Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfər edib

14.03.2013 [15:49]

Xəbər verdiyimiz kimi, martın 12-də Prezident İlham Əliyevin və Prezident Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Monteneqro-Azərbaycan sənədlərinin imzalanma mərasimi olub.
* * *
Sənədlərin imzalanması mərasimindən sonra Monteneqronun Bielo-Pole şəhərində Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə inşa etdirilən uşaq bağçasının layihəsi ilə tanışlıq olub.
Prezident İlham Əliyevə uşaq bağçasının inşası ilə bağlı görülən işlər barədə məlumat verilib və son nəticəni əks etdirən layihələr və şəkillər nümayiş etdirilib.
Azərbaycan dövlətinin başçısı yeni park layihəsinə də baxıb.
Daha sonra Bielo-Pole şəhərinin meri Aleksandr Juliç Prezident İlham Əliyevə üzərində şəhərin rəmzi əks olunan xatirə lövhəsi təqdim edib.
* * *
Martın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Monteneqro Prezidenti Filip Vuyanoviç mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Filip Vuyanoviçin bəyanatla çıxışı: “Hörmətli Prezident Əliyev.
Hörmətli nazirlər, hörmətli nümayəndə heyətinin üzvləri!
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Monteneqroya rəsmi səfəri çərçivəsində Sizi, cənab Prezident və rəhbərlik etdiyiniz nümayəndə heyətinin üzvlərini burada görməkdən böyük şərəf hissi duyuram. Artıq bildirmişik ki, aramızda çox gözəl münasibətlər vardır. Coğrafi məsafə baxımından ölkələrimiz bir-birinə o qədər yaxın olmasalar da, ölkələrimiz yaxın dostdur və bu səbəbdən aramızda gözəl əlaqələr mövcuddur. Dövlətlərimiz arasında bu cür çoxşaxəli münasibətlərin olması iqtisadi sahədə də müəyyən nailiyyətlərin əldə olunması üçün şərait yaratmışdır və qarşılıqlı əməkdaşlıq üçün də imkanlar açmışdır. Qarşılıqlı sərmayə qoyuluşu prosesi də gedir. Bu məsələlər sırasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ölkəmizə yatırdığı sərmayələr xüsusi əhəmiyyət kəsb edir. Məsələn, keçmişdə hərbi məqsədlər üçün istifadə olunan yerlər, kazarmalar hazırda müasir turizm infrastrukturuna çevrilmişdir. Biz, həmçinin Azərbaycanın Monteneqroda əlavə sərmayə qoymaq potensialını da müzakirə etdik. Bu məqsədlə bir çox sahələrə maraq göstərilir. Əməkdaşlıq və sərmayələr üçün xüsusilə maraqlı və cəlbedici sahələrə gəldikdə bu sahədə yol infrastrukturunun tikintisi, enerji sektoru və turizmi qeyd etmək olar. Biz dövlətlərarası əməkdaşlıq komissiyasının rolunu da xüsusi qeyd edirik ki, yeni sərmayə sahələrinin müəyyən edilməsində bu, vacib alətdir. Əlavə maraq olarsa bu, yeni müqavilələrin imzalanmasına imkan yaradacaq və iqtisadi sahədə qarşılıqlı əməkdaşlığı daha da genişləndirəcəkdir.
Monteneqro ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannaməni məmnunluqla Prezident Əliyevlə imzaladıq. Bu sənəd gələcək münasibətlərimizin əsasını təşkil edəcəkdir. Biz, həmçinin digər sazişləri də bu gün imzaladıq. Onlardan biri gəlir vergisi üzrə ikiqat vergitutmanın aradan qaldırılması haqqında razılaşmadır. Biz mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarını da müzakirə etdik. Bu sahələrdə də əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd etdik.
Mən Monteneqro xalqı adından Prezident Əliyevə, Azərbaycan dövlətinə və onun vətəndaşlarına Monteneqroya göstərdiyi yardıma görə dərin təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, bu yardım Bilo-Pole şəhərində uşaq bağçasının tikintisi üçün göstərilmişdir. Bu layihə Bilo-Pole üçün olduqca vacib layihə idi. Biz bu gün, həmçinin Azərbaycan tərəfinin yardımı ilə parkın salınması məsələsini müzakirə etdik və təqdimata baxdıq. Təqdimata baxdıqdan sonra belə bir qənaətə gəldik ki, bu parkın salınması əməkdaşlığımızı daha da genişləndirəcəkdir. Mən şəxsən cənab Prezident Əliyevə Monteneqro ilə bu cür gözəl dost münasibətlərinin sabit vəziyyətdə qalması və inkişaf etdirilməsində göstərdiyi səylərə görə dərin təşəkkürümü bildirirəm.
Prezident Əliyev ölkələrimiz arasında iqtisadi münasibətlərin daha da canlanması üçün çox fəal çalışıb və Azərbaycan sərmayədarlarının marağının təşviq olunması üçün böyük səylər göstərib. Bununla mən cənab Prezident Əliyevə dərin təşəkkürümü bildirirəm ki, məhz Onun gərgin fəaliyyəti nəticəsində bizim birbaşa apardığımız iqtisadi əməkdaşlığımız, ikitərəfli münasibətlərimiz daha da inkişaf etmişdir.
Çox sağ olun”.
* * *
Prezident İlham Əliyevin bəyanatla çıxışı: “Hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin gözəl ölkənizdə olmağımdan çox məmnunam. Sizi və bütün Monteneqro xalqını müstəqillik dövründə əldə etdiyi uğurlar münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Sizin ölkəniz qısa müddət ərzində böyük uğurlara imza atıbdır. Hətta böhranlı illərdə Sizin iqtisadiyyatınız sabitlik nümayiş etdiribdir. İndi Monteneqronun beynəlxalq aləmdə çox böyük hörməti və nüfuzu vardır. Onu da qeyd etmək istəyirəm ki, Sizin ölkəniz Avratlantik strukturlara sürətlə inteqrasiya edir və bu da Sizin siyasətinizin uğurlarından biridir.
Mən çox şadam ki, Monteneqro-Azərbaycan əlaqələri də çox uğurla inkişaf edir. Sizin, cənab Prezident, iki il əvvəl Azərbaycana etdiyiniz rəsmi səfər bu əlaqələrə çox güclü təkan vermişdir. İki il ərzində nəinki yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlər həyata keçirilmiş, eyni zamanda, biz iqtisadi sahədə böyük irəliləyişə nail ola bilmişik. Bu gün bizim iqtisadi əməkdaşlıqla bağlı mövqeyimiz yüz faiz üst-üstə düşür. Monteneqroda yaradılmış gözəl investisiya iqlimi Azərbaycan investorlarını da ruhlandırmışdır. Mən çox şadam ki, həm sosial sahə ilə bağlı, eyni zamanda, turizm infrastrukturunun yaradılması ilə əlaqədar Monteneqroya artıq Azərbaycan investisiyaları qoyulmağa başlayır. Ancaq mən hesab edirəm ki, bu, birinci addımlardır, böyük addımlardır, amma birinci addımlardır.
Bu gün əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik və belə fikrə gəldik ki, biz Azərbaycan investisiyalarını Monteneqroya daha da böyük həcmdə qoymalıyıq və iqtisadi əməkdaşlığı dərinləşdirməliyik.
Bank sektoruna böyük maraq göstərilir və biz bu sahədə uğurlu əməkdaşlıq edə bilərik. Enerji sektorunda əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Bu gün biz Azərbaycanın icra etdiyi böyük nəqliyyat layihələrini də müzakirə etdik. Xüsusilə enerji daşıyıcılarının Avropa qitəsinə çatdırılması ilə əlaqədar məsələlər müzakirə edildi və bu məsələlərlə bağlı Monteneqro-Azərbaycan əməkdaşlığı çox uğurlu ola bilər.
Sizin gözəl ölkəniz haqqında əvvəllər çox eşitmişəm. Bu gün isə özüm görürəm ki, doğrudan da, Sizin ölkəniz çox böyük və uğurlu yol keçmişdir. Bütün bu uğurlar münasibətilə Sizi bir dost kimi ürəkdən təbik edirəm”.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqroya rəsmi səfəri çərçivəsində martın 12-də Çetinye şəhərindəki Kral Nikolay Sarayı ilə tanış olub.
Dövlətimizin başçısı sarayda yaradılan muzeyə baxıb.
Monteneqro Prezidenti Filip Vuyanoviç əvvəlcə Çetinye şəhərində son illərdə həyata keçirilən infrastruktur layihələri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, XIII əsrdə əsası qoyulan Çetinye şəhəri Monteneqronun qədim paytaxtı hesab edilir. Maraqlı və zəngin tarixi olan Çetinyedə çoxlu muzeylər və saraylar var. Bu şəhərdəki binalar orijinal arxitekturası ilə seçilir.
Kral Nikolay Sarayı ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, saray Kral Nikolayın dövründə 1863-cü ildə tikilib və orijinal memarlıq üslubu ilə diqqəti cəlb edir. İndi muzey kimi fəaliyyət göstərən sarayda son illərdə yenidənqurma işləri aparılıb, binanın tarixi görkəmi bərpa edilib.
Muzeyin ekspozisiyası ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada Monteneqro tarixinin mühüm mərhələlərini əks etdirən qiymətli eksponatlar saxlanılır. Muzeydə qədim silahların kolleksiyaları toplanıb. Bundan başqa, Kral Nikolay Sarayında bir çox rəssamların müxtəlif illərdə yaratdığı qiymətli əsərlər də sərgilənir. Muzeyin qiymətli eksponatları arasında qədim pullar, bayraqlar, keçmişdə və indi istifadə olunan hərbi geyimlər nümayiş olunur. Əlbəttə ki, Kral ailəsinə məxsus əşyalar da böyük maraqla qarşılanır. Monteneqronun milli sərvəti olan bu eksponatlar və əşyalar, ilk növbədə, bu ölkənin tarixi zənginliyindən xəbər verir. Odur ki, burada toplanan eksponatların müxtəlifliyi ölkəyə gələn turistlərdə də böyük maraq yaradır. Sonda Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
* * *
Xəbər verdiyimiz kimi, martın 12-də Monteneqro Prezidenti Filip Vuyanoviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident Flip Vuyanoviç çıxışında qeyd edib ki, bu səfər dövlətlərimiz və xalqlarımız arasında səmimi dostluq və yaxınlıq əlaqələrinin göstəricisidir, dövlətlərimizin gələcək ikitərəfli və çoxtərəfli əməkdaşlığının təsdiqidir. Həmçinin səfər geniş mənada Xəzər dənizi və Aralıq dənizi arasında - bu mühüm geosiyasi əhəmiyyətə malik bölgədə yerləşən xalqlarımızın dostluq və əməkdaşlığı naminə sabitlik missiyasıdır: “Monteneqro-Azərbaycan əlaqələrinin tarixi dövlətlərimizin aid olduğu geosiyasi məkanların dostluq münasibətlərinin seqmentinə əsaslanır. Fəxrlə deyə bilərəm ki, coğrafi baxımdan uzaq məsafədə yerləşməyimizə baxmayaraq, əlaqələrimiz daim dostluq və qarşılıqlı hörmətlə müşayiət olunur. Dövlətlərimizin suverenliyi tam bərpa ediləndən bəri bizim dostluq və əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, bu gün yetişməkdə olan nəsillərin ehtiyaclarını və bəşəriyyətin üzləşdiyi qlobal çağırışlara cavabları başa düşən dövlətlərimiz arasında yaxın münasibətlər qlobal müstəvidə əməkdaşlığın bariz nümunəsidir.
Bizim müştərək siyasətimiz sülh və sabit tərəqqidir. Biz dialoqu dünyada mövcud olan aktual problemlərin həlli vasitəsi kimi görürük. Monteneqro Avropa İttifaqının beynəlxalq əlaqələr sahəsində yanaşmasını əsas götürərək, BMT-nin və ATƏT-in qətnamələrinin birmənalı tətbiqində təkid edərək dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılması istiqamətində səy göstərir. Bu yanaşma dünyada sabitlik və tərəqqinin əsasıdır.
Prezident Əliyev, Monteneqro vətəndaşları və öz adımdan şəxsən Sizə və Azərbaycan hökumətinə qarşılıqlı əməkdaşlığımıza verdiyiniz böyük töhfələrə görə səmimi minnətdarlığımı bildirirəm. Bu gün Azərbaycan Monteneqro iqtisadiyyatının strateji investoru və sosial inkişaf layihələrinin sərmayədarı kimi çıxış edir. Bununla ölkəniz qarşılıqlı inam, dövlətlərimizin inkişafı və xalqlarımızın rifahının təmin olunması naminə müştərək yanaşmamızın uzunmüddətli perspektivlərinə hazır olduğunu nümayiş etdirir. Əminəm ki, qarşılıqlı maraqlarımıza cavab verən səmərəli iqtisadi əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.
Monteneqro Avropa İttifaqının gələcək üzvü və Adriatik regionunun nadir geosiyasi bölgəsində, Balkan yarımadasının və Mərkəzi Avropanın qonşuluğunda yerləşən ölkə olaraq qlobal müstəvidə investisiya və ticarət üçün təbii məkan kimi tanınmaqdadır. Turizm imkanlarımız ölkəmizin təbii gözəllikləri və xalqımızın qonaqpərvərliyi sayəsində daim inkişaf etməkdədir. Fəxr edirik ki, Azərbaycan artıq bu imkanları anlayaraq bizim resurslarımızdan qarşılıqlı istifadə etməyə hazır olduğunu təsdiq edib.
Səylərimizi artırmalı olduğumuz əməkdaşlıq sahələrindən biri isə mədəniyyətdir. Əminəm ki, bu sahənin inkişafı xalqlarımızın daha da yaxınlaşması və əbədi dostluğumuzun dərinləşməsinə töhfə verəcəkdir. Sağ olun”.
Daha sonra Prezident İlham Əliyev çıxış edərək bildirib ki, ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr inkişaf etməkdədir: “Artıq Monteneqroda mədəni və iqtisadi əlaqələr üzrə Azərbaycan-Monteneqro Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan investorlarının dəstəyi ilə Monteneqronun Bielo-Pole şəhərində uşaq bağçasının inşa edilməsi və Azərbaycan investorlarının Monteneqroda turizm kompleksinin inşası üzrə tenderdə qalib gəlməsi əməkdaşlığımızın digər konkret nümunələridir.
Yeri gəlmişkən, Podqoritsa şəhərində Azərbaycan xalqının görkəmli şairi və dramaturqu Hüseyn Cavidin büstünün qoyulması və mərkəzi küçələrindən birinə “Bakı” adının verilməsi ilə bağlı qərarlara görə təşəkkürümü bildirir və bu addımları mədəni əlaqələrimizin inkişafına töhfə hesab edirəm.
Ölkələrimiz arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur. BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlar bu sahədə olduqca əlverişli platforma təşkil edir.
Monteneqronun gənc müstəqil dövlət kimi əldə etdiyi uğurlar bizi sevindirir. Doqquz ay bundan əvvəl Monteneqronun Avropa İttifaqına üzvlüyü ilə əlaqədar danışıqlara start verilməsi əhəmiyyətli hadisədir.
Azərbaycanın xarici siyasətində Avratlantik strukturlarla əlaqələr mühüm yer tutur. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Azərbaycan bu istiqamətdə etibarlı tərəfdaş ölkə olduğunu nümayiş etdirmişdir. Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və müxtəlif layihələr üzərində işləyirik. Regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması üçün bundan sonra da öz töhfəsini verməyə hazırdır.
Yuxarıda qeyd edilənlərlə yanaşı, regionun inkişafı üçün ən böyük təhlükə mənbəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasıdır. Bildiyiniz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunmuş, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılmış və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Hörmətli cənab Prezident, Monteneqroya səfər etməyimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və tərəqqi arzulayıram”.
* * *
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri başa çatıb.
Podqoritsa Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Monteneqronun yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Dövlətimizin başçısı martın 13-də Bakıya qayıdıb.

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30