Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir

24.06.2024 [16:10]

Azad edilmiş ərazilərdə - Şərqi Zəngəzurda ilk dəfə iyunun 24-də Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işə başlayıb. Zəngilan Konqres Mərkəzində təşkil olunan forum Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, forumda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Dövlət Himni səsləndirilib. Daha sonra Zəngilanda aparılan quruculuq və abadlıq işlərinə dair videoçarx nümayiş olunub.

Rəsmi açılış mərasimində çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva forumun “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunduğunu diqqətə çatdırıb, tədbirdə QHT-lərin 200-ə yaxın əməkdaşının iştirak etdiyini bildirib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri barədə geniş təqdimatla çıxış edib, azad edilmiş ərazilərdə QHT-lərin forumunun ilk dəfə Zəngilanda keçirilməsini yüksək qiymətləndirib.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib ki, son dövrlər QHT-lərlə iş sahəsində kəmiyyətdən keyfiyyətə əsaslı keçid baş verib. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə QHT sektorunda dərinləşdirilən islahatların, yaradılan sağlam mühitin məntiqi nəticəsidir. QHT sektorunda təşəbbüskarlıq, ictimai nəzarət, hesabatlılıq, şəffaflıq, ixtisaslaşma xeyli dərəcədə yüksəlib. Bu gün cəmiyyət və dövlət həyatında elə bir prioritet sahə yoxdur ki, orada QHT-lər fəal olmasın.

T.Əliyev Prezident İlham Əliyevin müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı dünyaya ünvanlanmış mesajlarının böyük əks-səda yaratdığını vurğulayıb, cəmi bir neçə ay öncə yaranmış “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı qlobal mübarizədə dünyada nüfuzlu QHT-yə çevrildiyini diqqətə çatdırıb.

Sektor müdiri onu da qeyd edib ki, Azərbaycan COP29-a ev sahibliyi edəcək ölkə kimi iqlim dəyişmələri səbəbindən su altında qalmaq təhlükəsi ilə üzləşmiş kiçik ada dövlətlərinə qlobal dəstəyin təmin olunması üçün fəal iş aparır.

Onun sözlərinə görə, son bir neçə ay ərzində COP29-la əlaqədar 71 ölkədən 367 QHT və ictimai fəal müxtəlif birgə bəyanatlar verərək, Azərbaycanın qlobal iqlim dəyişmələri ilə mübarizəsinə güclü dəstək ifadə ediblər.

Prezident Administrasiyasının nümayəndəsi, həmçinin maliyyə şəffaflığı və intizamı ən vacib məqamlardan biri adlandırıb: “Xarici donorlarla işləyən Azərbaycan QHT-lərini bir daha bu xüsusda əməkdaşlıqlarını yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq bildirişi əsasında qurmağa çağırırıq. Bu sahədə xidməti müqavilələr dövrü geridə qalmaqdadır. Qanunsuz hesablaşmalar isə ciddi hüquqi məsuliyyət yaradır. Qrantların “qaranlıq dövriyyəsi” bir sıra hallarda məhz xarici donorlar üçün Azərbaycanın daxilinə sızma cəhdləridir. QHT-ləri bu məsələlərdə son dərəcədə diqqətli olmağa dəvət edirik”.

Bir sıra xarici dairələrin hər fürsətdə qəsdən kosmopolit, yad, zərərli ideoloji fikirlər yaymaqla Azərbaycanda güclü olan ənənəvi milli-mənəvi dəyərləri, ailə dəyərlərini, yüksək vətənpərvərlik hisslərini, dini və etnik mühitdəki nümunəvi harmoniyanı zədələməyə çalışdığını bildirən T.Əliyev əlavə edib ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsinə vəsilə olan, tarixi Zəfərimizin əsasını təşkil edən ideoloji, mənəvi dəyərlərə qarşı bu qəsdin, hücumun qarşısının alınmasında Azərbaycan QHT-ləri ön sıralarda yer alır.

Azərbaycan Milli QHT Forumunun İdarə heyətinin sədri Ramil İskəndərli çıxış edərək, QHT-lərin imkanlarından səmərəli istifadə olunması üçün ətraflı təhlil işlərinin aparıldığını bildirib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə komitəsinin sədri Sahib Məmmədov QHT sektorunda uğurla transformasiya prosesinin getdiyini diqqətə çatdırıblar.

Forum işini sabah panel müzakirələrlə davam etdirəcək.

Paylaş:
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Sosial

Gündəm

Gündəm

Avropa

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

18 İyul 11:44

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31