İqtisadi Şuranın iclasında...
16.09.2025 [10:34]
Hökumət üzvləri qarşıdakı ilin inkişaf ssenarilərini və büdcə layihəsi ilə bağlı məsələləri müzakirə ediblər
Sentyabrın 12-13-də İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri, dünya iqtisadiyyatının inkişaf meyilləri, cari iqtisadi vəziyyət və 2025-2029-cu illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, 2026-2029-cu illərdə büdcə siyasətinin əsas məqsəd, istiqamət və hədəfləri, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr və digər məsələlər ətraflı müzakirə olunub.
İclasda ölkəmizin cari iqtisadi vəziyyətinin qənaətbəxş olduğu və mövcud makroiqtisadi göstəricilərin dayanıqlı inkişafın qorunmasında əsaslı bazis yaratdığı vurğulanıb. Qlobal və regional iqtisadi reallıqlar, xüsusilə də dünya enerji, ərzaq və maliyyə bazarlarında baş verən proseslər milli iqtisadiyyata təsir etsə də, 2025-ci ilin ötən 8 ayı ərzində qeydə alınmış makro-fiskal nəticələr uğurlu olub. Sosial-iqtisadi inkişaf strategiyasının uğurlu icrası nəticəsində 2025-ci ilin yanvar-avqust aylarında ölkədə 83 milyard manatdan çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu, real ifadədə 1 faiz çoxdur. Neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalsa da, qeyri neft-qaz sektorunda 2,6 faiz artım qeydə alınıb. ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb və əlavə dəyərin 70 faizə yaxını qeyri-neft mənbələrinin üzərində cəmləşib. ÜDM-də əsas sahələrdən biri olan sənaye sektorunda məhsul həcmi 42 milyard manatı üstələyib. Qeyri-neft sənayesində artım daha çox olub və dinamika 4,8 faiz təşkil edib. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.
Fiskal yığımların həcmi genişlənib
Ötən 8 ayda ölkədə sərmayə axıcılığı da dayanqılı xarakter daşıyıb, əsas kapitala 11,4 milyard manata yaxın vəsait qoyulub. Xüsusilə də qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8 faiz yüksəlib. Xarici investisiyaların həcmi 2,6 milyard manata bərabər olub. Ölkədə fiskal yığımların artım tempi artmaqla büdcə daxilolmalarının həcmini də genişləndirib. Belə ki, 2025-ci ilin 8 ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 972 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Büdcənin gəlirləri 26 milyard 359,4 milyon manat təşkil edib ki, bu da səkkiz aylıq proqnozu 698,7 milyon manat və ya 2,7 faiz üstələyib. Dövlət büdcəsinin xərcləri isə 22 milyard 308 milyon təşkil edib və bütün xərc sifarişləri tam həcmdə yerinə yetirilib.
Mövcud inkişaf dinamikası əhalinin gəlirləri və orta aylıq əməkhaqqının artımını da təmin edib. 2025-ci ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib. Bu dövrdə inflyasiya 5,6 faiz təşkil edib ki, bu da əhalinin real gəlirlərindən 2 faiz-bənd azdır.
Qeyd edilən dövrdə ölkəmizdə dayanıqlı makroiqtisadi çərçivə qorunub saxlanılmaqla bank, maliyyə, sığorta və digər sahələrdə də inkişaf meyilləri nəzərə çarpıb. Xarici sektor göstəriciləri əlverişli olaraq qalır və 2025-ci ilin birinci yarısında xarici ticarət balansında müsbət saldo qeydə alınıb. Cari əməliyyatlar balansında yaranmış profisit kapital və maliyyənin hərəkət balansında da müsbət dinamikanın qorunub saxlanmasına səbəb olub.
Büdcə siyasəti Ortamüddətli Xərclər Çərçivəsinə əsaslanır
İqtisadi Şuranın iclasında geniş müzakirə olunan məsələlərdən biri 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin proqnoz layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vəziyyəti ilə bağlı olub. 2026-cı ilin büdcə layihəsi Ortamüddətli Xərclər Çərçivəsi, mövcud xarici və daxili makroiqtisadi mühit, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, büdcə qaydasının hədəfləri və makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanıb. Budcə siyasəti “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi, ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin olunması hədəflərinə əsaslanır.
Növbəti ilin büdcə zərfinin gəlir və xərclərinin göstəriciləri ilə bağlı dəqiqləşdirmələr yaxın günlərdə tam məlum olduqdan sonra ilkin büdcə bəyanatı ictimaiyyətə təqdim olunacaq. Cari büdcə potensialı yeni ilin büdcə paketinin artım templəri ilə tərtib olunacağına imkan verir. Belə ki, Maliyyə Nazirliyi tərəfindən bir neçə gün əvvəl ictimaiyyətə təqdim edilən “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədinə əsasən, cari ilin sonuna büdcənin gəlirlərinin 39,2 milyard manat təşkil edəcəyi gözlənilir. Bu, təsdiq olunmuş proqnozla müqayisədə 836 milyon manat və ya 2,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 49,1 faizi və ya 19,2 milyard manatı neft-qaz sektorunun, 50,9 faizi və ya 20 milyard manatı isə qeyri-neft-qaz sektorunun payına düşür. Büdcədə gözlənilən gəlirlərin 16,3 milyard manatı və ya 41,6 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6,6 milyard manatı və ya 16,8 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının,14,5 milyard manatı və ya 36,9 faizi isə Dövlət Neft Fondundan transfertin, qalan gəlirlərin büdcədənkənar fondlardan daxilolmaların payına düşəcəyi ehtimal olunur. İlin sonunda dövlət büdcəsinin xərclərinin isə 40 milyard 687,6 milyon manat səviyyəsində olacağı gözlənilir.
2026-cı ilin büdcə gəlirlərinin artacağı fərz edilir
Beləliklə, proqnoz ehtimalları 2025-ci ilin dayanıqlı fiskal-büdcə bazasına əsasən, 2026-cı ilin büdcə gəlirlərinin və xərclərinin əhəmiyyətli həcmlərdə artacağına işarə edir. Ölkə iqtisadiyyatının mövcud vəziyyəti və ehtimal edilən inkişaf ssenariləri gələn il gəlir yığımı mənbələrinin artacağına, əlavə dəyərin böyüyəcəyinə zəmin yaradır. Belə ki, hökumətin yenilənmiş proqnoz ssenarilərinə əsasən, ilin yekununda ÜDM-in real artımı 3 faiz olmaqla nominal ifadədə 129,9 milyard manata çatacaq ki, bu da əvvəlki proqnozundan 0,7 milyard manat çoxdur. Xüsusilə də qeyri-neft ÜDM-i 93,5 milyard manata çatmaqla gözlənilən rəqəmdən 1,3 milyard manat çox olacaq. Bu makroiqtisadi çərçivə ölkə iqtisadiyyatının dayanıqlı inkişaf sütunları üzərində 2026-cı ilin büdcə siyasətinin nikbin ssenarilər ilə tərtib ediləcəyinə tam imkanlar yaradır. Həmçinin, cari ilin 8 aylıq büdcə profisiti də onu deməyə əsas verir ki, ilin sonunda və gələn il büdcədə fiskal yığımların həcmindəki artım yuxarı xətt üzrə davam edəcək.
İlkin fərz edilən ssenarilərə görə, 2026-cı ilin büdcə layihəsində gəlir və xərclərin ən azı 1 -1,5 milyard manat məbləğində artırılması mümkündür.
Zəngəzur dəhlizinin yaradılması üçün maliyyələşmə
Növbəti ildə büdcə xərclərinin priroitet istiqamətini sözsüz ki, ölkəmizdə bir nömrəli vəzifə olan azad edilmiş ərazilərdə quruculuq və məskunlaşma işlərinin daha da genişlənməsinin təmin edilməsi təşkil edəcək. Büdcədə xərclərin artırılmasından sonra digər əsas xərc maddəsi kimi strateji məqsədlərdən biri olan milli təhlükəsizlik məsələlərinin maliyyə təminatının daha da yaxşılaşdırılması prioritet təşkil edəcək. Hazırda dünyada və regionda mövcud geosiyasi və hərbi vəziyyət ölkənin müdafiə qabiliyyətinin daim diqqətdə saxlanılmasını və daha da gücləndirilməsini, müdafiə və milli təhlükəsizlik sahəsində islahatların davam etdirilməsini tələb edir. Bu zəmində hərbi-müdafiə infrastrukturlarının müasirləşdirilməsi, azad ərazilərdə yeni nümuməvi ordu birləşmələrinin yaradılması və hərbi strukturların qurulması, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturların, eləcə də Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlərin miqyasının artması və digər geosiyasi çağırışlar həmin sahələrə əlavə maliyyə ayrılmasını şərtləndirir.
Büdcədə əlavə gəlir mənbələri hesabına müavinət və pensiyaların artırılması da istisna deyil. Fiskal mənbələrdə genişlənmə sosial sahədə digər artımlar üçün maliyyə təminatının yaradılması da mümkün ola bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
