Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Aİ yeni ticarət tərəfdaşları axtarışında

Aİ yeni ticarət tərəfdaşları axtarışında

23.09.2026 [09:40]

Hazırda müharibələrin yalnız real döyüş meydanlarında aparılmadığı hər kəsə bəllidir. Güc mərkəzləri taktiki və strateji maraqları naminə tez-tez digər təzyiq vasitələrinə də al atırlar. Təəssüf doğuran haldır ki, dövlətlərarası ticarətin də bir sıra hallarda belə təzyiq alətinə çevrildiyi müşahidə edilir ki, bu da ölkələri yeni seçimlər etmək məcburiyyətində qoyur.

O cümlədən son vaxtlarda 27 dövlətin yer aldığı Avropa İttifaqı (Aİ) da ticarət trayektoriyasının dəyişdirlməsi zəruriliyindən çıxış edir. Artıq bu istiqamətdə praktiki müstəvidə addımlar da atılır. Buna əsas səbəblər kimi isə ABŞ-ın Aİ-yə münasibətdə daha sərt tarif siyasətinə keçəcəyinin anonsunu verməsi, həmçinin Çinin Avropa bazarlarını “zənt etməsi”nə görə daxili istehsal üçün risklərin yaranması göstərilir.

Almaniya Kanslerinin çağırışı: Biz yeni ticarət tərəfdaşları qazanmalı və asılılıqları azaltmalıyıq

Almaniya Kansleri Fridrix Merts Avropa İttifaqının Çinlə ticarətdə artan disbalans və asılılıqlara qarşı daha fəal siyasət yürütməli, eyni zamanda, yeni ticarət tərəfdaşları qazanmalı olduğunu bildirib.

Kansler alman sahibkarların toplantısında çıxışı zamanı son onilliklərdə qlobal ticarət münasibətlərinin fundamental şəkildə dəyişdiyini deyib. Onun sözlərinə görə, Çin bazar iqtisadiyyatına xas dinamikanı dövlət müdaxilələri, artıq istehsal gücləri, qiymət siyasəti, dəyəri aşağı salınmış valyuta və yüksək səviyyədə subsidiyalaşdırılan ixracla birləşdirir. Bu vəziyyət Avropa şirkətlərinə həm Aİ-nin daxili bazarında, həm də üçüncü ölkələrin bazarlarında ciddi təzyiq yaradır. Kansler Aİ-nin 27 üzvünün hamısının Çinlə ticarətdə kəsirlə üzləşdiyini, ümumi kəsirin isə ildə 300 milyard avrodan çox olduğunu bildirib: “Bu gün artıq Avropa İttifaqında Çin Xalq Respublikası ilə ticarət balansında profisitə malik olan bir ölkə də yoxdur”, - deyə Kansler vurğulayıb.

F.Merts Almaniyanın ənənəvi əsas sənaye sahələrində - avtomobil, maşınqayırma və kimya sənayesində alman və Çin şirkətlərinin getdikcə daha çox birbaşa rəqabətə girdiyinə diqqət çəkib.

Almaniya Kansleri ABŞ-;n yeni tarif siyasətinin də qlobal ticarət mühitini dəyişdirdiyini qeyd edib. Onun sözlərinə görə, ABŞ-nin yeni tarif rejiminin tətbiqindən sonra əməkdaşlıq və ticarət əhəmiyyətli dərəcədə azalıb. O, bəzi dövlət və hökumət başçılarının iqtisadi açıqlığın qarşılıqlı faydasına əvvəlki kimi inanmadığını qeyd edib.

Bununla belə, Almaniya Kansleri Avropanın yeni reallıqlar qarşısında yalnız müdafiə mövqeyində qalmalı olmadığını deyib. O bildirib ki, Aİ-nin əsas üstünlüyü onun iqtisadi miqyası, texnoloji və sənaye potensialı, eləcə də vahid bazarıdır. “Biz dünyada öz maraqlarımızı qoruya bilərik” deyən F.Merts bunun üçün Almaniya və Avropanın açıqlıq, hüququn aliliyi, ədalətli rəqabət, azad tədqiqat və inkişaf kimi prinsiplərə sadiq qalmasının vacibliyini qeyd edib.

Kansler, eyni zamanda, Avropanın asılılıqlarını azaltmaq və ədalətsiz rəqabətdən qorunmaq üçün daha effektiv ticarət siyasəti alətlərinə ehtiyac olduğunu bildirib: “Biz yeni ticarət tərəfdaşları qazanmaq, asılılıqları məqsədyönlü şəkildə azaltmaq, öz maraqlarımızı qorumaq və dünyada özümüzü Avropanın aparıcı ticarət gücü kimi mövqeləndirmək istəyirik”.

O, 450 milyon istehlakçını birləşdirən vahid Aİ bazarını dünyanın ən böyük bazarlarından biri kimi xarakterizə edib və Çinin özü üçün də Avropa bazarının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Avropa üzünü Afrikaya çevirir

Yeni qlobal reallıqlar fonunda Avropa üzünü Afrikaya çevirir. Avropa İttifaqı və Afrika İttifaqı (Aİt) arasında iqtisadi əlaqələr və ticarət sövdələşmələri son illərdə əhəmiyyətli dərəcədə artmaqda və dərinləşməkdədir. Aİ hazırda Afrikanın ən böyük ticarət və investisiya tərəfdaşı olaraq qalır. 2024-2025-ci illərin məlumatlarına əsasən, tərəflər arasında illik ticarət dövriyyəsi təxminən 355-360 milyard avro təşkil edib.

Aİ-nin Afrikaya marağının artmasının ən mühüm səbəblərindən biri rəqəmsal və yaşıl keçid üçün zəruri olan kritik xammalların (litium, kobalt, nadir metallar) tədarük zəncirini şaxələndirmək və Çindən asılılığı azaltmaqdır. Aİ Xarici Fəaliyyət Xidmətinin məlumatlarına görə, təmiz enerji layihələri sahəsində də yeni tərəfdaşlıq sazişləri (məsələn, Cənubi Afrika və Anqola ilə dayanıqlı investisiya sazişləri) dövriyyəyə daxil edilib.

Aİ özəl maraqlarının təmin edilməsi üçün Afrika ölkələri ilə mövcud ticarət müqavilələrini yeniləyir və yaxud onları  genişləndirir. 2026-cı ilin iyun ayında Aİ dörd Afrika ölkəsi (Komor adaları, Madaqaskar, Mavriki və Seyşel adaları) ilə azad ticarət sazişinin dərinləşdirilməsi üzrə danışıqları başa çatdırıb. Bu saziş yalnız malların ticarətini deyil, həm də rəqəmsal ticarət, xidmətlər və investisiyaları əhatə edən sub-Sahara Afrikasındakı ilk genişmiqyaslı müqavilədir. Qeyd edək ki, bəhs olunan dövlətlər Şərqi və Cənubi Afrikanı təmsil edirlər.

Aİ həmçinin Cənubi Afrikada möhkəmlənmək niyyətindədir. Aİ-SADC İqtisadi Tərəfdaşlıq Sazişi çərçivəsində ticarət dövriyyəsi sabit şəkildə artır. Məsələn, Cənubi Afrika ilə ticarət dövriyyəsi 2025-ci ildə 46 milyard avroya çatıb.

Eyni zamanda, Aİ dünyanın ən böyük azad ticarət zonası sayılan Afrika Kontinental Azad Ticarət Zonasının (AfCFTA) yaradılmasını fəal şəkildə dəstəkləyir. Aİ və üzv dövlətlər ticarətin asanlaşdırılması, infrastruktur və rəqəmsal keçid üçün milyardlarla avro dəyərində maliyyə və texniki yardım paketləri (məsələn, Team Europe təşəbbüsü) ayırıb. 2026-cı ilin aprelində tərəfdaşlığı rəsmiləşdirən yeni anlaşma memorandumu imzalanıb.

Bundan başqa, Avropa İttifaqı Çinin Afrikadakı iqtisadi təsirinə (“Bir kəmər, bir yol”) qarşı özünün “Global Gateway” strateji proqramını irəli sürür. Bu çərçivədə Afrikada nəqliyyat dəhlizləri, yaşıl enerji layihələri və rəqəmsal bağlantıların qurulması üçün on milyardlarla avro investisiya yönəldilir.

Hindistanla “buzlar əriyir”

Geniş və cəlbedici ixrac bazarı sayılan Hindistanla “buzların əridilməsi” və yaxud məsafələrin yaxınlaşdırılması da Avropanın planlarına daxildir. 2021-ci ildə Aİ ilə bu ölkə arasında azad ticarət sazişi üzrə uzun müddət dondurulmuş danışıqlar bərpa olunub. Əlaqələrin dərinləşdirlməsi zərurəti ilə bağlı Aİ-nin yüksəksəviyyəli rəsmiləri oxşar məzmunlu fikirlər ifadə edirlər. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen bildirib ki, Hindistanla azad ticarət sazişi dünyada ən böyük ticarət razılaşması olacaq. Onun sözlərinə görə, ticarət, texnologiya, təhlükəsizlik və müdafiə sahələrində genişləndirilmiş əməkdaşlığa əsaslanan Hindistanla daha sıx ittifaq gələcək illərdə və onilliklərdə Avropanın siyasətinin təməl daşına çevriləcək.

“Avropa İttifaqı və Hindistan bu ilin sonunadək Azad Ticarət Sazişi sənədini  imzalayacaq”. Bunu isə  Aİ Şurasının sədri Antonio Koşta Hindistanın Baş naziri Narendra Modi ilə görüşünün yekunlarına dair “X” sosial şəbəkəsində yazıb. “İlin sonunadək biz Azad Ticarət Sazişini imzalayacağıq. Həmçinin investisiya sazişi üzərində işi sürətləndirəcəyik. Biz təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı gücləndirəcəyik və IMEC-i (Hindistan - Yaxın Şərq - Avropa iqtisadi dəhlizi) təşviq edərək əlaqələri yaxşılaşdırmaq üçün səylərimizi birləşdirəcəyik”, - deyə  Koşta yazıb.

Xatırladaq ki, Brüssel ilə Dehli bu səviyyədə yaxınlaşmayadək uzun müddət gözləyiblər. Tərəflər təxminən 20 il davam edən uzunmüddətli danışıqlardan sonra sazişin mətni üzərində yekun siyasi razılığı 27 yanvar 2026-cı ildə Nyu-Delhidə paraflayıblar. Hazırda sənəd yekun imzalanma mərhələsindədir. Avropa Komissiyası 2026-cı ilin sentyabrında sazişin imzalanması üçün rəsmi təklifini Avropa İttifaqı Şurasına təqdim edib. Aİ Şurasının sədri və Avropa Komissiyasının prezidenti sazişin bu təqvim ilinin sonuna qədər rəsmən imzalanacağını bəyan ediblər.

Rəsmi imzalanma və Avropa Parlamentinin ratifikasiyasından sonra sazişin 2027-ci ilin birinci rübündə  tam qüvvəyə minməsi gözlənilir. Qlobal ÜDM-in təxminən 25 faizini əhatə edən bu tarixi müqavilə Avropadan Hindistana ixrac edilən malların (avtomobil, şərab, maşınqayırma məhsulları və s.) 96 faizdən çoxu üzrə gömrük rüsumlarının tamamilə ləğv edilməsini və ya kəskin azaldılmasını nəzərdə tutur.

Avropa İttifaqı - MERCOSUR  razılaşması

Avropa İttifaqının yeni ticarət tərəfdaşları axtarışları müxtəlif coğrafiyaları əhatə edir. Bu baxımdan 2026-cı ilin yanvarında Aİ ilə MERCOSUR (Cənubi Amerika Ortaq Bazarı) arasında azad ticarət sazişinin imzalanması da mühüm əhəmiyyət daşıyır. Bununla da 1999-cu ildən davam edən danışıqlar uğurla başa çatıb. Paraqvayda keçirilən mərasimdə sazişi Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, MERCOSUR ölkələrinin - Argentina, Paraqvay və Uruqvayın dövlət başçıları və Braziliyanın xarici işlər naziri imzalayıblar.

Saziş Avropa İttifaqı ilə MERCOSUR ölkələrini əhatə edən 700 milyondan çox əhalinin yaşadığı bölgələri birləşdirən dünyanın ən böyük azad ticarət zonalarından birinin yaradılmasını nəzərdə tutur. Boliviya MERCOSUR qrupuna daxil olsa da, ilk mərhələdə sazişə qoşulmayacaq.

Saziş Aİ-yə üzv olan 27 ölkənin 21-nin səs çoxluğu ilə qəbul edilib. Sazişə əsasən, Aİ ilə MERCOSUR arasında dövriyyədə olan malların təxminən 90 faizindən çoxuna tətbiq oluna gömrük vergilərinin ləğv edilməsi nəzərdə tutulur. Nəticədə, Aİ-nin MERCOSUR ölkələrinə illik ixracatının 39 faiz (49 milyard dollar) artacağı gözlənilir.

Razılaşmanın Avropanın əczaçılıq, maşınqayırma, avtomobil sənayesi üçün böyük imkanlar təmin edəcəyi proqnozlaşdırılır. Aİ MERCOSUR ölkələrinə əsasən avtomobil və kimya məhsulları ixrac etdiyi halda, daha çox kənd təsərrüfatı məhsulları və xammal idxal edir.

Aİ Orta Dəhlizin inkişafına 12 milyard avro ayıracaq

Aİ-nin ticarət əlaqələrini genişləndirmə planlarına həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya  da daxildir. O cümlədən Avropa İttifaqı Azərbaycandan neft-qaz, Mərkəzi Asiyadan kritik mineralların idxalını artırmaq niyyətindədir. Vacib istiqamətlərdən biri də Avrasiyada tranzit daşımaları üçün imkanların genişləndirilməsidir. Bu məqsədlə Avropa İttifaqı Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa bağlamalı olan Orta Dəhlizin inkişafı üçün 12 milyard avroyadək investisiya cəlb etməyi planlaşdırır. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Avropa Parlamentində Aİ-nin vəziyyəti ilə bağlı çıxışı zamanı bildirib. “Bu, bağlantılılıq sahəsində yeni beynəlxalq layihə olacaq. Layihə Cənubi Qafqazı və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa birləşdirəcək. Biz bunu Orta Dəhliz adlandırırıq”, - deyə - Fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Aİ bu layihəyə 12 milyard avroya qədər dövlət və özəl investisiyaları cəlb etmək üçün “Global Gateway” təşəbbüsündən istifadə etmək niyyətindədir. Fikirlərinə davam edən qurum rəsmisi bildirib: “Məqsədimiz marşrutları şaxələndirmək, ticarət axınlarını 3 dəfə artırmaq və 2030-cu ilə qədər yüklərin tranzit vaxtını kəskin şəkildə azaltmaqdır”.

O, həmçinin Bolqarıstanın Baş naziri Rumen Radevlə birlikdə bağlantı məsələlərinə dair regional sammitin keçiriləcəyini elan edib. Avropa Komissiyası rəhbərinin sözlərinə görə, sammit layihənin praktiki reallığa çevrilməsinə yönəldiləcək.

Orta Dəhliz Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçir və Aİ tərəfindən ticarət əlaqələrinin şaxələndirilməsi marşrutlarından biri kimi nəzərdən keçirilir. Brüssel üçün bu marşrutun önəmi regionda nəqliyyat və digər infrastrukturun inkişafı, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətləri ilə iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlıdır.

Fon der Lyayen bu cür tərəfdaşlıqların inkişafını beynəlxalq sistemin dəyişməsi və Aİ-nin tədarük zəncirlərinin dayanıqlılığını müstəqil şəkildə möhkəmləndirmək və öz iqtisadi maraqlarını qorumaq zərurəti ilə əlaqələndirib.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30