Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Regional təhlükəsizlikdən qlobal sabitliyə...

Regional təhlükəsizlikdən qlobal sabitliyə...

11.06.2026 [11:49]

Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqlar beynəlxalq sülh üçün əsaslı töhfədir

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı bütövlükdə kompleks şəkildə təsbit olunur. Belə ki, artıq qlobal təhlükəsizlik deyəndə regionların həm hərbi, həm iqtisadi, həm siyasi, həm də ticari doktrinaları əsas götürülür. Dünyanın müxtəlif regionlarında baş verən münaqişələr, geosiyasi qarşıdurmalar, enerji və nəqliyyat marşrutları uğrunda rəqabət qlobal sabitliyi ciddi şəkildə sınağa çəkdiyi kimi, həm də qlobal ticari imkanları məhdudlaşdırır. Son illərdə beynəlxalq sistemdə müşahidə olunan dəyişikliklər göstərir ki, regional təhlükəsizlik məsələləri qlobal təhlükəsizlik arxitekturasının ayrılmaz hissəsinə çevrilib. Bir bölgədə baş verən gərginlik qısa müddətdə qlobal iqtisadiyyata, enerji bazarlarına, logistika zəncirlərinə və siyasi münasibətlər sisteminə təsir göstərir.

Bu baxımdan Cənubi Qafqaz uzun illər beynəlxalq ekspertlər tərəfindən risk zonalarından biri kimi qiymətləndirilirdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, işğal siyasəti və separatizmin dəstəklənməsi regionun inkişafını onilliklər boyu ləngitmişdi. Münaqişə yalnız iki ölkə arasındakı münasibətlərə deyil, bütövlükdə regionun iqtisadi potensialına, nəqliyyat-kommunikasiya layihələrinə və beynəlxalq əməkdaşlıq imkanlarına mənfi təsir göstərirdi.

Lakin son altı ildə regionda tamamilə yeni geosiyasi reallıq formalaşıb. Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə beynəlxalq hüququn bərpasını təmin etməklə yanaşı, Cənubi Qafqazda davamlı sülh üçün yeni imkanlar yaradıb. Ərazi bütövlüyünün və dövlət suverenliyinin tam təmin olunması regionda yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, təhlükəsizlik və inkişaf artıq bir-birini tamamlayan anlayışlar kimi çıxış edir.

Azərbaycanın həyata keçirdiyi siyasət yalnız milli maraqların qorunmasına deyil, bütövlükdə regionun sabitliyinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edir. Bakı tərəfindən irəli sürülən sülh gündəliyi, nəqliyyat layihələri, iqtisadi inteqrasiya təşəbbüsləri və regional əməkdaşlıq platformaları Cənubi Qafqazı qarşıdurma məkanından əməkdaşlıq məkanına çevirmək məqsədi daşıyır. Məhz bu səbəbdən Azərbaycanın formalaşdırdığı yeni reallıqlar artıq regional çərçivəni aşaraq qlobal təhlükəsizlik və sabitlik baxımından da mühüm əhəmiyyət kəsb edir.

Hərbi təhlükəsizliyin yeni modeli: Cənubi Qafqazın strateji transformasiyası

Vurğulandığı kimi, son illərdə beynəlxalq təhlükəsizlik sistemində ciddi dəyişikliklər baş verir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən böhranlar və böyük dövlətlər arasındakı geosiyasi rəqabət ənənəvi təhlükəsizlik mexanizmlərinin effektivliyini sual altına qoyub. Bir çox ölkələr təhlükəsizlik siyasətlərini yenidən nəzərdən keçirir, yeni tərəfdaşlıqlar qurmağa və regional əməkdaşlıq formatlarını gücləndirməyə çalışırlar.

Belə bir şəraitdə Azərbaycan Cənubi Qafqazda yeni təhlükəsizlik modelinin formalaşdırılmasına nail olub. Ən mühüm məqamlardan biri odur ki, bu model xarici hərbi qarşıdurmaların regiona daşınmasını deyil, regional sabitliyin qorunmasını əsas götürür. Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət nəticəsində Cənubi Qafqaz təhlükəsizlik baxımından daha proqnozlaşdırılan və müstəqil aktor kimi çıxış edən məkana çevrilməkdədir. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik münasibətləri və Şuşa Bəyannaməsi regional təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu sənəd yalnız iki ölkə arasında əməkdaşlığı dərinləşdirmir, eyni zamanda regionda sabitliyin qorunmasına xidmət edən mühüm mexanizm yaradır. Bununla yanaşı, Azərbaycan Avropa ölkələri ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirərək çoxşaxəli tərəfdaşlıq modeli formalaşdırır. Bakının təhlükəsizlik konsepsiyasının əsas xüsusiyyəti hərbi gücün sülhün təmin edilməsinə xidmət etməsidir. Azərbaycan güclü müdafiə potensialını regional sabitliyin qorunması və yeni risklərin qarşısının alınması üçün istifadə edir. Bu yanaşma həm qonşu dövlətlər, həm də beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanır. Bakının sülh təşəbbüsləri, hərbi təhdidlərin aradan qaldırılması səyləri Cənubi Qafqazda olduqca vacib bir müstəvi yaradır. Azərbaycanla İtaliya, Rumıniya və digər Avropa ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb. Bu əməkdaşlıq həm Azərbaycana, həm də Cənubi Qafqaza çox şey qazandırır. Müasir dövrdə təhlükəsizlik yalnız sərhədlərin qorunması demək deyil. Enerji infrastrukturlarının təhlükəsizliyi, nəqliyyat marşrutlarının müdafiəsi, kibertəhlükəsizlik və strateji kommunikasiyaların qorunması da ümumi təhlükəsizlik sisteminin tərkib hissəsinə çevrilib. Azərbaycan bütün bu istiqamətlər üzrə uğurlu fəaliyyət göstərərək regionun təhlükəsizlik xəritəsində mühüm mövqe tutur. Nəticədə Cənubi Qafqaz getdikcə Avrasiya məkanında sabitlik yaradan əsas geosiyasi platformalardan birinə çevrilir.

Təhlükəsizlik və iqtisadi inkişaf: bir-birini tamamlayan amillər

Tarixi təcrübə göstərir ki, uzunmüddətli iqtisadi inkişaf yalnız sabit təhlükəsizlik mühitində mümkündür. Münaqişələr və hərbi risklər investisiya axınını zəiflədir, ticarət əlaqələrini məhdudlaşdırır və iqtisadi potensialın reallaşmasına mane olur. Azərbaycan məhz bu reallığı nəzərə alaraq postmünaqişə dövründə təhlükəsizlik və inkişaf siyasətini paralel şəkildə həyata keçirir. Azərbaycan postmüharibə dövründə hərbi gərginliyin artmasına deyil, azalmasına çalışdı və buna nail oldu. Ötən ilin avqustunda Vaşinqtonda sülh sazişinin paraflanması, Azərbaycanın qətiyyəti sayəsində ortaya çıxmış Zəngəzur dəhlizi (TRIPP) marşrutunun reallaşmasına nail olunması bölgədə yeni imkanlar yaradır. Azərbaycan hərbi təhlükəsizlik məsələsi ilə iqtisadi inkişaf və əməkdaşlıq meyarlarını paralel axına çevirir. Bu isə bütövlükdə region üçün yeni bir gələcək deməkdir. Təsadüfi deyil ki, artıq Orta Dəhliz marşrutu dünyada ən təhlükəsiz marşrut hesab olunur. Bu isə məhz Azərbaycanın sayəsində baş verib. Qlobal ticarətin aortalarından biri sayılan, gələcəkdə müxtəlif seqmentlər üzrə şaxələndirilməsi nəzərdə tutulan Orta Dəhliz həm Avropa, həm Mərkəzi Asiya, həm də Uzaq Şərq ölkələri üçün vacib bir nüansdır. Yeni nizamda qitələrarası əlaqələrin inkişafı fonunda bu dəhliz açar rolunu oynayacaq. Beləliklə, paralel olaraq həm təhlükəsizlik predmetləri, həm də iqtisadi inkişaf perspektivi Azərbaycanın formalaşdırdığı yol xəritəsi üzrə paralel inkişaf edir. Bakının əsas məqsədi regionu iqtisadi əməkdaşlıq və qarşılıqlı fayda platformasına çevirməkdir.

Bununla yanaşı, enerji təhlükəsizliyi məsələsində də Azərbaycan mühüm rol oynayır. Avropanın enerji mənbələrini şaxələndirmək siyasətində Azərbaycanın yeri getdikcə artır. Enerji və nəqliyyat layihələrinin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi isə regionun ümumi sabitliyinə birbaşa bağlıdır. Bu gün Azərbaycan təhlükəsizliyin iqtisadi dividendlər yaratdığını praktiki olaraq nümayiş etdirən ölkələrdən biridir. İnfrastruktur layihələri, azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq proqramları və beynəlxalq investisiyaların artması bunu bir daha təsdiq edir. Beləliklə, təhlükəsizlik və iqtisadi inkişaf paralel şəkildə irəliləyərək regionun gələcəyini formalaşdıran iki əsas sütuna çevrilir.

Sülh və təhlükəsizlik naminə regional əməkdaşlıq...

Müasir beynəlxalq münasibətlərdə regional əməkdaşlıq təhlükəsizliyin və inkişafın əsas təminatçılarından biri hesab olunur. Qeyd olunduğu kimi, Cənubi Qafqaz uzun illər münaqişələr və qarşıdurmalar səbəbindən bu imkanlardan tam yararlana bilməyib. Lakin yeni mərhələdə regionda formalaşan reallıqlar əməkdaşlıq üçün geniş perspektivlər açır. Azərbaycanın yanaşmasının əsas xüsusiyyəti ondan ibarətdir ki, Bakı regionun inkişafını yalnız milli maraqlar prizmasından deyil, ümumi regional sabitlik baxımından qiymətləndirir. Bu siyasət həm siyasi dialoqun genişlənməsinə, həm də iqtisadi əməkdaşlığın güclənməsinə şərait yaradır. Müasir mərhələdə Azərbaycanın Cənubi Qafqazın yenidən formalaşdırılmasında aparıcı rol oynaması bütün dünya tərəfindən qəbul olunur.

Azərbaycan tərəfindən irəli sürülən nəqliyyat və logistika təşəbbüsləri regional münasibətlərin inkişafında da əsas amil kimi çıxış edir. Qarşılıqlı iqtisadi maraqların formalaşması isə münaqişə risklərini azaldan mühüm ştrixlərdən biridir. Təbii ki, bütün bunlar nəticə etibarı ilə Cənubi Qafqaz regionu dövlətlərinə sürətli inkişaf tempi yaradacaq. Azərbaycan Prezidentinin apardığı siyasət Cənubi Qafqaz üçün yeni bir gələcək yaradır:

- Siyasi sabitlik və diplomatik balans - münaqişəsiz qonşuluq modeli;

- İqtisadi inteqrasiya - vahid ticarət və logistika məkanının formalaşması;

- Humanitar əməkdaşlıq - xalqlar arasında etimad və qarşılıqlı anlayış mühiti.

Bu gün Cənubi Qafqaz yeni əməkdaşlıq modelinin formalaşdığı region kimi diqqət çəkir. Qarşılıqlı fayda, bərabərhüquqlu tərəfdaşlıq və davamlı inkişaf prinsipləri üzərində qurulan bu model gələcəkdə regionun qlobal iqtisadi və siyasi proseslərdə rolunu daha da artıracaq.

Ən vacib şərt - davamlı sülh

Bütün bu inkişaf strategiyasının reallaşmasının əsasında isə ilk növbədə sülh və sabitlik amili dayanır. Sirr deyil ki, müharibələr iqtisadi potensialı məhdudlaşdırır, insan resurslarının inkişafına mane olur və regional əməkdaşlıq imkanlarını zəiflədir. Buna görə də Cənubi Qafqazın gələcəyi üçün əsas prioritet davamlı sülhün təmin olunmasıdır.

Son illərdə regionda baş verən dəyişikliklər göstərir ki, sülh ideyası artıq yalnız diplomatik bəyanat deyil, real siyasi tələbatdır. Cəmiyyətlər inkişaf, rifah və təhlükəsizlik istəyir. Ermənistanda keçirilən son parlament seçkiləri bir daha göstərdi ki, hətta uzun illər regional təhdidə çevrilmiş, antoqonist iddialar ilə çıxış edən Ermənistan cəmiyyəti də artıq Azərbaycanın ortaya qoyduğu səyləri, müəyyənləşdirdiyi sülh strategiyasaını dəstəkləyir. Nikol Paşinyanın seçki təbliğatı dövründə istinad etdiyi sülh və əməkdaşlıq tezisləri ona qələbə gətirdi. Bu tezislər isə Azərbaycanın regionun gələcək gündəmini müəyyənləşməsi üçün formalaşdırdığı proqramdır. Azərbaycan bütün mərhələlərdə sülhün tərəfdarı olduğunu nümayiş etdirib. Bakı dəfələrlə bildirib ki, regionun gələcəyi qarşıdurmada deyil, əməkdaşlıqdadır. Məhz buna görə də Azərbaycan uzunmüddətli sülh sazişinin imzalanmasını və hüquqi əsasların yaradılmasını vacib hesab edir. Davamlı sülh isə dövlətlərin bir-birinin suverenliyinə hörmət etməsi, ərazi bütövlüyünü tanıması və gələcək münasibətləri beynəlxalq hüquq prinsipləri əsasında qurması deməkdir. Başqa sözlə, Ermənistan yeni mərhələdə həm bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının gücləndirilməsi, həm iqtisadi dayanıqlığının artırılması, həm də əməkdaşlıq perspektivinin yaranması üçün birmənalı şəkildə sülh prosesinə sadiqlik nümayiş etdirməli, Azərbaycanın irəli sürdüyü şərtləri yerinə yetirməli, konstitusiyadan Azərbaycan ərazilərinə olan əsassız iddiaların aradan qalxmasını təmin etməlidir. Bu, həm bölgəmizin təhlükəsiz gələcəyi, həm də iqtisadi inkişafı, rifahı üçün ən vacib şərtdir. Azərbaycanın təqdim etdiyi inkişaf modeli məhz bu məntiqə əsaslanır. Təhlükəsizlik, iqtisadi tərəqqi və regional əməkdaşlıq yalnız sülh şəraitində tam reallaşa bilər. Unudulmamalıdır ki, sülh prosesi bütövlükdə Cənubi Qafqazın gələcək inkişaf strategiyasının mərkəzi elementidir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30