Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - Yaponiya: İkitərəfli münasibətlərin aktual gündəliyi

Azərbaycan - Yaponiya: İkitərəfli münasibətlərin aktual gündəliyi

11.06.2026 [10:36]

Müstəqil Azərbaycanın milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursunun əhatə dairəsi genişlənir. O cümlədən respublikamız müxtəlif istiqamətlərdə münasibətlər qurduğu dövlətlərlə əlaqələrini daha da möhkəmləndirməyə xüsusi önəm verir.

Bu kontekstdə Azərbaycanla “gündoğar ölkə” sayılan Yaponiya arasında hər iki tərəfin güclü siyasi iradəsinə və qarşılıqlı maraqlara əsaslanan diplomatik və iqtisadi əlaqələrin genişlənməsi məmnunluq doğurur. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə gedib. Bunun respublikamızın xarici siyasət qurumunun rəhbərinin son 17 ildə “gündoğar ölkə”yə baş tutan ilk səfəri olduğunu nəzərə alsaq, deyə bilərik ki, bu səfərdən gözləntilər çoxdur.

Uzun illəri əhatə edən sıx əməkdaşlıq

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi keçirdiyi mətbuat konfransında azərbaycanlı həmkarı Ceyhun Bayramovun səfəri ilə bağlı bir sıra məqamlara diqqət çəkib. Yaponiyalı nazir ikitərəfli münasibətlərin aktual gündəliyi olduğunu vurğulayıb. Mətbuat konfransında Toşimitsu Moteqi Azərbaycandan olan həmkarı ilə ikitərəfli əməkdaşlıq, xüsusilə enerji məsələləri ilə yanaşı, həm də regional gündəlik - Yaxın Şərq, Cənubi Qafqaz və Hind-Sakit okeanı regionundakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılmasına ehtiyac olduğuna vurğu edib.

Yaponiya XİN rəhbərinin ikitərəfli gündəlikdə bir sıra aktual məsələlərin olduğuna diqqət çəkməsi təsadüfi deyil. Bu gün Azərbaycanla Yaponiya arasında məmnunluq doğuran ikitərəfli münasibətlər ilk növbədə siyasi dialoqun yüksək səviyyədə olmasından qaynaqlanır. Yaponiya Azərbaycanın müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci il tarixində qurulub. Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyi 12 oktyabr 2005-ci ildə, Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi isə 28 yanvar 2000-ci ildə fəaliyyətə başlayıb. Ulu Öndər Heydər Əliyev 24-28 fevral 1998-ci il, Prezident İlham Əliyev isə 7-10 mart 2006-cı il tarixlərində Yaponiyada rəsmi səfərdə olublar.

Eyni zamanda,  hər iki ölkənin parlamentlərində Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupu və Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqası fəaliyyət göstərir. Həmçinin Azərbaycan və Yaponiyanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr müntəzəm qaydada davam etdirilir. Bu məqsədlə keçirilən iclaslar zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılır.

Siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə də əməkdaşlıq uğurla inkişaf edir. İki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyaları fəaliyyət göstərir. Prezident İlham Əliyevin  9 aprel 2025-ci il tarixində imzaladığı sərəncamla Azərbaycan tərəfdən Dövlət Komissiyasının Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidentinin sədrliyi ilə yeni tərkibi təsdiqlənib.

Ümumilikdə, Yaponiya tərəfi Azərbaycan iqtisadiyyatına 7 milyard dollara yaxın investisiya yatırıb ki, bunun da 100 milyon dollardan çoxu qeyri-neft sektoruna yönəldilib. O cümlədən Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı Azərbaycanda yeni infrastuktur sahələrinin yaradılması, neft-qaz sənayesinin inkişafı üzrə layihələrin həyata keçirilməsi məqsədilə 1996-cı ildən etibarən bu işlərə uzunmüddətli kreditlər ayırıb.

Respublikamızda fəaliyyət göstərən və əsasən kənd təsərrüfatı sahələrindəki layihələri maliyyələşdirən digər bir yapon şirkəti “Tet International Development” MMC indiyədək Azərbaycanda tütünçülüyün inkişafına 30 milyon dollardan çox sərmayə qoyub. Bu şirkətin ölkəmizdə 4 zavodu fəaliyyət göstərir ki, onlarda da 2200-ə yaxın işçi çalışır. Təqdirəlayiq haldır ki, bu şirkət hər il öz qazancının bir faizini ölkəmizdə xeyriyyəçilik məqsədlərinə sərf edir.

Həmçinin Bakıda Dövlət Toxum Fondu ilə Yaponiyanın “Dentsu Group” və “Kaneko seeds” şirkətləri arasında təcrübə mübadiləsi və əməkdaşlıq məsələləri müzakirə olunub. “Dentsu Group” Yaponiyanın ən böyük investisiya, “Kaneko seeds” isə yüksək keyfiyyətli tərəvəz, çiçək və yem bitkiləri, istixana materialları, kənd təsərrufatı məhsulları, effektiv və səmərəli becərmə texnologiyaları, yüksək texnoloji kənd təsərrufatı avadanlıqları təqdim edən şirkətlərdən sayılır.

Turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları 2024-cü il aprelin 19-da Azərbaycan Dövlət Turizm Agentliyi və Yaponiyanın Azərbaycandakı səfirliyi arasında keçirilən görüşdə müzakirə olunub. Müzakirələr zamanı qarşılıqlı turist səfərlərinin təşviq edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

İki ölkə arasında mədəni-humanitar sahədə də əməkdaşlıq genişlənir. Hazırda Yaponiyanın humanitar təşkilatları ölkəmizdə təhsil, incəsənət, səhiyyə, kənd təsərrüfatı və digər sosial sahələrdə müxtəlif layihələr həyata keçirirlər. 2024-cü ilin iyun ayında Tokio şəhərində Yaponiyada yaşayan azərbaycanlı və yapon incəsənət ustalarının iştirakı ilə birgə konsert baş tutub.

Həmçinin təhsil sahəsində əlaqələrdə müsbət təcrübələr əldə olunub. Azərbaycan vətəndaşı olan tələbələrə Yaponiyada tədqiqatçı, magistr, doktor pillələri üzrə tam ödənişsiz təhsil almaq imkanı verən MEXT (Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi) təqaüd proqramını həyata keçirir.

İkitərəfli münasibətlərdə hər iki ölkənin müxtəlif şəhərləri və regionları arasında birbaşa əlaqələr də xüsusi yer tutur. Qardaşlaşmış şəhərlər təcrübəsi də öz müsbət bəhrəsini verir. Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri, Bakı şəhərinin Xətai rayonu ilə Yaponiyanın Şika şəhəri arasında qurulmuş münasibətlər, həmçinin Ağdam və Hirosima, Qarabağın mədəniyyət beşiyi olan Şuşa ilə Okayama şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində davam edən fəaliyyət buna misaldır. Hirosimadan gələn nümayəndə heyətini Ağdam şəhərinin xarabalıqları dəhşətə salıb. Yeri gəlmişkən,  Yaponiya işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinə dəstək verən dost ölkələr sırasında yer alır. Yaponiyanın Azərbaycanda fəaliyyət göstərən “TET International Development Co. Ltd.” şirkəti  Qarabağda yenidənqurma işlərinə sərmayə qoyuluşu ilə bağlı Tokioda təqdimat keçirib.

Səmərəli enerji dialoqu genişlənir

Azərbaycanla Yaponiya arasında uzun illəri əhatə edən sıx enerji əməkdaşlığı formalaşıb. “Xəzər dənizi sahilində yerləşən və dünyanın aparıcı neft və təbii qaz istehsalçılarından biri olan Azərbaycan hazırda neft yataqlarının işlənməsində Yaponiya şirkətləri ilə əməkdaşlıq edir və cari vəziyyəti nəzərə alaraq Yaponiyaya xam neft ixrac edir. Bundan başqa, Azərbaycan tərəfi Yaxın Şərqdə son gərginlik kontekstində Yaponiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə mühüm dəstək göstərir, bura İrandan təxliyə edilmiş Yaponiya vətəndaşlarının qəbulu da daxildir”, - deyə  Yaponiya XİN-in rəhbəri vurğulayıb.

Yaponiyanın məşhur “ITOCHU” şirkətinin ölkəmizin enerji sektorunda uğurlu fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Qeyd edək ki, Yaponiyanın ən böyük universal transmilli şirkətlərindən biri olan “ITOCHU” 1866-cı ildə yaradılıb. Baş ofisi Tokioda yerləşən və illik dövriyyəsi 160 milyard ABŞ dolları təşkil edən korporasiyada 8 mindən çox işçi çalışır. 816 yardımçı müəssisəsi olan qurumun 164 ölkədə nümayəndəliyi var. 1996-cı ildə Bakıda ofisini açan “ITOCHU” Azərbaycanda, əsasən, neft və qaz sahəsində investisiya layihələrini həyata keçirir. Korporasiya “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi, eləcə də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihələrində iştirak payları qazanıb. Bununla yanaşı, yapon nəhəngi Türkiyənin “Petkim” neft-kimya kompleksinin nəzdində layihə gücü ildə 10 milyon ton təşkil edən STAR neft emalı zavodunun inşasında SOCAR-la əməkdaşlıq edib.

Azərbaycandan Yaponiyaya neft ixracına başlanılması da təqdirəlayiq haldır. Son vaxtlarda Yaxın Şərqdəki eskalasiya və Hörmüz boğazının bloklanması fonunda Yaponiyanın ENEOS şirkəti Azərbaycandan 283 min barel neft alıb. Mayın 12-də Azərbaycandan neftdaşıyan tanker Yaponiyaya çatıb. Neft Negisidə (Tokio yaxınlığında) yerləşən ENEOS neft emalı zavoduna yönəldirilib.

Yerli mətbuat yazır  ki, Yaponiya hökuməti ABŞ və Rusiyadan idxal da daxil olmaqla, Hörmüz boğazından keçməyən alternativ neft tədarükü mənbələrinin təmin edilməsi istiqamətində səylərini fəallaşdırıb, çünki satınalma mənbələrinin şaxələndirilməsi getdikcə daha mühüm prioritetə çevrilir. Hörmüz boğazının bağlanmasına qədər Yaponiya neft emalı zavodları üçün əsas xammal Yaxın Şərq nefti olmuşdur. Xatırladaq ki, Yaponiyada neftin gündəlik istehlak həcmi təxminən 3 milyon barel təşkil edir. Yaponiyada Yaxın Şərqdə tədarükdə uzunmüddətli fasilələr olacağı təqdirdə idxalın sabitliyi ilə bağlı narahatlıqlar qalmaqdadır. Hökumət bu narahatlıqları dost Azərbaycanla əməkdaşlıq çərçivəsində aradan qaldırmaq niyyətindədir.

Bərpaolunan enerji sahəsi üzrə təməli qoyulan əməkdaşlıq iki ölkə arasında enerji əməkdaşlığının yeni və çox perspektivli istiqamətidir. Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və Yaponiyanın “Komaihaltec” şirkəti arasında imzalanmış anlaşma memorandumu ölkəmizin dağlıq kəndlərində bərpaolunan enerji mənbələri ilə hibrid elektrik enerjisinin istehsalını nəzərdə tutur. Bundan başqa, Yaponiyanın dövlət qurumları və maliyyə təşkilatları Qarabağ və Şərqi Zəngəzurda yaradılması nəzərdə tutulan “yaşıl enerji” infrastrukturunun bərpası layihələrinə böyük maraq göstərirlər. Vurğulamaq yerinə düşər ki,  Yaponiya  şirkətlərindən biri azad  ərazilərin “yaşıl enerji” zonasının baş planını hazırlayıb.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 4 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30