Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Yaxın Şərq müharibəsi bitdi?

Yaxın Şərq müharibəsi bitdi?

07.05.2026 [09:37]

ABŞ “Epik qəzəb” əməliyyatının başa çatdığını elan etdi

Yaxın Şərqdə müharibə başa çata bilər. Belə ki, ABŞ Dövlət katibi Marko Rubio İranda “Epik Qəzəb” Əməliyyatının bitdiyini elan edib. Ağ Evdə keçirilən mətbuat konfransında Rubio 28 fevralda başlayan ABŞ-ın “Epik Qəzəb” Əməliyyatının başa çatdığını, məqsədlərinə nail olduqlarını deyib. “Epik Qəzəb Əməliyyatı başa çatdı. Prezident Konqresə məlumat verən kimi biz bu mərhələni başa vurduq. Artıq Azadlıq Layihəsi Əməliyyatına başlamışıq”, - deyə o bildirib.

Dövlət katibi əlavə edib ki, Vaşinqton Tehranla münaqişənin diplomatik həlli üzərində işləyir. “İran bu vəziyyətin reallığını qəbul etməli, danışıqlar masasına gəlməli və özləri üçün yaxşı, lakin nəticədə dünya üçün faydalı olan şərtləri qəbul etməlidir”, - deyə o, davam edib.

Marko Rubionun sözlərinə görə, ABŞ prezidenti gələcək danışıqlardan əvvəl “bütün məsələləri həll edən anlaşma memorandumu” hazırlamaq istəyir. O, Amerika tərəfinin İranla zənginləşdirilmiş uran məsələsini müzakirə etməyə davam edəcəyini açıqlayıb.

Qanunvericiliyin tələbi ilə...

Xatırladaq ki, Associated Press (AP) agentliyinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibəni bitmiş hesab edib və bu barədə mayın 1-də Konqresə məlumat verib. Həmin gün İranla hərbi münaqişəni davam etdirmək üçün Konqresin təsdiqləmə müddəti başa çatırdı - Tramp Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatın müvəqqəti prezidenti Çak Qrasliyə göndərdiyi məktubda bildirib ki, “28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar dayandırılıb”.

Eyni zamanda, Amerika prezidenti məktubunda faktiki müharibənin hələ bitmədiyini də açıq şəkildə qeyd edib - “AP”-nin məlumatına görə, Tramp məktubunda vurğulayıb ki, “ABŞ-ın İran rejiminə qarşı əməliyyatlarının uğuruna və davamlı sülhün təmin edilməsi üçün davam edən səylərə baxmayaraq, İranın ABŞ və silahlı qüvvələrimiz üçün yaratdığı təhlükə əhəmiyyətli olaraq qalır”.

Bu məktub ABŞ Konqresində də birmənalı qarşılanmayıb - Senatın Demokratlar fraksiyasının lideri Çak Şumer Konqresə göndərilən  məktubda Ağ Evin arqumentlərini əsassız adlandırıb. O, “X” sosial media platformasında yazıb: “Bu, qanunsuz müharibədir və respublikaçıların hər gün ortaq olduğu və onun davam etməsinə icazə verdiyi gün həyatların təhlükə altında olduğu, xaosun hökm sürdüyü və qiymətlərin artdığı daha bir gündür”.

Qeyd edək ki, 1973-cü il “Müharibə Səlahiyyətləri Qətnaməsi”nə əsasən, ABŞ prezidenti yalnız 60 gün müddətinə hərbi əməliyyatlar apara bilər. Daha sonra, “qaçılmaz hərbi zərurət” halında, onları dayandırmalı və ya Konqresdən 30 günlük uzadılma tələb etməlidir.

“Epik qəzəb” in “qiyməti...

CBS News-un ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, İrana qarşı müharibədə ABŞ-ın faktiki xərcləri Pentaqonun rəsmi 25 milyard dollarlıq rəqəmindən iki dəfə çoxdur, yəni 50 milyarddır. ABŞ Müdafiə Nazirliyinin baş maliyyə direktoru Culs Hyörts Konqresə rəsmi müharibə xərcinin 25 milyard dollar təşkil etdiyini bildirmişdi Lakin CBS News mənbələri bildirir ki, bu rəqəmə məhv edilmiş, zədələnmiş avadanlıq,  ABŞ hərbi bazalarına dəyən ziyan daxil deyil. Xüsusilə, ABŞ ordusu hər biri 30 milyon dollar dəyərində olan ən azı 24 MQ-9 Reaper dronunu itirib. Bir çox amerikalı siyasətçi də bu rəsmi rəqəmin az olması düşüncəsindədir.

Yeni əməliyyat “Epik qəzəb”dən fərqlənir...

Rubio Ağ Evdə keçirdiyi mətbuat konfransında ölkəsinin artiq Azadlıq Layihəsi Əməliyyatına başladığını bildirib. Mayın 3-dən etibarən Prezident Donald Tramp ABŞ-ın digər ölkələrdən gələn gəmilərin Hörmüz boğazından keçməsinə kömək etmək üçün “Azadlıq Layihəsi”ni başlatdığını elan edib. Pentaqon rəhbəri Pit Heqset bu əməliyyatla bağlı danışan zaman bildirib ki, bu, ayrı bir əməliyyatdır və “Epik Qəzəb”dən fərqlidir. Heqset izah edib ki, “Azadlıq Layihəsi müdafiə xarakterli və müvəqqətidir. O vurğulayıb ki, bu əməliyyatın tək bir missiyası var: dinc kommersiya gəmiçiliyini İran təcavüzündən qorumaq.

“Azadlıq Layihəsi” dayandırılır?

ABŞ rəsmiləri Azadlıq Layihəsi Əməliyyatının müraciət əsasında formalaşdırıldığını bildirir. Prezident Tramp deyib ki, çoxsaylı ölkələr bu tələblə Vaşinqtona müraciət ediblər: “Həmin ölkələrin heç biri Yaxın Şərq münaqişəsində iştirak etmir”. O, əməliyyatın sırf humanitar xarakter daşıdığını, qida və digər təchizatı az olan gəmi heyətinə kömək etmək üçün nəzərdə tutulduğunu bildirib.

Bu arada ABŞ administrasiyası Hörmüz boğazından gəmilərin tranzitini asanlaşdırmaq üçün həyata keçirilən “Project Freedom” (Azadlıq Layihəsi) əməliyyatını müvəqqəti dayandırmaq qərarına gəlib. ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth Social”da yazıb. Onun sözlərinə görə, qərar İranla razlaşma üzrə danışıqların uğurla başa çatması və sazişin imzalanması ehtimalı barədə daha aydın siqnallar alınan müddətə qədər qəbul edilib. Tramp qeyd edib ki, bununla bağlı sorğu Pakistan və digər ölkələrdən gəlib. “Biz qarşılıqlı olaraq razılığa gəldik ki, tam blokada qalacaq, lakin danışıqların başa çatdırılması və sazişin imzalanması üçün “ Project Freedom” qısa müddətə dayandırılacaq”, - paylaşımdda bildirilir.

Xatırladaq ki, bundan əvvəl Mərkəzi Komandanlıq (CENTCOM) bəyanat vermişdi ki, bu əməliyyat idarə olunan raket esminetslərini, 100-dən çox quru və dəniz təyyarəsini, çoxməqsədli pilotsuz sistemlərini və təxminən 15.000 Amerika hərbi qulluqçusunu əhatə edir.

ABŞ-dan BMT TŞ-ya yeni qətnamə...

Marko Rubio həmçinin ABŞ-ın Hörmüz boğazı ilə bağlı BMT Təhlükəsizlik Şurasına İrandan “hücumları dayandırmağı, mina atmağı və rüsum tətbiq etməyi” tələb edən yeni qətnamə layihəsi təqdim etdiyini açıqlayıb. Qeyd edək ki, bir müddət əvvəl də Fars körfəzi ölkələrinin həmmüəllifliyi ilə  belə bir qətnamə layihəsi təqdim olunmuşdu, amma bəzi dövlətlərin veto qoyması səbəbilə qəbul edilməmişdi. ABŞ administrasiyası bu dəfə qətnamə layihəsinə dəyişiklik edib, lakin Rusiya və Çinin dəstəyinə əmin deyil. Marko Rubio Ağ Evdə keçirilən brifinqdə yeni qətnamənin qəbul edilmə zəmanətləri ilə bağlı suala cavab olaraq bildirib ki, “Bu bəlli deyil”. “Düşünürəm ki, heç kim yenidən veto qoyulmasını istəmir, ona görə də mətndə bəzi kiçik düzəlişlər etdik”, - o əlavə edib. Qeyd edək ki, qətnamə ticarət gəmilərinə qarşı “aqressiv hərəkətlərin” dayandırılması, qoyulmuş minaların təmizlənməsi, keçid rüsumu yığmaq cəhdlərindən çəkinməni özündə ehtiva edir.

SADİQ

Paylaş:
Baxılıb: 14 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31