Şeytan söz meydanında
24.05.2022 [10:35]
Ədəbiyyatda demonizmin keçdiyi yola ötəri baxış
Əvvəli ötən sayımızda...
***
İvan Karamazovun gözünə görünən Şeytan ondan otuz-qırx il sonra Avropanı qana çalxayan hadisələrin - Birinci Dünya müharibəsinin, qırmızı terrorun tüğyan elədiyi zamanlarda tarix səhnəsinə baş rolun ifaçısı kimi qədəm qoydu. Üstündən iyirmi-otuz il də keçmiş İblis daha bir dünya turuna çıxdı, xalqları, ölkələri bir-birinə vurandan, yer üzünə yeni çaxnaşma salandan sonra Karamazovla müqaviləsini Tomas Mannın “Doktor Faustus” romanının qəhrəmanı Adrian Leverkünün timsalında təzələdi. Bəstəkar Leverkün Hötenin Faustuyla Nitsşenin Antixristinin sintezindən yaranıbsa da, ona İvan Karamazovun varisi kimi də baxmaq olar. Hər iki halda Şeytan seçdiyi personajla Allahın adından yox, öz adından saziş bağlayır.
Dostoyevski canına cin müsəllət olmuş surətlərinin (Raskolnikov, Roqojin, İvan Karamazov, “Şeytanlar” romanının az qala bütün personajları...) timsalında da yüzildə ölkəsində meydan sulayası şər qəhrəmanlarının portretlərini misilsiz ustalıqla, heyrətamiz fəhmlə yaratmışdı. Tomas Mannın təqribən ötən əsrin ortalarında tamamladığı romanını da yüzilin birinci yarısında alman təhtəlşüurunda baş qaldırmış qlobal miqyaslı tufanların, qasırğaların fəlsəfi xülasəsi, psixoloji diaqnozu da saymaq olar.
***
Aradan on illər keçəndən sonra Şeytan başqa bir alman yazıçısının - Patrik Züskindin “Ətirçi” (“Parfümer”) romanında başqa bir peşənin yiyəsi kimi, tamam başqa bir sifətlə zühur elədi. Dünya şöhrətli sələflərinin ardıcılı olsa da, Züskindin bənzərsiz ətir metaforası onun romanını tam orijinal bir əsər kimi oxumağa imkan verir. Gözəl qızların cövhərini çəkib onları cansız cəsədə çevirən Jan-Batist Qrenuyun mifik obrazını qadın qatili manyaklardan tutmuş zəkalı beyinlərdən işıqlı fikirləri sümürüb öz qaranlıq niyyətlərinə tabe eləyən diktatorlara, tiranlara qədər kimə desən bənzətmək olar. Zalım ətirçi metafizik vakuumda sərbəst hərəkət eləsə də, əlinin üstə əl olmasa da, tül pərdə arxasından ona ilahi səbriylə göz qoyan bir Tanrının nəfəsi arabir o pərdəni xəfifcə tərpədir.
“Ətirçi” romanında Allah elçisinin səhnəyə çıxması qeyri-təbii görsənərdi, ancaq bu əsəri yaradan düşüncənin allahsız olduğunu, həyatın yalnız şeytani qanunlarla hərəkətə gəldiyi kimi bədbin qənaətlə barışdığını demək düzgün deyil. Belə olsaydı, onun edamını izləmək üçün meydana yığılmış kütləni bir anda öz iradəsinin köləsinə çevirən hipnozçu (bu epizod “Master və Marqarita”nın iblisi Volandın varyetedə seans göstərməsi səhnəsinə çox bənzəyir) dünyanın şəriksiz ağası olardı. Edam kürsüsündən salamat qurtulsa da, şər dahisi ecazkar iksirini təpəsindən axıdıb özünü xarabalıqda küllənən ac səfillərə yedirir. Bununla da müəllif ilahi qanunların bu pozulmaz təsbitini dolayısıyla bir daha təsdiqləmiş olur: Şeytan baş qaldırdığı andan özünü parçalamağa, öz qabını çatlatmağa, özünü qəhr eləməyə məhkum olunmuş bir varlıq, əslində varlıq da yox, özünə qənim kəsilmiş bir yoxluqdur.
***
İllər öncə Hüseyn Cavidin “İblis” dramından söhbət düşəndə görkəmli ədəbiyyat adamlarımızdan biri təqribən belə bir fikir söyləmişdi: Şərq-müsəlman aləmində iblis mövzusu yoxdur, Cavidin pyesinin ənənəsi Qərb ədəbiyyatından gəlir.
Burada, əlbəttə, əsasən “Faust” ənənəsi nəzərdə tutulur, hərçənd biz İblisin də Mefistofel kimi Allahla əlbir olub-olmadığını bilmirik; üstəlik Hötenin faciəsi haqqın zəfəriylə başa çatsa da, Cavidin faciəsi şərin təntənəsiylə bitir. Bununla belə yuxarıda misal gətirdiyim müddəayla razılaşmamaq çətindir.
Ancaq burada çox mühüm bir incəlik də var: Şərq-müsəlman şairləri avropalı ədiblər kimi İblis, Şeytan obrazları yaratmayıblarsa da, şər törədən mexanizmin, ölüm, ayrılıq istehsal eləyən gücün timsalı kimi Fələyin çarxı hər zaman onların hədəfində olub. Yamanlıqda, namərdlikdə, ev yıxıb can almaqda Fələk heç də Şeytandan, İblisdən geri qalan deyil, bu sözü o iki sözün sinonimi də saya bilərik. Azərbaycan folklorunda da qınaq, söyüş, qarğış obyekti olan Fələk obrazına tez-tez rast gəlinir.
***
Ancaq Fələyin fəaliyyət sahəsini Şərq-müsəlman ədəbiyyatının sərhədləriylə daraltmaq olmaz. Balzakın “Şaqren dərisi” romanında təsvir elədiyi qədim əşyalar dükanının yiyəsi, özünü öldürmək istəyən gənc Rafaelə sehirli dəri bağışlayan 125 yaşlı qoca, məncə, fələyin obrazı sayılmalıdır. Markesin “Yüz ilin tənhalığı” romanında Buendia nəslinin həm tarixini, həm taleyini perqamentlərə köçürən qaraçı Melkiades - yaşı, kimliyi, haradan gəlib hara getdiyi bilinməyən sirli qoca da Allahın, peyğəmbərin yox, məhz qara qələmli fələyin təcəllisidir.
Nəhayət, bu yerdə milli nəsrimizə sarı boylanıb Mövlud Süleymanlının “Şeytan” nağıl-povestini də yada salmasaq olmaz. Saf folklor dili, folklor maneralarıyla yazılmış bu əsəri oxuyanda yuxarıda istinad elədiyim fikri şübhə altına almaya bilmirəm: əgər Şərq-müsəlman ədəbiyyatında (istər yazılı olsun, istər şifahi) doğrudan da demonizmə yer yoxdursa, bu qədər doğma şeytanı yazıçı hansı künc-bucaqdan, kimin qapısından tapıb qulaqlayıb evimizə gətirib?..
***
Optimist fikir adamları kainatda hər şeyin ilahi nizama, harmoniyaya tabe olduğunu, Allahdan xəbərsiz bir yarpağın belə ağacdan düşmədiyini, pessimist mütəfəkkirlər həyatın heç bir məna daşımadığını, heç bir saf niyyət güdmədiyini, yerdə-göydə xaosun at oynatdığını deyirlər. Birincilər varlığa, ikincilər yoxluğa tapınırlar.
Məncə, bu iki düşmən fikir cəbhəsinin ikisi də özünə görə haqlıdır: Mütləq Varlığın bir nüsxəsi olan insan ruhu birincilərin, Ana Təbiətin törəməsi olan insan təbiəti ikincilərin tapındığı qanunlarla hərəkətə gəlir. Havayı yerə deməyiblər ki, ümidsiz olan Şeytandır.
Sonuncu sözün baş hərfini kiçik şriftlə də yaza bilərdim...
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

