Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Divana döşəli Budda

Divana döşəli Budda

11.03.2023 [11:50]

İvan Aleksandroviç Qonçarovun “Oblomov” romanı haqqında

Ömrünün son illərini Oblomov Aqafya Pşenitsına adlı dul qadının evində keçirir. Soyadından göründüyü kimi, bu qadın xeyir-bərəkət rəmzidir, gözəl əl qabiliyyəti var, dadlı təamlar bişirir, işgüzardır, təmizlik, sakitlik sevəndir. Aqafya İlya İliçə kölə sədaqətiylə bağlanır, onun qulluğunda canla-başla durur. Zadəgan törəməsi Olqadan

fərqli olaraq meşşan Aqafyanın təmtəraqsız məhəbbətində heç bir iddia yoxdur. Ümumiyyətlə, Oblomovla Pşenitsınanın münasibətində ikilik, qarşıdurma yoxdur. Qadın tezliklə İlya İliçin bədəninin bir parçasına, onun gövdəsinin uzantısına çevrilir.

Əgər Olqa İlyinskaya ilə münasibət Oblomovun dincliyini, ruhi müvazinətini pozurdusa, Pşenitsına ilə evlilik İlya İliçə rahatlıq, sakitlik gətirir. Oblomov bu itaətkar qadının qolları arasında çoxdan həsrət qaldığı ana nəvazişinə yenidən qovuşur. Yaşadığı fırtınalı dönəmdən sonra yorğun canını yenidən Pşenitsınanın divanı üstündə dincə qoyur, sevmədiyi, ancaq yanında rahatlıq tapdığı qadının xəfif, ehtiyatlı hərəkətlərini, çılpaq ağ biləklərini, yumru dirsəklərini dünyanın ən gözəl mənzərəsi kimi heyranlıqla seyrə dalır. Mərhum ərindən iki uşağı olan Aqafya bir oğlan da Oblomovdan doğur, uşağın adını Ştoltsun şərəfinə Andrey qoyurlar.

Son görüşlərində Oblomov oğlunu dostuna tapşırır. Onun real dünyadakı elçisi, təcəllası, bir sözlə, bədəni olan Ştolts dostunun bu xahişini, daha doğrusu, bu vəsiyyətini də mərdi-mərdanə yerinə yetirir, Oblomovun ölümündən sonra onun tək övladını himayəsinə götürür...

Qonçarovun şah əsəri dünya ədəbiyyatı tarixinə iz salmış ən dərin, sirli, çoxyozumlu kitablardan biridir. Sovet ədəbiyyatşünaslığı bu romanın təhlilində əsasən Dobrolyubovun məşhur “Oblomovçuluq nədir?” məqaləsinə istinad eləyirdi. Bu yozuma inansaq, Oblomov mənəvi tənəzzülə uğramış rus zadəgan sinfinin tipik nümayəndəsi, hətta timsalıdır.

Fəqət belə dərin əsərləri bu cür bəsit vulqar-sosioloji prizmadan dəyərləndirmək yaramaz. Əvvəla, əsərin özündə də dönə-dönə vurğulandığı kimi, Oblomov saf ruhlu insan, büllur könül, qızıl ürək yiyəsidir. Onda şərdən əsər-əlamət yoxdur, sadəcə, bu adam əməl adamı deyil, dünyaya da ən incə tellərlə bağlıdır. İkincisi, əgər Dobrolyubovun sosial-siyasi kontekstdə şərhi gerçək yozum olsaydı, çoxdan aktuallığını itirmiş bir problemlə birgə Qonçarovun romanı da arxivə atılardı. Ancaq bu əsər indiyədək aktuallığını nəinki itirməyib, tərsinə, getdikcə dünya ədəbiyyatşünaslarının marağını, diqqətini daha çox çəkir, ona yeni yozumlar, yeni şərhlər verilir, yeni açarlar tapılır.

Mənə qalsa, peşəkar ədəbiyyatşünas olmasam da, demək istəyirəm ki, mən Qonçarovun “Oblomov” romanıyla Artur Şopenhauerin fəlsəfəsi arasında bir qohumluq görürəm. Məlumdur ki, təqribən iki yüz il bundan qabaq Avropada Şərq fəlsəfəsinə, xüsusən də buddizmə böyük maraq yaranmışdı. Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” traktatı məhz bu dünyagörüşün təsiri altında meydana gəlmişdi - dahi filosofun “Qərbin Buddası” adlandırılması heç də təsadüf deyil. Qonçarov dövrünün bir çox ziyalısı kimi çox savadlı adam idi, ingilis, fransız, alman dillərini mükəmməl bilirdi, tərcüməçi işləmişdi. Onun yaşadığı zamanın populyar fəlsəfi təlimlərindən, o cümlədən buddizmin həm qədim, həm də yeni versiyasından xəbərsiz olması qətiyyən ağlabatan deyil. İlya İliç Oblomov XIX əsr Rusiyasında zühura gəlmiş Budda, Şopenhauerin “həyat iradəsi”ni, demək olar, söndürmüş, mayya örtüyünü üzündən atmış zahiddir.

Bu kitabın ruhuyla antik dövrün stoisizm fəlsəfəsi arasında da əlaqə tapmaq olar. Xatırladım ki, asket stoyaçılar insanın ideal ruhi vəziyyətini “apatiya” adlandırırdılar. Bu baxımdan Oblomovu stoiklərin ideal qəhrəmanı da saymaq olar.

Əlbəttə, mən Qonçarovun buddizmdən, stoisizmdən, yaxud da Şopenhauer fəlsəfəsindən ilhamlanıb roman yazdığını, bu təlimlərə bədii illüstrasiya yaratmağı qarşısına məqsəd qoyduğunu iddia eləmirəm - belə bir iddia irəli sürmək gülünc olardı. “Oblomov” rus xalqının həyatına, rus folkloruna, ümumən rus ruhuna dərindən bağlı əsərdir. Sadəcə demək istəyirəm ki, məsələn, bundan əvvəl haqqında danışdığımız “İdiot” romanı İncilə, İsa Məsih təliminə, “Don Kixot” kimi sələflərinə nə qədər bağlıdırsa, “Oblomov” da Budda təliminə, Şopenhauer fəlsəfəsinə bir o qədər bağlıdır. “İdiot” da, “Oblomov” da adi realist romanlar deyil, fəlsəfi pritçalar, mənəviyyat dastanlarıdır. Şübhəsiz, bu romanların müəllifləri aləmə car çəkdikləri həqiqətlərə kiminsə diktəsi altında yox, olsa-olsa təsiri altında, amma öz ayaqlarıyla gəlib çıxıblar. Bu mənada yer üzündə təsirə uğramayan yazıçı yoxdur - kimi təsirlərin dağıntıları altında qalıb özünü-sözünü itirir, kimi də öz yolunu tapıb ədəbiyyatda yeni cığır açır.

Konkret “Oblomov”a gələndə onu da nəzərə almaq lazımdır ki, bu əsərin baş qəhrəmanında bir xeyli avtobioqrafik cizgilər, nişanələr var - Qonçarov özü də evlənməkdən qaçıb, qırx üç yaşına qədər heç bir qadınla sıx ünsiyyət qurmayıb, uzun ömrünü subay-salıq başa vurub; onun da yuxulu gözləri, canında tənbəllik olub, hətta dostları zarafatla onu “Markiz de Tənbəl” adlandırırmışlar. Ancaq bu o demək deyil ki, hər tənbəldən Qonçarov, hər tənbəlin yazdığından da “Oblomov” çıxar. Tənbəlliyi ədəbi-fəlsəfi kateqoriya səviyyəsinə qaldırmaq romançılar arasında yalnız ona qismət olub.

F.Uğurlu

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Siyasət

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31