Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan - Qoşulmama Hərəkatı əməkdaşlığı: Yadda qalan uğurlu yol

Azərbaycan - Qoşulmama Hərəkatı əməkdaşlığı: Yadda qalan uğurlu yol

25.05.2024 [10:20]

Mübariz FEYİZLİ

Milli maraqlar üzərində qurulan çoxvektorlu xarici siyasət kursuna malik olan Azərbaycan hazırda bir sıra beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Belə təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır (QH). Ölkəmiz tarixin bu günündə - 26 may 2011-ci ildə İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək QH-na tam hüquqlu üzv qəbul olunub. Həmin dövrdən etibarən respublikamız qurumun fəaliyyət istiqamətlərinin genişlənməsinə, ideyalarının təşviqinə və həyata keçiriləsinə özünün sanballı töhfələrini verir. Qürurverici haldır ki, bu gün Qoşulmama Hərəkatında Azərbaycana və onun Lideri İlham Əliyevə dərin hörmət bəslənilir.

Dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilat

Tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük beynəlxalq təşkilatdır. Hərəkatın əsası müstəmləkə sisteminin süqutu, Afrika, Asiya, Latın Amerikası və dünyanın digər region xalqlarının müstəqillik mübarizəsi zamanı, soyuq müharibənin qızğın çağında qoyulub. 

Ötən əsrin ortalarında - 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. QH öz fəaliyyətində 9 bənddən ibarət “Bandunq prinsipləri”ni əsas götürür. Bunlar BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də əsas insan hüquq və azadlıqlarına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək, sayından asılı olmayaraq bütün irqlərin və xalqların bərabərliyini tanımaq, digər dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, BMT Nizamnaməsi çərçivəsində hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət bəsləmək, böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək, digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir fəaliyyətdən, eləcə də güc tətbiq etməkdən və güc tətbiq etməklə hədələməkdən imtina etmək, BMT Nizamnaməsinə uyğun olaraq bütün beynəlxalq mübahisələri dinc, sülh yolu ilə həll etmək, qarşılıqlı maraq və əməkdaşlığı təşviq etmək, ədalət və beynəlxalq öhdəliklərə hörmət etmək kimi prinsiplərdən ibarətdir.

Azərbaycanın QH-da təmsilçiliyi

Azərbaycan ilk vaxtlarda Qoşulmama Hərəkatında müşahidəçi statusunda iştirak edib. Respublikamız  prosedur qaydalarına uyğun olaraq 2011-ci ilin yanvar ayında təşkilata üzvlüklə bağlı müraciət edib. 16 mart 2011-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-Yorkda keçirilən Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılıb. Bəhs olunan islasda Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü məsələsinin təşkilata üzv dövlətlərin nazirlərinin görüşünün gündəliyinə salınması razılaşdırılıb. Beləliklə, yuxarıda qeyd olunan tarixdə Azərbaycan Respublikası İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini qazanaraq Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edilib.

Həmin tarixdən etibarən Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığı uğurla inkişaf etdirir. İndiyədək respublikamız QH-nin bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilən 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Zirvə görüşündən 30 il sonra Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edib. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş çatdırıb.

Ölkəmizin Hərəkata uğurlu sədrliyi

Qeyd etdiyimiz kimi, Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda özünü məsuliyyətli dövlət kimi təsdiqləyərək böyük nüfuz qazanıb. Bu baxımdan Qoşulmama Hərəkatı da istisna deyil. Azərbaycanın QH-da artan nüfuzunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin respublikamıza həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub.

2021-ci ildə isə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş ediblər. Azərbaycan da öz növbəsində bu təklifi qəbul edib. Nəticədə, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda baş tutan Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha bir il, yəni, 2023-cü ilə qədər uzadılması haqqında qərar veriblər. Bu qərar Hərəkat üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Bakıdan gələn fəal təşəbbüslər

Azərbaycan Qoşulmama Hərəkatına sədrliklə bağlı geniş gündəlik hazırlamışdı. Ancaq ölkəmizin QH-na sədrliyinin ilk mərhələsində dünya sərt sınaqla - yeni növ koronavirus pandemiyası ilə üz-üzə qaldı. Bu səbəbdən də Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin gündəliyini yeni qlobal çağırışlara uyğunlaşdırmaq məcburiyyətində qaldı. Həmin dönəmdə bir sıra ölkələrin özünə qapandığını və bunun daha təhlükəli fəsadlara yol açacağını nəzərə alan Prezident İlham Əliyev qlobal liderlik keyfiyyətləri nümayiş etdirdi. Dövlətimizin başçısı QH-nın Sədri statusunda qlobal təhlükə qarşısında beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə hesablanan təşəbbüs irəli sürdü. Bu təşəbbüs nəzərə alındı və 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu.  Xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH-nın sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi. 

Eyni zamanda, 2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı Hərəkata üzv dövlətlərin artıq təsisatlanma ideyası üzərində düşünmələrinin vacibliyini qeyd etmişdi. Bu istiqamətdə də Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi səmərəli addımlar ataraq önəmli nəticələr qazandı. Sədrliyimiz dövründə Hərəkatın parlament və gənclər şəbəkələri yaradıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olundu.

2021-ci ildə Prezident İlham Əliyev Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda postpandemiya dövrünün müzakirə edilməsi məqsədilə Hərəkata üzv ölkələrin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etdi. Beləliklə, 2023-cü il martın 2-də ölkəmizdə Qoşulmama Hərəkatının COVID-19-a cavab üzrə Təmas Qrupunun növbəti sammiti uğurla keçirildi. Burada mövzu artıq pandemiyadan sonrakı dünya idi. 

Azərbaycan neokolonializmə “yox” deyir

Azərbaycan, şəxsən Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatının sədri dönəmində, həmçinin  neokolonializmlə mübarizəyə geniş çəbhə açdı. Ölkəmiz neokolonializmə “yox” deyir. XXI əsrdə müstəmləkəçiliyin, sümürmə siyasətinin hər hansı bir təzahürünə yer olmamalıdır. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının Bakı Sammitdə vurğuladı ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Ancaq Fransa həmin ölkələrə yaxşı heç nə gətirməyib, əvəzində müstəmləkələrində utanverici izlər qoyub, burada hərbi cinayətlər törədib, yüz minlərlə insanın ölmünə rəvac verib.  Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır. 

Bu günlərdə Fransa, şəxsən prezident Emmanuel Makron Yeni Kaledoniyada kanak xalqının azadlıq mübarizəsini ən qəddar vasitələrlə yatırmağa çalışır. Çoxlu sayda ölənlər və yaralananlar var. Fransanın yeni yüzillikdə keçmişin qalığı olan müstəmləkəçiliyi daha qəddar formada davam etdirməsi, sümürmə siyasətindən əl çəkməməsi bu ölkə üçün üz qarasıdır. Azərbaycanın səyləri sayəsində yaradılan Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkə ərazilərində, o cümlədən də Yeni Kaledoniyada törətdiyi zorakılıq əməllərini qətiyyətlə pisləyərək azadlıq mübarizəsinə qalxan xalqlara dəstək verir.

QH-na üzv dövlətlərin Azərbaycana mənəvi-siyasi dəstəyi

Öz növbəsində Qoşulmama Hərəkatına üzvlük və sədrliyin Azərbaycana töhfələri də böyük olub.  2012-ci ildə respublikamızın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH-na üzv dövlətlərin dəstəyi də öz rolunu oynayıb. Azərbaycan həmçinin Qoşulmama Hərəkatından ölkəmizin həqiqətlərinin beynəlxalq birliyin diqqətinə çatdırılması üçün səmərəli bir platform kimi istifadə edir. İndiyədək ölkəmizin keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Hərəkatın sənədlərində daim dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycana siyasi dəstəyinin bariz nümunəsi olaraq isə Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olmalarını göstərmək mümkündür. Həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş qərəzli təşəbbüslərin qarşısı Hərəkata üzv dövlətlər tərəfindən alınıb. 

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

9 ayda 2,5 milyard manat

24 Oktyabr 11:10  

YAP xəbərləri

Analitik

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31