Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Münaqişə nə vaxt bitir?

Münaqişə nə vaxt bitir?

27.02.2026 [10:34]

Ukrayna “bu il” deyir, Rusiya isə susur...

ABŞ prosesi yekunlaşdırmaqda qərarlıdır

ABŞ Prezidenti Donald Trampın qlobal təhlükəsizlik və qlobal sülh siyasətinin əsas hədəflərindən biri də Rusiya ilə Ukrayna arasındakı müharibənin dinc yolla həllidir. Artıq 4-cü ili tamam olan müharibə beynəlxalq münasibətlər sisteminə əsaslı mənfi təsirləri ilə yadda qalır. Avropanın mərkəzində belə bir müharibə ocağının varlığı həm iqtisadi, həm də siyasi münasibətlərin təmərküzləşməsinə təhdid və təhlükə formalaşdırır. Bu mənada, tərəflər arasında konsensusun əldə olunması üçün ortaya qoyulan cəhdlər yüksək dəyərləndirilir. Xüsusilə, Vaşinqtonun artıq bir ilə yaxındır ki, başlatdığı sülh prosesi müəyyən nəticələr vəd etməkdədir. 2020-ci il ərzində baş tutan bir neçə görüş tərəflər arasında müəyyən razılıqlara belə yol açıb - istər münaqişə tərəfləri, istərsə də vasitəçilər bu görüşləri müsbət nəticəyə doğru uğurlu addım adlandırırlar. Təsadüfi deyil ki, ABŞ-ın dəstəyi ilə baş tutan son Cenevrə danışıqları da müsbət yöndə dəyərləndirilir və gələcək əlaqələr üçün mühüm bir vasitə adlandırılır.

İki prezident telefonla danışdı...

Qeyd edək ki, Cenevrə danışıqlarından sonra verilən mesajlarda da tərəflər arasında dialoqun daha da intensivləşdirilməsinin nəzərdə tutulduğu açıqlanmışdı. Nəticə isə artıq göz önündədir - belə ki, ABŞ Prezidenti Donald Tramp ilə Ukraynanın Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub. “Axios”un məlumatına görə, yarım saatlıq telefon danışığı ilə bağlı tam açıqlanma verilməyib. Ukrayna prezidentinin müşaviri Dmitri Litvin prezidentlər arasında söhbəti təsdiqləyib. Ukrayna Prezidenti Zelenski isə sosial media hesablarında bildirib ki, o və Tramp fevralın 26-da Cenevrədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşündə üzərində işləyəcəkləri məsələləri müzakirə ediblər. Liderlər həmçinin, martın əvvəlində keçiriləcək növbəti üçtərəfli görüşü də müzakirə ediblər. “Ümid edirik ki, bu, bizə liderlik səviyyəsində danışıqlara keçməyə imkan verəcək. Prezident Tramp bu addımlar ardıcıllığını dəstəkləyir. Bu, bütün mürəkkəb və həssas məsələləri həll etməyin və nəhayət müharibəyə son qoymağın yeganə yoludur”, - deyə Zelenski qeyd edib.

Zelenski ilə Tramp arasındakı görüş...

Xatırladaq  ki, Tramp və Zelenski arasında bu il artıq görüş baş tutub -  onlar yanvarın 21-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüşüblər. Həmin vaxt “The Financial Times” qəzeti tərəflərin Amerika və Ukrayna rəsmilərinin sammitdən əvvəl razılaşdırdıqları sənədləri yekunlaşdırmadığını və onları imzalamadığını bildirmişdi. Qəzet razılaşmanın baş tutmasının səbəbini Ukrayna lideri ilə əlaqələndirmişdi.

Zelenski öz növbəsində Ukraynanın bəzi məsələlərə razılaşmadığını, daha doğrusu, Rusiyanın irəli sürdüyü tələbləri qəbul etmədiyini açıqlamışdı. Qeyd edək ki, Moskva Ukrayna qoşunlarının Donbas, Zaporojye və Xerson vilayətlərindən çıxarılmasını, bu ərazilərin və Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını  israr edir.

Görüşlər niyə və necə dəyişdi?

Zelenski Ukrayna və Rusiya arasında növbəti görüşlərin ən ali səviyyədə baş tutmasına ümid etdiyini və Trampın bu addımları dəstəklədiyini bildirib. Lakin Ukrayna lideri üç ölkənin nümayəndə heyətlərinin görüşünün təxirə salınmasının səbəblərini açıqlamayıb. Qeyd edək ki, Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ABŞ nümayəndə heyətinin 26 fevralda Cenevrədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşəcəyini bildirmişdi. Vitkofun sözlərinə görə, Rusiya nümayəndə heyəti ilə danışıqlar bundan sonra çox güman ki, növbəti 10 gün ərzində baş tutmalı idi. Amma artıq ssenari dəyişib - belə ki, Ukrayna nümayəndə heyətinin yerini Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev “tutub”. Reuters-in məlumatına görə, bu görüş, Vladimir Putin və Donald Trampın Avropadakı nümayəndələri arasında bir həftə ərzində ikinci görüşüdür. Xatırladaq ki, fevralın 23-də tərəflər Cenevrədə Yeni START Nüvə Silahlarına Nəzarət Müqaviləsinin (Yeni START) yenilənməsini də müzakirə edərək danışıqlar aparıblar.

Kompromis əldə edilmir - Donbas və Zaporojye...

2026-cı il münaqişə və vasitəçi tərəflər arasında dinamik görüşlər dövrü kimi qiymətləndirilir. ABŞ-ın vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında danışıqlar 23 yanvardan bu yana davam edir. Həmin vaxt üç ölkənin nümayəndə heyətlərinin Əbu-Dabidə iki günlük görüşü keçirilmişdi. Bundan sonra 4-5 fevralda BƏƏ-də daha bir danışıqlar raundu keçirilib. Ardınca nümayəndə heyətləri 17-18 fevralda Cenevrədə görüş keçiriblər. Lakin nümayəndələrin gözlədiyi kimi, danışıqların hər üç raundu ərzində sülhə doğru heç bir irəliləyiş əldə edə bilməyib. Vurğulandığı kimi, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün aparılan danışıqlarda ən mübahisəli məsələlərdən biri Moskvanın Donbasın işğal olunmamış ərazilərinin də döyüşsüz verilməsi tələbidir. Kiyev bu cür ərazi iddialarını rədd edir, lakin kompromis variantları axtarmağa hazırdır. Zelenski əvvəllər bildirmişdi ki, belə variantlardan biri hazırkı təmas xətti boyunca hərbi əməliyyatların dayandırılması ola bilər.

Digər problem isə Rusiya qüvvələrinin 2022-ci ilin martında ələ keçirdiyi Zaporojye Atom Elektrik Stansiyası ilə bağlıdır - Zelenski bildirmişdi ki, stansiyanın idarəetmə məsələsi hələ də həll olunmayıb. Vurğulayaq ki, Ukrayna stansiyanın nəzarətini geri qaytarmaqda israr edir, Moskva isə hətta stansiyanın nəzarətinin ABŞ-a verilməsini belə istisna edir. Zelenskinin sözlərinə görə, bu məsələ hərtərəfli şəkildə həll olunmalıdır - məsələn, Kaxovka Su Elektrik Stansiyasının bərpası ilə birlikdə.

ABŞ sülhə tez nail olmaq istəyir - hətta 1 aya...

Qeyd edək ki, ABŞ-ın məsələdəki mövqeyi sülh prosesinə mümkün qədər tez nail olmaqdır. Xarici KİV-lərin bəzi dövlət rəsmilərinə istinadən yaydığı məlumatlarda bildirilir ki, Vaşinqton Ukraynaya bu il sülh müqaviləsini imzalamağa çağırış edib. Zelenski də bu barədə açıqlamalar verib - hətta müharibənin bu il bitəcəyinə ümid etdiyini bildirib. Tramp isə müharibənin çox uzun sürdüyünü deyib - hətta 1 ay ərzində müqavilənin imzalanmasını istəyib. Yeri gəlmişkən, bir neçə gün öncə ABŞ-ın dövlət katibi Marko Rubio bildirmişdi ki, ABŞ Ukraynadakı münaqişənin həlli prosesindən uzaqlaşmaq istəmir, amma Trampın səbri sonsuz deyil. Dövlət katibi bildirib ki, Prezident Donald Tramp Ukraynadakı münaqişənin niyə həll olunmadığını və hələ də davam etdiyini başa düşmür: “Tramp sülh yolu ilə həllin təşviqi üçün çox iş görüb və bu prosesə xeyli siyasi kapital qoyub. O, sadəcə olaraq başa düşmür ki, bu qədər qəddar, dəhşətli və qanlı müharibəyə cəlb olunmuş iki ölkə necə razılığa gələ bilmir”.

Dövlət katibi əlavə edib ki, ABŞ-dan başqa dünyada heç bir ölkə Rusiya və Ukrayna arasında danışıqları asanlaşdıra bilməz. “Əgər biz danışıqlardan çıxsaq, bunu kim edəcək? BMT bunu etməyəcək. Fransa bunu etməyəcək. Aİ bunu etməyəcək. Ruslar hətta Ukrayna ilə danışmayacaq”, - deyə rəsmi bildirib. O, vurğulayıb ki, Vaşinqton sülh prosesindən çıxsa, danışıqlar çox güman ki, dayandırılacaq.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28