Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb

Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti işə başlayıb

03.07.2024 [17:38]

İyulun 3-də Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi və “PwC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) Sammiti işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “29 İqlim söhbəti: COP29-a aparan yol” təşəbbüsü çərçivəsində “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıqları” mövzusunda keçirilən sammit Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) həsr olunub.

Sammitin məqsədi qlobal iqlim problemlərini həll etmək üçün ESG prinsiplərinin inteqrasiyasının təşviqi, dövlət və özəl qurumlar arasında dialoq və əməkdaşlığı inkişaf etdirməkdir.

Əsas mövzular arasında ESG-yə uyğunluğun təşviqi və genişləndirilməsində normativ aktların və standartların rolunu müzakirə etmək, dayanıqlı inkişafa effektiv töhfə vermiş uğurlu PPP (dövlət-özəl tərəfdaşlığı) modellərini vurğulamaq, dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıqlarının qurulmasında qarşıya çıxan problemləri aşkarlamaq və iqlim məqsədlərinə nail olmaq üçün konkret tədbirlər həyata keçirmək yer alıb.

Sammitdə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, özəl sektorun öz ambisiyalarını yüksəltməsi və kollektiv tərəqqi üçün davamlılıq öhdəliklərini sürətləndirməsi lazımdır: “Biz birgə işləməklə dövlət və özəl qurumların ESG-nin həyata keçirilməsində anlayışlar, strategiyalar və ən yaxşı təcrübələri paylaşa biləcəyi əməkdaşlıq mühitini inkişaf etdirmək səylərini dəstəkləyə bilərik. Ortaq problemlərimiz üçün işlək həll yolları tapılması məqsədilə özəl sektora ehtiyacımız var. Biz maliyyə planları, büdcələri və hədəfləri ilə dəstəklənən etibarlı keçid yollarını qəbul etməliyik. Ümid edirik ki, şirkətlər kapitalı necə bölüşdürdükləri və investisiya qərarlarının iqlim məqsədlərimizə uyğun olmasını necə təmin etdiklərini göstərə biləcək şəkildə COP29-a hazır gələ bilərlər”. 

Nazir qeyd edib ki, iqlimə müsbət təsir göstərən iqtisadi modellər yarada bilmək məqsədilə yaşıl kapital bazarlarını dərinləşdirmək üçün maliyyə xidmətləri sənayesinə ehtiyac var.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək deyib: “Bu il ictimaiyyətə və biznes nümayəndələrinə ESG prinsipləri üzrə güzəşt və imtiyazlar təqdim etməyə çalışırıq. Çalışırıq ki, ESG üzrə bütün tərəflərin aktiv iştirakı üçün şərait yaradaq. ESG elementlərinin təşviqi baxımından biznes mühitinin yaxşılaşdırılması əsas prioritet hədəflərin tərkib hissəsini təşkil edir".

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun sözlərinə görə, ESG Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində fəaliyyətin və tərəqqinin sürətləndirilməsi üçün platforma rolunu oynayır. Bu gün dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi həmişəkindən daha vacibdir.

Nazir müavini qeyd edib ki, Azərbaycan dayanıqlı inkişaf məqsədləri ilə bağlı üzərinə öhdəlik götürüb: “Bugünkü işimiz inklüzivliyi, səmərəliliyi və dayanıqlılığı təşviq edir. ESG tərəfində hesabatlılıq və şəffaflığa gəldikdə, qeyd etmək istərdim ki, Azərbaycan Dayanıqlı İnkişaf üzrə 7 Milli Hesabatını təqdim edən dünyanın bir neçə ölkəsi sırasındadır və dünyanın beş ölkəsindən biri 4-cü Könüllü Milli İcmalını təqdim etmək niyyətindədir”.

Sahib Məmmədov bildirib ki, Azərbaycanda Ətraf Mühit, Sosial və İdarəetmə çərçivələrinin ümumiləşdirilməsi davamlı və məsuliyyətli biznes təcrübələrinin ölkənin korporativ və maliyyə sistemlərinə inteqrasiyasını nəzərdə tutur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, keçən il KOBİA tərəfindən cəlb edilən peşəkar sorğu şirkəti Azərbaycanda ESG-nin cari vəziyyətini göstərən ilk genişmiqyaslı sorğu aparıb: “Sorğu ölkənin bütün ərazisini və müxtəlif sektorları əhatə etməklə 300-ə yaxın respondent arasında keçirilib və ESG sahəsində mövcud statusun öyrənilməsi baxımından ilk əhatəli araşdırma hesab oluna bilər. Sorğunun göstəricilərinə əsasən, ESG prinsipləri barədə ölkədəki məlumatlılıq səviyyəsi 7 faiz, tətbiq səviyyəsi isə 3,5 faiz təşkil edir. Təchizatçı seçimində ESG prinsiplərini nəzərə alma səviyyəsi 2,5 faiz, ESG prinsipləri barədə hesabatlılıq səviyyəsi 1,4 faizdir”.

Onun sözlərinə görə, sorğu ESG tətbiqinin ilkin ehtiyaclarını da müəyyən edir ki, bunlara detallı izahlar, əlavə bilik və bacarıqlar və insan resursları daxildir. İkinci dərəcəli ehtiyaclar isə vergi güzəştləri, subsidiyalar, qanunvericilik dəyişiklikləri və güzəştli kreditlərdir.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda dövlət və özəl sektorlar arasında əməkdaşlığın həlledici rolunu vurğulayıb.

O bildirib ki, ESG təcrübələrinin inteqrasiyası təkcə uyğunluqdan ibarət deyil - bu, dəyər yaratmaq, riskləri idarə etmək və gələcək nəsillər üçün dayanıqlı gələcəyə töhfə verməkdən ibarətdir.

“PwC”nin Azərbaycan üzrə idarəedici partnyoru Shaukat Tapia çıxışında deyib: “Biz ESG prinsiplərinin biznes strategiyalarına inteqrasiyasının uzunmüddətli uğur və dayanıqlılıq üçün vacib olduğunu hesab edirik. Bu sammit iqlim dəyişikliyi ilə bağlı mürəkkəb problemlərin həlli üçün çox vacib olan dövlət-özəl əməkdaşlığının təşviqi üçün mühüm platforma təqdim edir. Birlikdə işləməklə biz dayanıqlı inkişafı dəstəkləyən, maraqlı tərəflərin inamını artıran və təsir göstərən möhkəm çərçivələr yarada bilərik. Burada paylaşılan fikirlər və strategiyalar Azərbaycan şirkətlərinə ESG səyahətlərində yol göstərmək və daha möhkəm gələcəyə töhfə verməkdə mühüm rol oynayacaq”.

Sonra “Yaşıl gündəliyin müxtəlif perspektivləri” sessiyası keçirilib. Sessiyada iqlimlə bağlı fəaliyyətdə dövlət-özəl sektor sinerjisi, SDG İnvestor Platforması və yaşıl inkişafı təşviq etmək məqsədilə strategiyalar mövzusunda təqdimatlarla çıxışlar edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və digərlərinin məruzələri dinlənilib. 

Daha sonra “Azərbaycan hökumətinin siyasətlərinə və korporativ strategiyalarına ESG-nin inteqrasiyası” və “Özəl sektor perspektivi” mövzularında keçirilən panel müzakirələrində ESG prinsiplərinin Azərbaycanın hökumət siyasətinə və korporativ strategiyalarına inteqrasiyasına dair müzakirələr aparılıb. 

Ətraf Mühit, Sosial və İdarəetmə Sammiti iyulun 4-də işini davam etdirəcək.

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

“Triumf yolu”..

13 İyul 11:00

MEDİA

Uğurlu yoldayıq...

13 İyul 10:55

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31