Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Erməni-fransız klubu”nun seçki arzuları...

“Erməni-fransız klubu”nun seçki arzuları...

16.03.2024 [10:55]

Karapetyanın brilyantları və ya erməni milyarderin “deputat ovu”

Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, BMT TŞ-nin məlum qətnamələrini yerinə yetirməyən, beynəlxalq aləmin tələblərinə məhəl qoymayan Ermənistanın korrupsioner havadarlarının fəaliyyət arealı məlumdur. Söhbət Avropanın adını “beynəlxalq təşkilat” qoymuş bir sıra strukturlarından gedir. Ötən 30 ildə Azərbaycan dövləti işğala məruz qalan tərəf olsa da, sülh prinsipini hər zaman ön sırada tutub, problemin danışıqlar yolu ilə həllinə üstünlük verib - amma adını “beynəlxalq aləm” qoymuş təsisatlar, təşkilatlar Azərbaycanın sülhpərvər mövqeyini dəstəkləmək, onu dəyərləndirmək əvəzinə daha çox işğalçının yanında yer alıblar. Təbii ki, bu məsələdə xaricdəki erməni lobbisinin “xidməti” xüsusi “dəyərləndirilməlidir”. Beynəlxalq təşkilatların üzvlərinin, hətta rəsmilərinin belə rüşvətlə ələ alınması, korrupsiya girdabına düşməsi müasir dünyada tez-tez rast gəlinən presedentlərdən sayılır. Maraqlıdır ki, hətta bütün “maskası” üzündən enən bu kimi təşkilatlar sonradan da ədalətsiz mövqedən əl çəkmir, öz addımlarını davam etdirirlər...

Avropa adına ləkə gətirən “parlament”

Bu fikirləri Avropa Parlamentinə şamil etmək olar. Avropa İttifaqının üzvü olan ölkələrin enerji təminatında mühüm rol oynayan, ümumilikdə, Aİ ilə mühüm enerji dialoqu aparan Azərbaycana qarşı Avropa Parlamentinin əsassız və qeyri-hüquqi “qətnamələrlə” çıxış etməsi anlaşılan deyil. Ayıbına kor olmayan Avroparlament ölkəmizə qarşı qərəzli və ikili standartlara əsaslanan münasibət sərgiləməkdənsə, öz imicini yerlə-bir etmək üçün “səfərbər olur”, növbəti ədalətsiz addımlara əl atır. Əlbəttə ki, bu kimi “korrupsioner havadarlığın” da bir gizli mənbəyi olmalıdır. Bu mənbənin kimliyi isə hər kəsə bəllidir - Qərbin ermənipərəst siyasətçilərinin, qurumlarının üzündən maskalar endikcə əsl sima(sızlıq)ları üzə çıxır, kimlərin kölgəsinə sığındıqları bəlli olur. Bir müddət öncə anti-Azərbaycan mövqeyi ilə “şöhrət qazanan” Bob Menendezin, Eva Kailinin Avropa parlamentindəki şəriklərnin əsl mahiyyəti üzə çıxır. Onsuz da irqçi, islamofob, Azərbaycanofob, türkofob mövqeyi və ikili standartları ilə tanınan Avropa Parlamenti üzvlərinin adları çirkin korrupsiya faktlarında hallanır, ifşa edilirlər. Siyahı isə tək yunan deputatla yekunlaşmır - bu ilin yayında Avropa Parlamentinə seçkilərdə növbəti dəfə iştirak etmək və fəaliyyətini davam etdirmək istəyənlərin bir çoxu bu korrupsiya girdabında itib batır.

Kasparın almazları AP üzvlərini necə “kor etdi”?

Avroparlament üzvlərinin qarıdakı seçkilərlə bağlı korrupsiyaya bulaşması faktına səbəbsiz işarə etmədik. 2023-cü iln sentyabrından başlayaraq Azərbaycana qarşı heç bir hüquqi ölçüyə sığışmayan qərəz tonunda mövqe sərgiləyən Avroparlament üzvlərinin əksəriyyəti erməni lobbisinin qanadları altına sığınıb. Maddi yardım qarşılığında erməni lobbi üzvlərinin “dəyənəyi”nə çevrilmiş bu “parlamentarilər” həmin lobbi üzvlərinin “dirijor çubuğu” ilə də idarə olunur. Heç bir  hüquqi əsası olmayan qondarma tələblər də məhz həmin deputatlara verilən “sifarişlərin” nəticələridir. Çox uzağa getmədən bir müddət öncə yuxarıda adını çəkdiyimiz Avropa Parlamentinin Yunanıstandan olan vitse-prezidenti Eva Kailinin milyonlarla dollarlıq korrupsiya skandalları ilə gündəmə gəlməsini xatırlayaq - Avropa Parlamenti üzvlərinin yeni seçkilər öncəsi Azərbaycana qarşı bu kimi çirkin kampaniyada iştirakı isə onların erməni lobbisi tərəfindən stimullaşdırılması və maliyyələşdirilməsi ilə birbaşa bağlıdır.  Azərbaycana qarşı çağırışların daimi “səsləndiricisi” olan deputatlar erməni lobbisinin pulu ilə işləyir - maliyyələşmənin arxasında Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan dayanır. Maraqlı nüanslardan biri korrupsiya faktı ilə həbs edilmiş Eva Kailinin həbsinə qədər onun Avropa Parlamentinin Avropa İttifaqı-Ermənistan dostluq qrupunun üzvü olması və bu çərçivədə Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyası (EAFJD) təşkilatı ilə sıx əlaqləridir.  Bu təşkilatın prezidenti ermənilərin “almaz imperatoru” adlandırdıqları milyarder Kaspar Karapetyandır. Karapetyan on illər boyunca Avropa Parlamentinin bir çox deputatlarının yalnız Ermənistana deyil, eləcə də Qarabağa qanunsuz səfərlərini təşkil edib. Onun xüsusilə, Avroparlament üzvlərinin “Daşnaksyutun” partiyasının təmsilçiləri ilə mütəmadi görüşlərni təşkil etməsi, habelə maliyə dəstəyi göstərməsi real mənzərəni göz önündə canlandırır.

Vurğulayaq ki, Karapetyanın AP üzvləri ilə əlaqələri bununla məhdudlaşmır - erməni milyarder maliyyələşdirdiyi deputatların əli ilə Aİ-nin Rusiyaya qarşı almaz biznesinə sanksiya tətbiqinə mane olur. Çünki Rusiyadan almazların Belçikaya gətirilməsi, orada cilalanaraq satılması Karapetyanın qanlı almaz biznesinin tərkib hissəsidir. Ermənistandan da gətirilən almazlar eyni qaydada Belçika vasitəsilə cilalanıb satılır. Karapetyanın yaratdığı qeyri-qanuni biznes şəbəkəsi ilə AP deputatlarının maliyyələşdirilməsi bu cür sinxron şəkildə davam edir.

Ekstremist, terrorçu Karapetyan...

Vurğulayaq ki, Avroparlament üzvlərinə “səxavətlə himayədarlıq” edən Karapetyan başqa məziyyətləri ilə də məşhurdur. KİV-lərdə yayılan məlumatlarda bildirilir ki, Karapetyan gəncliyində ekstremist yunan və erməni təşkilatlarında fəal iştirak edib. Gəncliyini erməni terrorizminin qalası hesab olunan Beyrutda keçirib. “ASALA” terror təşkilatı ilə yaxın münasibətləri olub. Onun səsi tez-tez Yaxın Şərq ölkələrindən, Livandan, ən qızğın münaqişə ocaqlarından gəlib. Qısası, Karapetyan hər zaman şeytanın barmağı rolunda olub.

Briliant və almaz ticarəti ilə məşğul olmaqla yanaşı Karapetyanın AP üzvləri üzərindəki “hökranlığı” yalnız verdiyi böyük rüşvətlə də məhşdudlaşmır. Karapetyan ən çirkin vasitələrdən istifadə edərək bir sıra ölkələrdəki deputatları öz marağı üçün işlədir. Məsələn, Avropa Parlamentinin nüfuzlu deputatlarından olan Eleni Teoxarusu bahalı zinət əşyaları hədiyyə etməklə susdurmuşdusa, qadın düşkünü olan Frank Enqelə gözəl qızlar bağışlamışdı. Sözsüz ki, erməni kəşfiyyatı ilə əlbir olan bu “kənizlər” intim səhnələri kameraların yaddaşına köçürmüşdülər. İllərlə Qarabağın Azərbaycandan qoparılması naminə hər cür səxavəti göstərməyə hazır olan Kaspar Karapetyan bu gün bütün gücünü və səyini Avropa Parlamentini  Azərabycana qarşı “silahlarndırmağa” sövq edib. Amma bu kimi, çirkin fəaliyyətlər də heç bir nəticə vəd etmir. Çünki Azərbaycanın qətiyyətli mövqeyi bütün iddiaları və qeyri-hüquqi ambisiyaları məhv etməyə qadirdir...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 247 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31