Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ-da alkoqol qadağası: “Qurular”la “Yaşlar”ın mübarizəsi 

ABŞ-da alkoqol qadağası: “Qurular”la “Yaşlar”ın mübarizəsi 

03.09.2024 [09:41]

Alkoqolizmlə mübarizə problemi az qala insanlığın yaşı qədər qədimdir. Bu mövzuda söhbət düşərkən, adətən, mütəxəssislər zarafatla belə bir mənzərəni göz önünə gətirməyinizi istəyirlər: “Məsələn, qıcqırdılmış yabanı üzüm suyundan sərxoş olan bir mağara adamının başına həmin mağaranın başqa bir sakini tərəfindən dəyənəklə vurulmasını təsəvvür edin”. Bəli, sivilizasiyanın inkişafı ilə paralel olaraq zaman-zaman müxtəlif ölkələrdə alkoqolizmlə mübarizə də aparılıb. Bu mübarizənin tarixində ən ciddi tədbirlərdən biri 1920-ci ildə ABŞ-da qüvvəyə minən spirtli içki qadağası olub. Lakin Birləşmiş Ştatlarda ayıq həyat uğrunda mübarizə göründüyü qədər də asan başa gəlməmişdi.

Hindulara spirtli içki satılmır!

Böyük Britaniya Şərqdəki müstəmləkələrinin ərazisində alkoqollu içkilərin satışını vaxtaşırı məhdudlaşdırırdı. Alkoqol qadağası ingilislərin nəhəng korporasiyası olan “Ost-Hind” şirkəti tərəfindən aparılır, bu nəzarət əsasən Hindistanda tətbiq edilirdi. Qadağalara dair ilk rəsmi sənəd 1657-ci ildə Massaçusets Baş Şurasının hindulara alkoqol satışına icazə verilməməsi ilə bağlı qərarı oldu. Şura üzvlərinin bildirdiyinə görə, yerli əhali sərt içkilərə öyrəşmədiyindən çox tez sərxoş olur, aqressivləşərək xoşagəlməz hadisələr törədirdi. Bu səbəbdən ingilis ağalar öz koloniyalarında yerli sakinlərə nəinki viski, rom kimi elit və sərt içkilər, hətta sidr satışını belə qadağan etmək qərarına gəlmişdilər.

Qeydə alınmış ilk alkoqolizmlə mübarizə cəmiyyəti isə 1789-cu ildə Konnektikutda yaranmışdı. O zaman Virciniya və Nyu-Yorkda da oxşar birliklər meydana çıxmışdı. Həmin vaxtların antialkoqolistləri və antialkoqolist birlikləri alkoqolizmi müalicəlik xəstəliklərdən hesab edən məşhur həkim Benyamin Ruşun əsərlərindən ilhamlanırdı.

Antialkoqol birlikləri

Alkoqolizmə, narkotik vasitələrə qarşı mübarizə aparan ictimai birliklər, cəmiyyətlər, qurumlar tədricən birləşməyə başladı və 1826-cı ildə Amerika Ayıqlar Cəmiyyəti yaradıldı. On il ərzində cəmiyyətə az qala hər ştatdan bir milyondan çox üzv cəlb edilmişdi. 1830-cu illərdə cəmiyyətin fəal təbliğat aparan on iki mətbu orqanı vardı. Təşkilatın aktivistləri hətta bir sıra ştatlarda alkoqolun pərakəndə satışını açıq şəkildə qadağan edən qanunun qəbulu üçün aksiyalar da keçirirdilər. Nəticədə 1850-ci illərdə ABŞ-ın on üç ştatında içki satışı tam qadağan olundu. Həmin dövrdə ölkə teatrlarında alkoqolizmlə mübarizə mövzusunda tamaşalar qoyulur, bu istiqamətdə dram əsəri yazan müəlliflər böyük rəğbətlə qarşılanırdılar. Məsələn, V. Smitin “Əyyaş” pyesi içki aludəsi olan bir şəxsin fiziki-mənəvi çöküşünü, içkidən əl çəkəndən sonra zirvələr fəth etdiyini göstərən bir əsər kimi cəmiyyətdə populyarlıq qazanmışdı.

Ayıq həyat uğrunda

ABŞ-da “ayıq həyat uğrunda mübarizə”nin ən qızğın çağında vətəndaş müharibəsi başlandı. Həm Şimal, həm də Cənub liderləri tez bir zamanda belə qənaətə gəldilər ki, spirt istehsalçılarına və satışına yüksək vergilər tətbiq etmək müharibəni maliyyələşdirməyə kömək olacaq, buna görə də ayıq cəmiyyəti müdafiə edən bütün birliklər bir müddət kölgəyə çəkildilər. Müharibə şimal tərəfin  qələbəsi ilə başa çatandan sonra alkoqolun qadağan edilməsi ilə bağlı müzakirələr yenidən ictimai həyata qayıtmağa başladı. Əsrin sonlarına doğru almanların və irlandların Amerikaya kütləvi miqrasiyası ilə əlaqədar Birləşmiş Ştatlarda pivə istehsalı bumu başladı. 1890-cı illərdə pivə ölkədə viskini əvəz edən əsas spirtli içkiyə çevrildi. Beləliklə, alkoqolizmlə mübarizə əvvəlki effektini itirərək öləziməyə doğru getdi.

Alkoqolizmin sürətlə yayılmasından əndişələnən kilsələr 1893-cü ildən başlayaraq antialkoqol şüarları altında fəaliyyət göstərən Antisalun Liqası təşkil etdi. Təşkilat könüllüləri restoran-kafelərin, spirtli içki, pivə istehsal edən zavodların pəncərələri altında mahnılar və dualar oxuyur, alkoqolun qadağan olunmasına çağıran mitinqlər keçirir, spirtli içki istehsalçılarının əleyhinə təbliğat aparırdılar. Mətbuat ara-sıra bu məsələləri işıqlandırsa da, ictimai tədbirlərin heç bir real nəticəsi olmadı.

Ancaq Antisalun Liqası bütün ölkə ərazisində içməli su buraxan su şırnaqları quraşdırmağa başlayanda vəziyyət xeyli dəyişdi. Bu supaylayıcı qurğuların dizaynı doktor Henri Koqsvelə məxsus idi. O hesab edirdi ki, alkoqolizmin səbəblərindən biri də şəhərlərdə lazımi qədər içməli suyun olmamasıdır. Qurumun fəaliyyəti nəticəsində ABŞ-ın bir neçə şəhərində “İnam”, “Ümid”, “Xeyriyyə” və “Ayıq həyat” sözləri yazılmış dördguşəli fəvvarələr peyda oldu. Suyun sərin qalmasını təmin etmək üçün fəvvarələrin dibinə buz anbarı da quraşdırılmışdı. Fəalların tələbinə görə, şəhər rəhbərliyi vaxtaşırı buzları yeniləməli idi. Bələdiyyələr bu ideyanı narazılıqla qarşıladılar, çünki buzun müntəzəm yenilənməsi xüsusən də isti cənub ştatlarında böyük məbləğə başa gəlirdi. Beləliklə, bələdiyyələrlə ictimai fəallar arasında ziddiyyətlər baş qaldırdı. Bəzi ərazilərdə fəvvarələr yığışdırıldı, bəzi yerlərdə isə həmin fəvvarə və şırnaqlar tarixi abidə kimi hələ də qorunub saxlanmaqdadır.

Şərab dükanlarına hücumlar

Birləşmiş Ştatlar əhalisinin alkoqolizmdən ən çox əziyyət çəkən təbəqəsi qadınlar idi. Ona görə də antialkoqol təşkilatları qadın hüquqları müdafiəçiləri ilə birləşməyə başladı. Dövrün məşhur ictimai fəalı, adı qəzetlərin manşetindən düşməyən Kerri Nation kimi insanlar çılğın hərəkətləri ilə ölkə gündəmini zəbt elədilər. Kerrinin  yaşadığı Kanzas şəhərində 1881-ci ildə spirtli içkilərin satışı rəsmən qadağan edilsə də, bu qanuna əməl olunmurdu. Kerri əlində balta şərab mağazalarına girərək alıcıları oradan qovur, vitrinlərdəki içki şüşələrini sındırırdı. O, 1900-1910-cu illər arasında bu hərəkətlərinə görə otuz dəfə həbsxanaya düşmüşdü.

1900-cü illərin əvvəllərində ABŞ cəmiyyəti, məcazi desək, “quru” və “yaş”, yəni ayıq və sərxoş adı altında iki hissəyə bölündü. Qanunvericilərin alkoqol qadağasına münasibəti ən çox bölgədəki dini vəziyyətlə müəyyən edilirdi. Protestant puritanlar və radikal katoliklər spirtli içki içməyin günah olduğuna inanırdılar. Onları müdafiə edən qanunvericilərlə yanaşı hökumətin mənəviyyat sahəsinə, etik problemlərə müdaxiləsini bəyənməyənlər də vardı.

Bəzi həmkarlar ittifaqlarının liderləri əmin idilər ki, məcburi ayıqlıq işçilərin əmək qabiliyyətini  yaxşılaşdıracaq.  Çay, şirə, qazlı su istehsalçıları da həvəslə antispirt hərəkatını dəstəkləyirdilər. Onlar spirtli içkilərə qoyulası qadağanın öz bizneslərinə təkan verəcəyinə ümid edirdilər. Ağ supremasistlər isə alkoqolun yığışdırılmasını qul və mühacirlərin aqressiyasının qarşısının alınması baxımından daha yüksək qiymətləndirirdilər. 

“Qurular” “yaşlar”ı necə məğlub etdilər

1917-ci ildə ABŞ Birinci Dünya müharibəsinə girəndə “yaş”ların (spirtli içki tərəfdarıları) maddi resursları kəskin şəkildə azaldı. Çünki “yaş” cəbhənin ən fəal nümayəndələri Almaniya ilə müharibə başlanandan sonra siyasi kapitalı buxarlanmış alman əsilli amerikalılar idi. 1918-ci ildə sülh əldə olunsa da, onlar itirdikləri siyasi çəkilərini bərpa edə bilmədilər.

Nəticədə “qurular” (alkoqol əleyhdarları) meydanı ələ aldılar. 1917-ci ilin dekabrında Konqres ABŞ-da spirt satışını qadağan edən konstitusiya dəyişikliyi layihəsini nəzərdən keçirdi. Layihənin müzakirəsi və dövlət nümayəndələrini qanunun dəyişdirilməsinin vacibliyinə inandırmaq üçün bir il zaman sərf olundu. 1919-cu il yanvar ayının 16-da konstitusiyaya düzəliş 48 ştatın 36-sı tərəfindən təsdiqləndi və ümumi oxunuşdan keçdi. Nəhayət, bir ildən sonra - 1920-ci il yanvarın 17-də ABŞ-da alkoqollu içkilərin satışı barədə qadağa rəsmən qüvvəyə mindi. Lakin 13 il sonra - 5 dekabr 1933-cü ildə Birləşmiş Ştatlar Konstitusiyasına İyirmi Birinci Düzəlişin qəbulu ilə həmin qadağa aradan qaldırıldı.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 569 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30