Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Xocalı faciəsi - soyqırımı siyasətinin qanlı səhifəsi

Xocalı faciəsi - soyqırımı siyasətinin qanlı səhifəsi

26.02.2026 [08:10]

Tarixdən ermənilərin azərbaycanlılara qarşı məqsədli şəkildə törətdikləri mənfur niyyətli əməllərə aid çoxsaylı misallar sadalamaq mümkündür. Təkcə XX yüzillikdə qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində soydaşlarımız düz dörd dəfə amansız deportasiyalarla üzləşiblər və öz dədə-baba yurdlarını necəgəldi şəkildə tərk etmək məcburiyyətində qalıblar.

Xalqımız ermənilərin havadarlarının dəstəyi ilə törətdikləri daha bir faciənin acısını 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə yaşayıb. Xocalı faciəsi ermənilərin qəddarlığını bütün cəhətləri ilə açıb ortaya qoyur.

Erməni cinayətlərinin dəhşətli statistikası

Artıq Xocalı faciəsindən bizi 34 illik zaman məsafəsi ayırır. Xocalıda baş verənlər əvvəlcədən hazırlanmış məkrli planın tərkib hissəsi idi. Fevralın 25-dən 26-na keçən gecədə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salınıb və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirilib, ya da əsir götürülüb. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd göstərib. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda, meşələrdə təqibdən gizlənən zaman donvurma nəticəsində həyatını itirib.

Bu soyqırımı nəticəsində 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl olmaqla bütövlükdə 613 nəfər həyatla vidalaşıb. 8 ailə tamamilə məhv edilib. 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb. Faciə nəticəsində 27 ailənin yalnız 1 üzvü qalıb, 25 uşaq hər iki valideynini itirib, 487 insan şikəst olub, 1275 insan əsir götürülüb, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilib. Belə ki, burada  105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, qəbirlər təhqirlərə məruz qalıb.

Xocalı faciəsinin miqyası o qədər böyükdür ki, onu dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda kimi soyqırımları ilə müqayisə edirlər. Prezident İlham Əliyev xüsusi amansızlıqla törədilən faciəni dəyərləndirərək belə deyib: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.

Faciəyə siyasi qiymət verilməsi

Xocalı faciəsinin günahkarları ermənilərdir. Bu, sübuta, hər hansı bir müzakirəyə ehtiyacı olmayan həqiqətdir. Ancaq faciənin baş verməsində o dövrdəki Azərbaycan iqtidarının da böyük məsuliyyəti var. Açıq demək lazımdır ki, həmin illərdə respublikamızda güclü hakimiyyət yox idi, həmçinin bir sıra qüvvələr iqtidara gəlmək uğrunda mübarizə aparırdılar. Belə bir vəziyyətdə 1991-ci ilin sonlarından mühasirədə qalan Xocalının müdafiəsi təşkil olunmadı, dinc sakinlər şəhərdən çıxarılmadı. Mənfur düşmən isə bundan istifadə edərək öz planlarını həyata keçirdi.

Siyasi çəkişmələrin nəticəsi idi ki, 1992-ci ilin yazında qeyri-qanuni yolla hakimiyyətə gələn AXC- “Müsavat” iqtidarı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Çünki diletant cütlüyün liderləri məhz məğlubiyyətlərimiz və faciələrimiz üzərində hakimiyyətə gəlməyə nail olmuşdular.  AXC-“Müsavat” iqtidarının səriştəsiz idarəçiliyi Azərbaycanı dalana gətirib çıxartdı. Ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Belə bir şəraitdə xalq ümid yeri kimi o dövrdə Naxçıvanda yaşayıb çalışan Heydər Əliyevə üz tutdu, Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid etdi. Heydər Əliyev çox sevdiyi xalqını ümidsiz qoymadı, onun səsinə səs verərək 1993-cü ilin yayında Bakıya gəldi və çətin vəziyyətdə olan respublikamıza rəhbərlik etməyin məsuliyyətini  öz üzərinə götürdü.

Heydər Əliyevin dövlət başçısı kimi gündəmə gətirdiyi vacib məsələlərdən biri də Xocalı faciəsinə siyasi qiymət verilməsi oldu. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Heydər Əliyev hadisələrə siyasi qiymətin verilməsinin zəruriliyini bildirdi, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərdi.  Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Prezident Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. Həmçinin 1998-ci ildə Heydər Əliyevin müvafiq Sərəncamında Xocalı faciəsi soyqırımı adlandırılıb. 2002-ci ildə isə Milli Məclisdə soyqırımının 10 illiyi qətnaməsində 1992-ci ilin 26 fevralında baş verənlər soyqırımı kimi tanınıb.

Beynəlxalq səviyyədə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası

Xocalı faciəsinin qurbanlarının xatirəsi hər bir azərbaycanlı üçün çox əzizdir. Hər il paytaxt Bakıda və bölgələrimizdə Xocalı faciəsinin ildönümü tədbirləri yüksək səviyyədə keçirilir.

Eyni zamanda, faciənin dünya miqyasında tanıdılması istiqamətində görülən işlər  geniş miqyas alıb. Xüsusilə Heydər Əliyevin adını daşıyan Fond bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 2025-ci il fevralın 25-də dövlətimizin başçısı “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin təməlqoyma mərasimi 2024-cü il 26 fevral tarixində baş tutub.

Hazırda Xocalının bərpası, burada zəruri infrastrukturun qurulması, yaşayış məntəqələrinin bərpası işləri sürətlə davam etdirilir. Həmçinin xocalıların yurd həsrətinə son qoyulur. 2026-cı il 20 yanvar tarixinə qədər Xocalı şəhəri və kəndlərinə ümumilikdə 881 ailə, 3.602 nəfər köçürülüb. Faciənin növbəti ildönümü ərəfəsində - fevralın 19-da Xocalı rayonunun Xanabad kəndinə ilk köç həyata keçirilib.  Xanabad kəndinə ilkin mərhələdə 154 nəfərdən ibarət 38 ailə qayıdıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 138 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

10-cu görüş

26 Fevral 10:49

İqtisadiyyat

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28