xalqının mədəni ucalığı yolunda fəda etmiş sənətkar bununla öz millətindən şikayətlənmirdi, yox... Ona bu cümləni dedirdən düşdüyü kədər quyusunun dibində başını azacıq da olsa yuxarı qaldıra bilməməsiydi... Ömrünün ahıl çağıydı; ahıllıq ümid baxımından elə qısırdır ki!

İllər sonra Şuşadakı ev muzey oldu... Bülbül o günü görmədi...Görmədi, amma hamımız bilirik, əminik ki, 1982-ci ilin 31 avqustunda ruhu şad idi! Həmin gün Heydər Əliyev göstəriş vermişdi ki, Bülbülün doğulduğu və yaşadığı ev muzeyə çevrilsin. 

Bu, Ulu Öndərin hələ “sovetlərin gur-gur guruldayan vaxtı”nda belə, öz xalqının mədəniyyətinə, sənətinə verdiyi dəyər idi. Azərbaycan adının ucalması, Azərbaycan incəsənətinin ləçək-ləçək pardaqlanması üçün Heydər Əliyev istənilən imkandan yararlanır, lazım gələrsə, o imkanı özü yaradırdı - SSRİ-nin “keçmişi silmə, keçmişi unutdurma” siyasəti Azərbaycanın bu mətin övladının iradəsi qarşısında aciz idi!  

Heydər Əliyevin göstərişindən sonra Bülbülün doğulduğu ev təmir edilir, ekspozisiyası qurulur və önündə inzibati bina inşa edilir (1982-1983). Bu qısa zaman ərzində sənətkarın yaradıcılığı, elmi, ictimai fəaliyyəti ilə bağlı 9 minə yaxın sənəd toplanmışdı. 

Ondan sonra Şuşaya yolu düşən hər bir azərbaycanlı bu ev muzeyinə baş çəkməyə tələsirdi. Və hamı oradan möhtəşəm təəssüratlarla ayrıldığını etiraf edirdi. Şuşa özü başdan-başa mədəniyyət beşiyi idi: bu aspektdən baxanda, Bülbül kimi bir sənətkarın o beşikdə minilliklərin o tayından eşidilən xalq hikmətinin laylasını dinləyə-dinləyə, təkrarlaya-təkrarlaya yetişməsinin heç də təsadüfi olmadığını görürük. 

1992-ci ildə Şuşanın başı üstündə əsən yağı düşmən tufanı Bülbülün ev muzeyinə də sirayət etdi. Özlərinə qurama tarix uyduran ermənilər nə mədəniyyət, nə mənəviyyat qədri bilirdi. Ev muzeyinə qarşı belə, vandallıq tətbiq etməkdən çəkinmədilər. Beləcə, ev muzeyi 1992-ci ildə fəaliyyətini dayandırdı... Ta ki, 2020-ci ilə - Böyük Zəfərimizədək Bülbülün anadan olduğu evdə qərib sükut hökm sürdü. Öz doğmalarından ayrı düşmüşlər deyilmi qəriblər?! İşğal altındakı bir qarış torpaq, bir daş da qərib oldu o illər ərzində... 

Onlar o qəribliyi yaşadılar, ağrısını biz xalq olaraq hiss etdik. Şuşadakı hansısa evdən bir daş düşdü, Bakıda bir nənənin yuxusu qaçdı o gecə, ürəyinə damanı bayatı elədi. Şuşalı, qarabağlı bayatıların sayı belə çoxaldı... 

2020-ci il isə vüsal ili oldu, min şükür! Şuşanın işğaldan azad olunması Ali Baş Komandanımız İlham Əliyevə ata vəsiyyəti idi. O, uzaqgörən siyasətçi, yenilməz sərkərdə olduğunu bütün dünyaya göstərdi -mənsubu olduğu xalq bunu çoxdan bilirdi - komandanı olduğu ordu ilə 44 günə Zəfərə imza atdı!  

 Ondan sonra başladı sərhəd dirəklərinin öz yerində bərkiməsi və mədəni abidələrimizin bircə-bircə abadlaşdırılması. 2021-ci ilin avqustunda Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və vitse-prezidentimiz Mehriban Əliyevanın iştirakı ilə Bülbülün Şuşadakı ev-muzeyinin yenidən açılışı oldu. 

 Evdə yenidən muzey ekspozisiyası quruldu, həyətdə Bülbülün yeni hazırlanan büstü qoyuldu. İşğal dövründə vandallığa məruz qalmış büst də bu gün həmin həyətdədir - erməni vəhşiliyinin, ermənilərin mədəniyyət, incəsənət məfhumlarını dərk edə bilməmələrinin simvolu kimi. 

Bir azərbaycanlı kimi özümü şanslı və xoşbəxt insan olaraq hiss edirəm. Çünki qalib xalqın qalib vətəndaşı olmaqla yanaşı, həm də Şuşamızın azadlığından sonra oraya ilk dəfə ayaq basanlardan, Bülbülün ev muzeyini, həm güllələnmiş yaralı büstünü, həm də onun yanındaca ucaldılmış yeni büstünü görənlərdənəm. Bülbülün uşaqkən budağındakı quşlarla səs-səsə verib mahnılar oxuduğu və bu sayədə “Bülbül” adını aldığı ağacın kölgəsində dayanıb böyük sənətkara yuva olmuş evə, başına gətirilən minbir zillətə baxmayaraq,  xatirələrini qoruyub-saxlayan divarlara, ağaclara baxarkən köksüm qabardı, ruhum dolaşdı uzaqlarda-uzaqlarda... Bir daha pıçıldadı dodaqlarım: şükür, ya Rəbb! 

Hazırda ev muzeyində Bülbülün uşaqlıq dövrünü əks etdirən foto-şəkillər, bir neçə şəxsi əşyası, qavalı sərgilənir. Qısa müddətdə on minlərlə insanın ziyarət etdiyi muzey artıq ümumbəşəri mədəniyyət beşiyi olub desəm, yanılmaram. Muzeyin xatirə kitablarına nəzər salmaq kifayətdir ki, orada dünyanın hər yerindən gələn və muzeyi ziyarət edən qonaqların möhtəşəm təəssüratlarını oxuya bilək. 

 Bülbülün anadan olduğu gündür. Dünya musiqi tarixinin Azərbaycan hikmətindən bir zərrə pay aldığı gündür! Əminəm ki, böyük sənətkarın ruhu şaddır və hər il doğulduğu gündə öz ata yurduna baş çəkməyə gəlir. İllərlə yad əlində inləyən evin abadlığı, şenliyi təkcə Bülbülün deyil, Azərbaycan mədəniyyətinin bu dünyadan köç etmiş nümayəndələrinin hamısının ruhunu sevindirir.

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Xarici siyasət

Xarici siyasət

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31