Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Sərhədlərin delimitasiyası sülhə böyük ümidlər yaradır

Sərhədlərin delimitasiyası sülhə böyük ümidlər yaradır

24.05.2024 [10:00]

Postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında başlayan sülhyaratma prosesi müsbət irəliləyiş əldə edib. Qarşılıqlı razılaşma əsasında artıq iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya olunmasına start verilib. Diqqətçəkən ən mühüm məqamlardan biri də ondan ibarətdir ki, əvvəllər Fransa kimi havadarlarının təhriki ilə birmənalı şəkildə revanşizm mövqeyindən çıxış edən və silahlanmaya üstünlük verən, yeni müharibə hazırlıqları görən Ermənistandan indi tənzimləmə, sərhədlərin müəyyənləşdirilməsinin zəruriliyi ilə bağlı müsbət siqnallar gəlməkdədir. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında ikitərəfli müstəvidə aparılan danışıqlar, sərhədlərin müəyyənləşdirilməsinə start verilməsi dünyanın və regionun ayrı-ayrı dövlətləri tərəfindən də təqdir olunur. Bütün bunlar həm də iki ölkə arasında sülhə və təhlükəsizliyə xidmət edən etimad mühitinin möhkəmlənəcəyinə, sülh prosesinin dönməz hala gələcəyinə ümidlər yaradır.

Qalib Azərbaycanın mövqeyi...

Dünyada sülhün zəruriliyini Azərbaycan qədər vacib sayan ölkələrin sayı çox azdır. Bu da onunla bağlıdır ki, ölkəmiz müstəqilliyinin ilk illərindən başlayaraq qonşu dövlətin işğalçılıq siyasəti ilə üzləşib. Təxminən otuz il davam edən bu işğal nəticəsində ölkəmiz böyük məhrumiyyətlərlə üzləşib - işğal altına düşən ərazilərimizdə hər şey dağıdılıb, şəhər və kəndlərimiz, tarixi abidələrimiz yerlə-yeksan edilib, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşımız humanitar fəlakət yaşayıb. II Qarabağ müharibəsində zəfər qazanan Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi - artıq regiona sülh gəlməsinə davamlı səylər göstərilir. Azərbaycan qalib olsa da prosesin beynəlxalq hüquq əsasında həllinin tərəfdarı kimi çıxış edir - Ermənistana beş bənddən ibarət sülh paketi təqdim edilir. Həmin paket sırf beynəlxalq hüquq normalarına istinad olunmaqla hazırlanıb. Azərbaycan ö mövqedən çıxış edir ki, 44 günlük müharibənin və lokal xarakterli antiterror tədbirlərinin nəticəsində yaranan yeni reallıqlar regionda sülh, sabitlik və etimad quruculuğu üçün geniş imkanlar açıb. Bundan maksimum dərəcədə istifadə olunmalıdır.

Davamlı və dayanıqlı sülh... 

Sülh tərəfdarı olan Azərbaycan öz mövqeyini bütün beynəlxalq tribunalardan bəyan edir. “Azərbaycanla Ermənistan arasında bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında münasibətlərin normallaşması ilə bağlı davam edən səylər regionda çoxdan gözlənilən davamlı və dayanıqlı sülh və sabitliyə ümid yaradır”. Bu fikirləri Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında “Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi: Təhlükəsizlik Şurasının 1265 saylı (1999) qətnaməsinin 25 illiyi” mövzusunda keçirilmiş açıq debatda çıxışı zamanı deyib. Səfir bildirib ki, BMT-nin Baş katibi, bir sıra beynəlxalq təşkilatlar və hökumətlər iki ölkə arasında birbaşa danışıqlar nəticəsində əldə olunmuş son irəliləyişi alqışlayıb. Lakin müharibənin nəticələri mülki əhaliyə təsir etməkdədir: “Azad edilmiş torpaqlarımızda biz dağılmış şəhərlər, dağıdılmış və murdarlanmış mədəniyyət abidələri, tərk edilmiş ətraf mühitlə üzləşmişik. Münaqişə həmçinin Azərbaycanı dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevirib. 1,5 milyon mina və naməlum sayda partlayıcı qalıqlar mülki əhali üçün ciddi risklər yaradır, məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz şəkildə qayıtmasına mane olur və orada əsaslı yenidənqurma və abadlıq işlərini ləngidir”,- deyə Yaşar Əliyev vurğulayıb. 

Diplomat bildirib ki, münaqişənin başa çatmasına baxmayaraq Ermənistan Azərbaycanı mülki ərazilərdə qəsdən basdırılmış minalarla bağlı tam və dəqiq informasiya ilə təmin etməyib. Səfir həmçinin debatların keçirildiyi gün daha bir mülki azərbaycanlının mina partlayışı nəticəsində həlak olduğunu deyib. Onun sözlərinə görə, bununla Azərbaycanda müharibə bitdikdən sonra mina qurbanlarının sayı 360 nəfərə çatıb. Onlardan altmış səkkizi həyatını itirib. “Azərbaycanda mina təhlükəsinin miqyası və ağırlığı minatəmizləmə səylərinə təcili, davamlı və adekvat beynəlxalq dəstəyi zəruri edir”,- deyə Yaşar Əliyev vurğulayıb. 

Sərhədlərin delimitasiyası Ermənistanın təhlükəsizliyinə təminatlar yaradır

Qeyd edildiyi kimi, son vaxtlarda Ermənistanın siyasi rəhbərliyi sülhyaratma prosesi, o cümlədən də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı müsbət siqnallar verir. Bu da ona dəlalət edir ki, artıq bu ölkənin rəhbərliyi reallığı anlamağa başlayıb. Reallıq isə ondan ibarədir ki, Azərbaycan tarixi ədalət və beynəlxalq hüquq mövqeyindən çıxış edir. Ermənistanın indiyədək Fransa kimi havadarlarına arxalanmaqla işğalçılıq və revanşizm mövqeyindən çıxış etməsi bu ölkəyə yaxşı heç nə verməyib. Nəhayət, ermənilər utopiyadan, miflərdən və Fransadan gələn vədlərdən uzaqlaşmalı olduqlarını anlayırlar. Onlar üçün gələcəyin yolu “dənizdən-dənizə dövlət qurmaq” xülyasında yox, Azərbaycanın reallığa söykənən şərtlərini qəbul etməkdən keçir. Yeri gəlmişkən,  Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı çıxışında Azərbaycan ilə sərhədlərin delimitasiyası məsələsinə xüsusi diqqət yetirib. N.Paşinyan Azərbaycan ilə sərhədin delimitasiyası prosesinin həyata keçirildiyi xəritəni nümayiş etdirib. O bildirib ki, Tavuşda ərazilərin güzəştə gedildiyi barədə ittihamlar məntiqsiz və qəbuledilməzdir. Ona görə ki, mövcud dövlət sərhədi indi de-yure bərpa edilir. Sərhədlərin delimitasiyası ilə Ermənistanın təhlükəsizliyi təmin olunur. Paşinyan deyib: “Ermənistan öz tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi formalaşdırır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”.

Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib. “Məlum olduğu kimi, 1991-ci ildə Ermənistan və Azərbaycan SSR arasında de-yure sərhədlər mövcud idi. Biz de-yure bu sərhədin bütün əsaslarını qaldırdıq, yoxladıq və sərhədin torpaq üzərindəki yerini müəyyən etdik”, - deyə Paşinyan vurğulayıb. 

Baş nazir bildirib ki, hökumətin hazırkı qərarları dövlət qurumları tərəfindən hüquqi cəhətdən əsaslandırılıb.

Qardaş Türkiyə təqdir edir

Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması son nəticədə regiona sabitlik gətirəcək, təhlükəsizlik təmin olunacaq. Beləliklə də, əməkdaşlıq, birgə fəaliyyətlər üçün yeni fürsət pəncərələri açılacaq. Buna görə də qonşu ölkələr, o cümlədən də lap əvvəldən proseslərdə müsbət rol alan qardaş Türkiyə Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu və əldə olunan razılaşmaları təqdir edir. “Əgər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, təkcə iki ölkəyə deyil, bu, bütün regiona müsbət təsir göstərəcək”. Bunu Türkiyə Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. 

O, Ermənistanın işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması və mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşün müsbət hal olduğunu da qeyd edib.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31