Ölməz Tanrının oğlu
19.08.2023 [12:40]
Boris Pasternakın “Doktor Jivaqo” romanı haqqında
Əvvəli ötən sayımızda…
Pasternak deyirdi ki, öz romanını Dikkens, Dostoyevski ənənələrinin üstündə qurub. Bu bədii-fəlsəfi ənənəni təxminən belə xarakterizə eləmək olar: bir obyektə iki, üç, bəzən daha artıq bucaqdan baxış.
Adətən birincisi xristian yanaşması, dini-mistik baxış olur. Buna qarşılıq müəllif əsərə şeytani-bioloji impulslarla hərəkətə gələn güclü demonik fiqur da gətirir - Tanrıyla İblis, ruhla materiya, eşqlə ehtiras, sevgiylə nifrət arasındakı mübarizəni simvolizə eləmək üçün. Bununla da yazıçı insan vücudunda, qəlbində, beynində gedən mənəviyyat savaşının modelini yaradır.
Bəzən obyektin çoxbucaqlı, çoxüzlü indikatorunda İblisin üçüncü (dördüncü) sifətini də sərgiləmək üçün daha bir kamera işə salınır. Dostoyevskinin “İdiot” romanından danışanda bu məsələyə toxunmuşduq. Demişdik ki, Nastasya Filippovna romanda subyekt deyil, obyektdir - üç, belə demək olarsa, sevginin, üç tip münasibətin, üç dünyagörüşün obyekti, üç xəttin hədəfi: ruhani-intuitiv xətt (Mışkin), irrasional-instinktiv xətt (Roqojin), bir də praqmatik-realist xətt (İvolgin).
Eynən Pasternakın romanında da Lara Gişar (sonradan Larisa Antipova) üç cür münasibətin, üç növ əsarətin, üç həyat tərzinin arasında sərgərdan dolanır, üç dərdə giriftar olur. Əvvəlcə onu varlı advokat, haqq-hüquq alverçisi Komarovski tələyə salır. Anasının oynaşı on altı yaşlı Laranı da məşuqəsinə çevirir, belə görünür ki, şeytan vəkilinin madam Gişarla yaxınlığı hər şeydən çox onun yeniyetmə qızına yol tapmaq üçünmüş (eynən Nabokovun “Lolita” romanında olduğu kimi).
Heç bir haqq-ədalətə (ironiya burasındadır ki, özü də hüquq müdafiəçisidir) inanmayan, din-iman tanımayan, axirətə, əbədiyyətə bel bağlamayan Komarovski (soyadından göründüyü kimi, insan qanı içməklə dolanır) məqsədinə çatmaq üçün bütün vasitələrə əl atmağa, Dostoyevskinin Roqojini sayaq varından-pulundan keçməyə hazır sinikdir. Ancaq o, Roqojin kimi çılğın, impulsiv, ehtiraslı tip deyil, daha çox şəhvət düşkünüdür. Pulunun qədrini bilir, aldığı verdiyindən qiymətli olmasa, qəpiyindən keçməz. O, yaxşı həyat dərsi almış, ağlına maya qoymuş bir yırtıcıdır, beləsi nə qədər ağıllı-kamallı olarsa, cəmiyyət üçün bir o qədər böyük təhlükə törədər.
Jivaqo da ağıllıdır, yüksək ranqlı peşəkar həkimdir, üstəlik böyük poetik istedadı var, Pasternak səviyyəsində şeirlər yazır. Fəqət onun ağlı da, istedadı da insanlara yalnız xeyir, fayda gətirir. Demək, ağıl özlüyündə başlıca dəyər deyil, məsələnin mahiyyəti ağılın, biliyin hansı mənəvi bazaya - xeyirəmi, şərəmi söykənməsindədir.
***
Komarovski Jivaqonun antipodudur, Jivaqo əbədi varlığın, Komarovski əbədi yoxluğun sədasıdır. Jivaqo inanır ki, nə vaxtsa öz bütünə, cənnətinə qovuşacaq, ancaq Komarovskini belə bir perspektiv gözləmir, onun o dünyası yoxdur, o hər zövqü-səfaya, hər nemətə bu dünyada çatmaq istəyir, cənnətə yoxluq aləmində girmək istəyir. Qazandığı nə varsa, hamısını yalan, riya, məkr hesabına qazanır; peşmanlıq, xəcalət, vicdan ondan ötrü quru sözlər, yad məfhumlardır. Bir sözlə, Komarovski - bu qansoran ditdili xalis şeytan fəhləsidir.
Paşa Antipov da imansız, travmalı, ancaq asketik tipdir, hər cəhətdən advokatın tərsidir. Fəqət onun askezası həyatdan, maddiyyatdan asılılığını azaltmağa yox, nifrətini körükləməyə yönəlib, bir suyu bolşevik, yaxud faşist liderlərinin asketizminə bənzəyir (heyvan əti yeməyən Hitler milyonlarca insanın ətini həzmi-rabedən keçirmişdi). Əlçatmaz gözəl bir qızın sevgisi belə onun nifrəti qarşısında acizdir.
Şəxsi həyatının ən böyük diləyinə yetişəndən - Larayla evlənəndən sonra o bu xoşbəxtliyi həzm eləyə bilmir, çünki beləsi xoşbəxtlik üçün yaranmayıb, o, xoşbəxtlik bildiyi bir şeyə can atanda belə bədbəxt olmaqdan ötrü bəhanə gəzir. Paşa sevgilisiylə yeni həyata başlaya, bir məşhur mahnıda deyildiyi kimi, həyatı sıfırlaya bilmir, arvadının keçmişi onun başından basır. Antipov bir az da Dostoyevskinin nihilist qəhrəmanlarına bənzəyir.
Rusiyada on illər boyunca dövran sürən bu nihilizm epidemiyası sonda inkarçılığın, yoxluğa etiqadın, heçliyə inamın, yalana səcdənin dövlət ideologiyası səviyyəsinə qaldırıldığı bolşevik imperiyasının (sözdə sosialist respublikaları ittifaqının) yaranmasıyla nəticələndi. Evdən qaçıb qırmızılara qoşulan Paşanın qəddar komissar olacağı əvvəlcədən bəlliydi. Bütün məşhur bolşevik liderləri kimi o da soyadını dəyişib Strelnikov qoyur. Fəqət onun atıcılıq məharəti sonda özünü dəqiq nişan alıb güllələməkdən savayı bir işə yaramır.
***
Nastasya Filippovna kimi Lara da infernal qadın tipidir. O, Komarovskinin yanında pula gedən fahişəyə, Antipovun yanında hər zülmə qatlaşmağa hazır olan fanatik inqilabçı arvadına, Jivaqonun yanında mələyə bənzəyir. Onun doktora bağlılığı nə tamahkar vəkillə, nə xəstəhal Paşayla yaxınlığına bənzəməz; bu, könüllü təslimiyyətdir, mömin bəndə öz bütünə, tanrısına məhz bu sayaq bağlanır. Şübhəsiz, onların məhəbbətində İsa peyğəmbərlə Maqdalı Məryəmin, knyaz Mışkinlə Nastasya Filippovnanın münasibətindən nələrsə var.
Bəzi tədqiqatçılar Laranın Rusiyanın obrazı olduğunu deyirlər. Əlbəttə, bu sayaq yozumun da bir qəbahəti yoxdur, ancaq belədə biz bütün dünyada maraqla oxunan bir romanı hansısa zaman-məkan kontekstinə salmış olarıq ki, bu da “Doktor Jivaqo”nun dəyərini xeyli azaldar. Laraya hansı ölkədə, hansı zamanda desən, prototip tapılar.
Komarovski sevgililəri aldatmacalarıyla inandırıb Laranı Jivaqodan ayıra bilir. Ancaq qızın ruhuna əl aparmağa onun heç vaxt hünəri, qüdrəti çatmayacaq, çünki o, ruhun yerini sadəcə bilmir, ruhun varlığından onun elmi-güman xəbəri yoxdur. Jivaqonun sevgi şeirlərinin lirik qəhrəmanına, ilahi gözəlliyin təcəssümünə çevrildiyi andan Laranın ruhu doktorun qəlbinə gəlin köçüb. Bu izdivac əbədidir, bu nikahı artıq heç kim, heç nə, hətta qəhrəmanın vaxtsız ölümü də poza bilməz.
***
Ədəbiyyat adamları arasında “Doktor Jivaqo” romanına münasibət birmənalı deyil. Məsələn, bədii yaradıcılığından savayı həm də çox maraqlı, eyni zamanda, çox mübahisəli mühazirələriylə tanınan Vladimir Nabokov bu romanı zəif, miskin əsər sayırdı. Dünya şöhrətli Ernest Heminquey də kitabı bəyənməmişdi. Bir sıra tənqidçi romanda təsadüflərin həyatda olduğundan qat-qat artıq rol oynadığı fikrindədir. Kimi deyir Pasternak tarixi hadisələri qarışdırıb, anaxronizmə yol verib. Bir başqası da deyir ki, əsərdə personajlar hamısı bir cür, eyni tərzdə danışır. Bəziləri düşünür ki, Pasternaka Nobel mükafatının (həm də o tezliklə) verilməsi eynən Soljenitsının bu mükafata layiq görülməsi kimi siyasi qərardır. Bir qisim söz-sənət bilicisi də doktor Jivaqo tipli birinin kitabın sonunda onun adından verilmiş şeirləri yaza biləcəyinə inanmır.
Bu deyilənlərin hamısında həqiqət payı tapılar, ancaq ortada bu gün də aktuallığını itirməmiş roman var. Üstəlik, romanın sonunda yer almış şeirlər - Jivaqonun poeziya dəftəri ilk baxışdan yamaq kimi görünsə belə, əsərin bədii-fəlsəfi yükünün artmasında həmin şeirlərin böyük payı var. Bu dəftərdə yer almış 25 şeir Pasternak poeziyasının zirvəsidir. Jivaqonun qoyub getdiyi bu dəftər olmasaydı, biz onun mənəvi qələbəsinə inana bilməzdik, onu yer üzündən haqq dünyasına məğlub kimi, əliboş yola salardıq. Şeirdən çox möhtəşəm bir dini kitabın surələrinə bənzəyən bu mətnlər Əhdi-cədidin təfsiri kimi, lap elə iyirminci əsrin Zəburu, İncili kimi də oxuna bilər.
Sovet dövründə çapına otuz neçə il qadağa qoyulub deyə Pasternakın əsərinə sırf antisovet ədəbiyyatı nümunəsi kimi yanaşmaq düzgün olmaz. “Doktor Jivaqo” Tanrı ilə Şeytan arasındakı mürəkkəb münasibətə, daha doğrusu, müharibəyə işıq tutan dini-fəlsəfi romandır. Nə qədər bu müharibə bitməyib, Tanrı ordusunun sıralarında döyüşmək istəyən insan oğluna savaş taktikalarını öyrədən kitablara da ehtiyac olacaq. Pasternakın romanı belə kitablardan biridir.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxTurizm
11 Oktyabr 16:04
Siyasət
11 Oktyabr 15:37
Dünya
11 Oktyabr 15:29
Mədəniyyət
11 Oktyabr 15:23
İqtisadiyyat
11 Oktyabr 15:21
Sosial
11 Oktyabr 15:20
Sosial
11 Oktyabr 14:54
İdman
11 Oktyabr 14:53
Dünya
11 Oktyabr 14:28
Xəbər lenti
11 Oktyabr 14:23
Hadisə
11 Oktyabr 14:21
Dünya
11 Oktyabr 14:10
Dünya
11 Oktyabr 13:58
Xəbər lenti
11 Oktyabr 13:25
Xəbər lenti
11 Oktyabr 13:24
Hadisə
11 Oktyabr 13:23
Elm
11 Oktyabr 13:11
Sosial
11 Oktyabr 13:01
İdman
11 Oktyabr 13:00
Sosial
11 Oktyabr 12:27
Siyasət
11 Oktyabr 12:26
Dünya
11 Oktyabr 12:19
Sosial
11 Oktyabr 12:10
Hərbi
11 Oktyabr 12:08
Mədəniyyət
11 Oktyabr 12:07
Mədəniyyət
11 Oktyabr 12:02
İdman
11 Oktyabr 11:50
COP29
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:28
Hadisə
11 Oktyabr 11:20
Hadisə
11 Oktyabr 11:19
YAP xəbərləri
11 Oktyabr 11:18
Sosial
11 Oktyabr 11:11
İqtisadiyyat
11 Oktyabr 10:56
COP29
11 Oktyabr 10:42
Mədəniyyət
11 Oktyabr 10:39
Dünya
11 Oktyabr 10:37
Xəbər lenti
11 Oktyabr 10:36
İqtisadiyyat
11 Oktyabr 10:34
İqtisadiyyat
11 Oktyabr 10:17
Xəbər lenti
11 Oktyabr 10:00
Sosial
11 Oktyabr 09:48
MEDİA
11 Oktyabr 09:34
Dünya
11 Oktyabr 09:10
Dünya
11 Oktyabr 08:43
Dünya
11 Oktyabr 08:38
Ədəbiyyat
11 Oktyabr 08:12
Sosial
11 Oktyabr 07:48
Sosial
11 Oktyabr 07:14
Hadisə
10 Oktyabr 23:55
COP29
10 Oktyabr 23:33
İqtisadiyyat
10 Oktyabr 23:14
Sosial
10 Oktyabr 22:59
İdman
10 Oktyabr 22:38
Hərbi
10 Oktyabr 22:16
Mədəniyyət
10 Oktyabr 21:56
Siyasət
10 Oktyabr 21:40
Siyasət
10 Oktyabr 21:38
Dünya
10 Oktyabr 21:35
Sosial
10 Oktyabr 21:18
Dünya
10 Oktyabr 21:12
İqtisadiyyat
10 Oktyabr 20:47
Elm
10 Oktyabr 20:36
Gündəm
10 Oktyabr 20:20
Gündəm
10 Oktyabr 20:18
İdman
10 Oktyabr 20:15
İqtisadiyyat
10 Oktyabr 19:54
Diaspor
10 Oktyabr 19:32
İqtisadiyyat
10 Oktyabr 19:11
Siyasət
10 Oktyabr 18:56