Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi tarixinin ən parlaq səhifələrindən biridir

Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin siyasi tarixinin ən parlaq səhifələrindən biridir

19.11.2021 [13:14]

Milli Məclisin deputatı Ağalar Vəliyev

Ağalar müəllim, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümünü qeyd edirik. Hər bir tarixi hadisə keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. Bu prizmadan yanaşaraq Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən səbəblərə bir daha nəzər salaq…

- Noyabr ayı əlamətdar tarixi hadisələrlə, bayramlarla zəngindir. Qürurvericidir ki, artıq bu bayramlar sırasına Zəfər Günümüz də əlavə olundu. Bu sevinci bizlərə, xalqımıza yaşatdıqlarına görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, yenilməz, məğrur xalqımıza minnətdarlığımızı bildirir, öz qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Tarixi Zəfərimizin birinci ildönümünün ardınca bu ayda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 29 illiyini qeyd edirik. Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. İllər keçdikcə partiyanın yaradıldığı dövrün reallıqlarını daha aydın dərk edir, bugünümüz üçün olduqca əhəmiyyətli tarixi addımın atıldığını qürurla vurğulayırıq. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları yaddaşlardadır. Ölkəyə rəhbərlik edənlərin bacarıqsızlıqları, siyasi savadsıqlıqları, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanda xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın geniş vüsət almasına, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalına səbəb oldu. Xalqın sabaha olan ümidləri puça çıxırdı. Belə bir çətin dövrdə 91 nəfər ziyalı xalqımızın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən müraciət hazırlayaraq ulu öndər Heydər Əliyevə ünvanladı, xalqımızı belə çətin vəziyyətdən xilas edəcək şəxsin Ümummilli Lider olduğunu bildirdilər. Həmin tarixi müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılmasının zamanın tələbi, xalqın istəyi olduğu aydın şəkildə ifadə olunaraq ölkəmizdə gedən xoşagəlməz proseslərin qarşısının alınmasında yeni yaradılacaq partiyanın əvəzsiz rol oynayacağına inam ifadə olunurdu. Ümummilli lider Heydər Əliyev yenə də canından artıq sevdiyi Vətəninin, xalqının yanında olduğunu müraciətə verdiyi «Yeni müstəqil Azərbaycan uğrunda» cavabı ilə təsdiqlədi. Ümummilli Liderin ziyalıların müraciətinə cavabında müstəqilliyi qorumağın onu əldə etməkdən nə qədər çətin olduğu əks olunmaqla yanaşı, yeni yaradılacaq partiyanın bu vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminlik öz əksini tapmışdı. Beləliklə, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu.

- Bu fakt da inkaredilməzdir ki, hər bir ölkənin, xalqın taleyinə öz müsbət təsirini göstərəcək dönüş nöqtələri vardır. 1993-cü ilin 15 iyun günü məhz Azərbaycanın həyatında önəmli rol oynayan tarixlərdəndir. Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını necə şərh edərdiniz?

- Azərbaycan 1991-ci ilin 18 oktyabrında müstəqilliyini yenidən bərpa etsə də yaşananlar fonunda ölkəmizin gələcəyi heç də parlaq görünmürdü. Əvvəldə də qeyd etdiyim kimi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunlar müstəqilliyimizi yenidən itirmək təhlükəsi yaratmışdı. Xalqın ümid yeri olan ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkənin siyasi mənzərəsini dəyişdi, üzləşdiyi bəlalardan xilas etdi, Azərbaycanın yenidən qurulması üçün mühüm addımlara yol açdı. Ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən dərhal göz önünə onun xilaskarlıq missiyası gəlir. Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycan adlı dövlətin varlığı sual altında olardı. Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyi əsas faktor kimi önə çəkərək düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı həmin illərin xaosundan, anarxiyasından xilas etdi. Azərbaycan qısa zamanda sabitlik diyarına çevrildi. Ölkəmizdə sabitliyin yaradılması ikitərəfli əlaqələrin qurulmasını və inkişafını şərtləndirdi. Bu fakt inkaredilməzdir ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində və marağında olub. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə siyasi durumun gərginliyi iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin və şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasına səbəb oldu. Azərbaycanın bu gününə və gələcəyinə inamın göstəricisi kimi 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində «Əsrin müqaviləsi»nin imzalanmasını qeyd edə bilərik. Bu saziş Azərbaycanın iqtisadi imkanlarını artırdı, dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə xüsusi önəm verilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycanın iqtisadi müstəqilliyi siyasi müstəqilliyinin təminatında əhəmiyyətli rol oynadı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmləndi, ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı artdı, yeni dostlar və tərəfdaşlar qazandıq. Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri də Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması oldu ki, bu amilin 44 günlük İkinci Qarabağ müharibəsinin tarixi Zəfərimizlə başa çatmasında rolu böyükdür. Ulu Öndər Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, həqiqətləri faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni qoşunlarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdır. Bir sözlə, Ümummilli Liderin Azərbaycanın bu günü və gələcəyi üçün müəyyənləşdirdiyi strategiya bütün sahələrin inkişafına geniş imkanlar açdı. Azərbaycan demokratik, sivil dəyərlərə sadiqliyini atdığı addımları ilə təsdiqlədi. Ölkəmizin 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması da deyilənlərin təsdiqidir. Bütün bu addımlar bir məqsədə yönəlmişdi: Azərbaycanın müstəqilliyini qorumaq, əbədi və sarsılmaz etmək. Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını uğurla həyata keçirərək Azərbaycanı ədəbi müstəqilliyinə qovuşdurdu.

Ağalar müəllim, məlum olduğu kimi, möhkəm təməl, uğurlu başlanğıc növbəti uğurların əsasıdır. 2003-cü ildən başlanan yol Azərbaycana 44 günlük Vətən müharibəsində tarixi Zəfəri yaşatdı. Bu yolu necə şərh edərdiniz?

- Ümummilli lider Heydər Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərindən öncə, yəni 1 oktyabr 2003-cü il tarixdə Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını bildirərək bu məqamı də böyük əminliklə bildirmişdir ki, başa çatdıra bilmədiyi işləri cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası həyata keçirəcək.

Son 18 ildə Azərbaycana hansı sahədən baxsaq ulu öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirildiyini görürük. Azərbaycan iqtisadi möcüzələr ölkəsi, demokratiya təcrübəsi nümunə olan, sabitlik diyarı, ən islahatçı və xoşbəxt ölkə kimi nüfuz qazandı və beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorudu. Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Buna səbəb neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunda da yaradılan şərait oldu. Bu gün nəinki paytaxt Bakımız, eyni zamanda, Azərbaycanın bölgələri böyük inkişaf dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin regonlarımıza ardıcıl səfərləri, Dövlət proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə yaxından tanış olması, problemləri, onların narahat edən məsələləri ictimaiyyətin özündən eşitməyə üstünlük verməsi maraqlı olması xalq-iqtidar birliyinin daha da möhkəmləndirilməsində, vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır. Hər zaman xalqının yanında olan cənab İlham Əliyev bəyan edir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaş amili dayanır. Sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.

Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar barədə də böyük əminliklə danışa bilərik. Məhz diplomatik uğurlarımız Vətən müharibəsində Qələbəmizə öz müsbət təsirini göstərdi. Azərbaycanın informasiya cəbhəsində üstünlüyü döyüş meydanında Qələbəsinə yol açdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi «Qarabağ Azərbaycandır və nida işarəsi» çağırışı reallığa, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrildi. Təbii ki, uğurlarımızın tam şəkildə xronologiyasını təqdim etmək qeyri-mümkündür. Bu baxımdan ki, 29 il zaman baxımından kiçik görünsə də uğurlarımızın miqyasının genişliyi baxımından zəngindir. Tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Azərbaycan bütün sahələrdə gücləndi, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yarandı, güclü ordumuz formalaşdı, gənclərimiz milli ruhda tərbiyə olundu, onlarda torpaq, Vətən sevgisi daha da artdı və 27 sentyabr 2020-ci il tarixdə «artıq yetər» deyib torpaqlarımızı işğaldan azad etdik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev adını tarixə qalib Sərkərdə, torpaqlarımızın xilaskarı kimi yazdı.

-Zəfər günlərimizdə dövlət başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi hansı məqamlara işıq saldı?

- Dövlət başçısı İlham Əliyevin xidmətləri ölkə daxilində və beynəlxalq səviyyədə daim yüksək dəyərləndirilib, verilən mükafatlarda öz təsdiqini tapıb. Zəfərimizin birinci ildönümü günlərində Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi tarixi hadisə oldu. Bu mükafat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qərarı ilə təsis edilib. Azərbaycanın tarixi Zəfəri, dövlət başçısı İlham Əliyevin turk dünyasının birliyinə töhfələri bu mükafatın verilməsini şərtləndirdi. Ölkə Preidenti İlham Əliev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündəki çıxışında özünə və xalqına göstərilən bu yüksək etimada görə təşəkkürünü ifadə edərək bildirmişdir: “Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.

Göründüyü kimi, uğurlarımızın davamlılığı, Zəfərimizin reallığa çevrilməsi dövlətinin, xalqının gələcəyini düşənən Liderinin olmasına əsaslanır. Ulu öndər Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf, tərəqqi yoluna çıxardısa, onun layiqli davamçısı Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etdi, Qarbağlı və Şərqi Zəngəzurlu Azərbaycanın inkişafı üçün geniş imkanlar yaratdı. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışına hazırlıq görülür. Bu uğurlarımızda böyük rolu, payı olan Yen Azərbaycan Partiyasının hər bir üzvü sevincli və qürurludur. YAP özünüun 30 illik yubiley ilinə Zəfərimizin yaratdığı reallıqlar əsasında daxil olur. Zəngin ənənələrə malik olan partiyamız bundan sonra da irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlarla Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə, siyasi sistemin təkmilləşdirilməsinə dəstək olacaq, töhfələr verəcək. Yeni Azərbaycan Partiyası «Dünənin, bu günün və gələcəyin partiyası» olduğunu bütün dövrlərdə təsdiqləyir və yeni hədəflərə doğru inamla irəliləyir.

Paylaş
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30